Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gənclər gələcəyimizdirsə...

28 Fevral 2017
 

Çox vaxt televiziyanı evlərin çağırılmamış qonağı adlandırırlar. Hazırda ən kasıb ailənin də evində televizor - daimi “qonaq”ı var. Bəs, bu “qonaq” evimizə nə ilə gəlir - televiziya kanallarında hansı verilişlər yayımlanır, xalq ondan razıdırmı?

Biz zəngin tarixə, yüksək milli-mənəvi dəyərlərə, əsrlərin süzgəcindən keçib gələn gözəl adət-ənənələrə sahibik.  Amma təəssüf ki, bizim telekanallarda sanki mövzu qıtlığıdır. Bayağı verilişlər, təəssüf doğuran şoular, səviyyəsiz maqazin proqramları efiri, sözün həqiqi mənasında, inhisarda saxlayır. Axı kimə lazımdır filan müğənni ilə filan müğənni niyə dalaşdı, yaxud niyə barışdı?!. Bir də görürsən aparıcı abır-həya etmədən deyir ki, nəhayət filan xanım müğənni tezliklə dünyaya gətirəcəyi uşağın atasının kim olduğunu açıqlayacağına söz verib...

Başqa bir məsələyə də toxunmaq istəyirəm: məlumdur ki, həkimin işi insanların sağlamlığı keşiyində dayanmaqdır. Bir də görürsən ki, həkim çıxıb efirə, ətrafında da çoxlu xəstə. Bu xəstələr dil qəfəsə qoymadan başlayırlar həkimi tərifləməyə. Ay bacı, ay qardaş, həkimə minnətdarlıq etmək istəyirsənsə, get onun iş yerinə, bir dəstə güllə qapısını aç, ehtiramını bildir. Əlbəttə, belə edənlər də çoxdur. Yəqin bu səpkili verilişlər birbaşa həkimlərin reklamına hesablanır. Doğrudur, əli şəfqətli həkimlərin əməyi hər zaman alqışa layiqdir. Bununla belə, unutmayaq ki, həkim insanlara xidmət etməklə vəzifə borcunu yerinə yetirir və buna görə də heç kəsə minnət qoymaq lazım deyil.

   Yeri gəlmişkən, reklamlarla da bağlı iradım var. Məgər, pul xətrinə televiziya kanalı hər nə gəldi  reklam etməlidir? Bir tamaşaçı olaraq alkoqollu içki reklamının qəti əleyhinəyəm. Alkoqol aludəçiliyinin yarıda qoyduğu ömürlər, dağıtdığı ailələr, sərxoş adamların törətdikləri ağlasığmaz cinayətlər haqqında hər kəs yetərincə məlumatlıdır. Kimlərsə pul qazanacaq deyə belə məhsullar mütləq reklam olunmalıdırmı? Bununla nəyi təbliğ edirik?

Bir qədər ətraflı və dərindən düşünək: telekanallar ailəmizə nələr gətirir, cəmiyyətə nə vəd edir?  Efirdə səslənən fikirlər, göstərilən süjetlər gənc nəslin əxlaqına, tərbiyəsinə, mənəviyyatına nə verir? Gənclik gələcəyimizdir - deyirik. Elə isə, gəlin gələcəyimizə məsuliyyət və vicdanla yanaşaq: milli-mənəvi, bəşəri dəyərlər əsasında hazırlanan maarifləndirici, məlumatlandırıcı,  tərbiyəvi verilişlərə üstünlük verək.

 

Əlövsət MƏMMƏDOV,

Bərdə rayon sakini