Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Oqtay Əsədov: Xocalı soyqırımını törədən cinayətkarlar Azərbaycan xalqı qarşısında cavab verəcək

24 Fevral 2017
Xocalı soyqırımı xalqımızın ən böyük faciələrindən biridir. Bu faciə xalqımıza qarşı törədilmiş dəhşətli soyqırımı siyasətlərindən biridir. Bu siyasətin 200 ildən artıq yaşı var. Ötən əsrlərdən bəri erməni terrorçuları tərəfindən soydaşlarımıza qarşı dəhşətli soyqırımı cinayətləri törədilib. Milyonlarla soydaşımız öz yurd-yuvasından qovulub, deportasiya edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Xocalı soyqırımının 25 illiyinə həsr edilən plenar iclasda Milli Məclisin sədri Oqtay Əsədov deyib.

Oqtay Əsədov bildirib ki, Azərbaycan dövləti Xocalı soyqırımının dünya miqyasında tanınması üçün mühüm işlər görür. Bu işlərin həyata keçirilməsində Milli Məclisin də böyük rolu olub. Bunun nəticəsidir ki, onlarla ölkənin parlamentində Xocalı soyqırımı tanınıb, bu haqda müvafiq qərarlar qəbul edilib. Deputatlarımız bütün beynəlxalq tədbirlərdə Azərbaycan həqiqətlərini, o cümlədən Xocalı soyqırımını gündəmə gətirirlər.

“Milli Məclis Xocalı soyqırımının 25 illiyinə həsr olunan yazılı materiallar hazırlayıb. Azərbaycan xalqı bu cür faciələri heç zaman unutmayacaq. Bu vəhşilikləri törədən cinayətkarlar Azərbaycan xalqı qarşısında cavab verəcək. Azərbaycan Prezidenti bu istiqamətdə qətiyyətli siyasət yürüdür. Hər birimiz əminik ki, işğal altında olan hər bir qarış torpağımız tezliklə azad olunacaq”, - deyə Oqtay Əsədov qeyd edib.