Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Arif Rəhimov: Şəhərimizin və ölkəmizin təqdimatı “Formula-1” Azərbaycan Qran-prisinin nüfuzunu artırıb

15 Fevral 2017
Bakıda keçirilən ilk “Formula-1” yarışının televiziyada təqdimatı, şəhərimizi və ölkəmizi necə təqdim etməyimiz bu nüfuzlu beynəlxalq yarışların təqvimində bizim yürüşün nüfuzunun artmasına təsir göstərib.

AZƏRTAC xəbər verir ki, bunu “Formula-1” Azərbaycan Qran-prisinin promouteri Arif Rəhimov fevralın 15-də “Formula-1” yarışlarına həsr olunmuş Bakı-Moskva-Astana-Tbilisi videokörpüsü zamanı bəyan edib.

A.Rəhimov qeyd edib ki, “Formula-1” yarışlarının 2017-ci il təqviminə görə, Bakı küçələrində yürüşün tarixi bir həftə qabağa çəkilib. Yəni “Formula-1” iyunun 23-25-də keçiriləcək. Bu, 24 saatlıq “Le-Man” marafonu ilə eyni vaxtda keçirilmənin qarşısını alacaq. Bundan əlavə, Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən elan edilmiş təqvimin səkkizinci mərhələsinin adı dəyişdirilərək, rəsmi olaraq “Formula-1” Azərbaycan Qran-prisi adlandırılıb.

Promouter deyib: “Biz “Formula-1” Avropa Qran-prisinin ölkəmizdə keçirilən mərhələsinin adını dəyişdirərək, “Formula-1” Azərbaycan Qran-prisi adlandırmaqla, bu yarışın məhz Azərbaycanda keçirilməsi barədə insanlara mesaj göndəririk. Əvvəlcə özümüzü Avropa ölkəsi kimi təqdim etmək ideyası vardı, sonradan dəqiqləşdirmək istədik ki, bu Avropa ölkəsi Azərbaycandır və o, xəritədə məhz bu nöqtədə yerləşir. Düşünürəm ki, müvəffəqiyyət əldə etmişik və bundan sonra da bu istiqamətdə irəliləyəcəyik”.