Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bilik Fondu İslam ölkələrinin Azərbaycandakı səfirləri ilə əməkdaşlığı genişləndirir

08 Mart 2017
 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İslam həmrəyliyi ili” çərçivəsində İslam ölkələrinin respublikamızdakı səfirlikləri və diplomatik nümayəndəlikləri ilə əməkdaşlığa başlayır.

Bu münasibətlə martın 6-da Bilik fondunun ilk qonağı Sudan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mohamed Elias Mohamed əl-Haq olub.

Bilik Fondunun icraçı direktoru Oktay Səmədov və fondun əməkdaşları ilə keçirilən görüşdə ölkələrin elmi müstəvidə bir-birini yaxından tanımaları mövzusunda fikir mübadiləsi aparılıb.

O.Səmədov Bilik fondunun fəaliyyəti barədə ətraflı məlumat verərək “Səfir saatı” klubunun üzvü olan səfirlər sırasında cənab Mohamed Elias Mohamed əl-Haqı da görmək istədiyini bildirib. Sudanın Azərbaycanda təhsil alan tələbələri ilə yerli tələbələr arasında bilik paylaşmasının vacibliyinə toxunan icraçı direktor İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində gənclərin sağlam düşüncə üzərində qurulan təbliğat-təşviqat işlərinə qoşulmalarının əhəmiyyətindən danışıb.

O.Səmədov Sudan səfirliyini fondun xüsusən “İl boyu bilik” proqramı, “Dünya elmi Azərbaycanda”, “Azərbaycan elmi dünyada”, “Qardaşlaşmış məktəblər” layihələrində iştiraka dəvət edib.

Sudanın Azərbaycandakı səfiri Mohamed Elias Mohamed əl-Haq dəvətə və əməkdaşlıq təklifinə görə minnətdarlığını bildirərək 3 il öncə etimadnaməsini təqdim edərkən Azərbaycan Prezidenti cənab İlham Əliyevin ona iki ölkə arasında elmi əlaqələrin genişləndirilməsi istiqamətində çalışmağı tövsiyə etdiyini deyib.

Hər iki ölkə haqqında dəqiq və hərtərəfli məlumatların bir-birinə ötürülməsi missiyasında Bilik fondunun böyük səy göstərəcəyinə əminliyini vurğulayan səfir fondun təcrübəsini Sudanda nümunə kimi təqdim edəcəyini söyləyib.

Martın 7-də isə Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Adil Embarş Bilik Fondunda olub. İcraçı direktor O.Səmədov qonağı fondun strukturu və həyata keçirdiyi layihələrlə tanış edərək “İslam həmrəyliyi ili” çərçivəsində səfirliklə əməkdaşlığın mümkün variantlarını təqdim edib.

Səfir Məhəmməd Adil Embarş səmimi qəbula görə təşəkkürünü bildirərək ölkələrimiz arasında ticari, iqtisadi və diplomatik əlaqələrin inkişafından danışıb. Azərbaycanda olduğu kimi, Mərakeş Krallığında da multikultural dəyərlərə yüksək qiymət verildiyini xatırladan səfir bildirib ki, əhalinin əksəriyyətinin müsəlman olduğu bu ölkədə başqa dinlərin nümayəndələrinə də bərabərhüquqlu münasibət göstərilir.

Səfirin sözlərinə görə, Mərakeş Krallığı başqalarının fikrinə hörmət etməklə qarşılıqlı anlayış üzərində qurulan dostluğun tərəfdarıdır. Bilik Fondunun fəaliyyətinə maraq göstərdiyini bildirən səfir hər iki ölkənin gənclərinin maarifləndirici layihələrdə birgə iştirakının xalqlar arasında münasibətlərin dərinləşməsinə, həmçinin İslam mədəniyyətinin dolğun təqdimatına zəmin yaradacağını vurğulayıb.

Hər iki səfir Bilik Fondunun xatirə kitabına ürək sözlərini yazıb.

 

“Azərbaycan”