Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Hərbi Prokurorluqda Prezident İlham Əliyevin Sərəncamından irəli gələn məsələlər müzakirə olunub

17 Fevral 2017
Fevralın 17-də Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin (DSX) və Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının müvafiq qurumlarının rəhbərlərinin iştirakı ilə Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamından irəli gələn məsələlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini-hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev bu Sərəncamın ulu öndər Heydər Əliyev tərəfindən başlanan və Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən müstəqil dövlət və hüquq siyasətinin yeni mərhələsinin əsasını qoyduğunu bildirib. Qeyd edilib ki, Sərəncam bir tərəfdən cəmiyyət üçün böyük ictimai təhlükə törətməyən, xüsusilə iqtisadi fəaliyyət sahəsində törədilən cinayətlərin dekriminallaşdırılmasını, habelə ağır olmayan cinayətlərin törədilməsinə görə həbsin alternativ məcburiyyət tədbirləri ilə əvəz edilməsini, Cinayət Məcəlləsinin xüsusi hissəsinin bir sıra maddələrinin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsini, azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsini nəzərdə tutmaqla, ümumilikdə, cəza siyasətinin humanistləşdirilməsi məqsədini daşıyır.

Diqqətə çatdırılıb ki, 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquq islahatlarının bir qayda olaraq ölkədə vətəndaş cəmiyyətinin formalaşdırılması və insan hüquqlarının daha da təkmilləşdirilməsi istiqamətində aparılması nəticəsində cəmiyyətdə əmin-amanlığın hökm sürməsi, ictimai-asayişin qorunması və respublikanın kriminogen durumunun stabilliyinə görə dünya dövlətləri arasında ön sıralarda olmasının nəticəsidir ki, Sərəncam məhz indiki dövrdə imzalanıb.

Sərəncamda penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin təkmilləşdirilməsi, ictimai işlər və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan digər cəzaların icrasının effektivliyini və səmərəliliyini təmin etmək məqsədi ilə Ədliyyə Nazirliyinin Probasiya xidmətinin yaradılması, cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı elektron nəzarət vasitələrindən istifadə edilməsi, məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyətinin təmin olunması, eləcə də cəmiyyətdən təcrid edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur.

Bütün bunlar bir daha respublika Prezidentinin fəaliyyətinin əsas qayəsini Azərbaycan vətəndaşının hüquq və azadlıqlarının təşkil etdiyini təsdiqləyir.

Sərəncamda prokurorluq orqanlarına istintaq dövründə təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsinə ciddi yanaşılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə müstəsna hallarda həbs qətimkan tədbirinin seçilməsi və digər mühüm tapşırıqlar verilib.

Bu Sərəncamın imzalanması Prezidentin ölkə vətəndaşlarına olan humanist münasibətini bir daha təsdiq edir.

Sərəncamın icrasının təşkili üzrə Respublika Hərbi Prokurorluğu üzrə verilmiş 2017-ci il 14 fevral tarixli Sərəncamla prokurorluğun təcrübəli əməkdaşlarından ibarət komissiya yaradılıb və verilən tapşırıqların vaxtında, mütəşəkkil və dürüst icrası ilə bağlı konkret tədbirlər müəyyənləşdirilməklə komissiyaya rəhbərlik Respublika Hərbi prokurorunun müavini Rasim Kazımova həvalə edilib. Hərbi prokurorluğun rəhbərliyinin tapşırığına əsasən, həm Mərkəzi Aparatın idarə və şöbələrinin, həm də ərazi hərbi prokurorluqlarının əməkdaşları tərəfindən cinayət, cinayət-prosessual qanunvericiliyinə əlavə və dəyişikliklərin edilməsi, həmçinin Cinayət Məcəlləsinin xüsusi hissəsində təsbit olunmuş bir sıra cinayət əməllərinin dekriminallaşdırılması, onların sanksiyalarının yüngülləşdirilməsi, həmçinin Baş prokuror və hərbi prokuror tərəfindən verilmiş sahəvi və sahədaxili əmr, Sərəncam və göstərişlərin dövlətimizin başçısının Sərəncamına uyğunlaşdırılması istiqamətində əlavə və dəyişikliklər edilməsinə dair layihələrin ilkin variantları hazırlanaraq komissiyaya təqdim olunub və keçirilmiş iclaslarında müzakirə edilib.

Müşavirədə çıxış edən respublika hərbi prokurorunun müavini Şəfahət İmranov, respublika hərbi prokurorunun müavini - komissiyanın sədri Rasim Kazımov və sədr müavini - prokurorluğun dövlət ittihamı üzrə şöbəsinin rəisi Aydın Ələsgərov da çıxışlarında dövlət başçısı tərəfindən imzalanmış Sərəncamın cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini nəzərdə tutmaqla, növbəti islahatların həyata keçirilməsinə mühüm təkan verəcəyini qeyd ediblər. Hərbi prokurorun köməkçisi Pərviz Hacıyev Probasiya xidməti, anlayışı və məqsədləri, elektron nəzarət vasitələri və onların tətbiqi şərtləri barədə müşavirə iştirakçılarının qarşısında qısa məruzə ilə çıxış edib.

Müşavirədə, həmçinin Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Rauf Kişiyev, DSX-nin əməkdaşı polkovnik Azər İbrahimov və DİN-in Daxili Qoşunlarının əməkdaşı polkovnik Mətləb Qənbərov çıxış ediblər.

Daha sonra dövlət başçısının müvafiq Sərəncamının icrası ilə bağlı Cinayət, Cinayət-prosessual məcəllələrə əlavə və dəyişikliklərin edilməsinə dair ilkin təkliflər müşavirə iştirakçıları tərəfindən müzakirə olunub. Cinayət-prosessual məcəlləsinə əlavə və dəyişikliklər müzakirə olunarkən həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən, ilk növbədə, digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünün araşdırılması, böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatlara müstəsna hallarda və həbsin tətbiq edilməsinə dair cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduqda verilməsi üçün tədbirlər görülməsinə dair tapşırıqlar verilib.

Müşavirəni yekunlaşdıran hərbi prokuror Xanlar Vəliyev dövlət başçısının verdiyi tapşırıqların vaxtında və keyfiyyətlə icrasını təmin etmək üçün rəy və təkliflərin yekun layihəsinin hazırlanaraq, qısa müddətdə komissiyaya təqdim olunması barədə konkret göstərişlər verib.