Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Həftənin sonuna qədər hava şəraitində kəskin dəyişiklik gözlənilmir

11 Yanvar 2017
Yeni ilin əvvəlindən bəri rekord səviyyədə qeyri-adi şaxtalar praktiki olaraq bütün Avropanı bürüyüb. Skandinaviyadan gələn soyuq hava Köhnə dünyanın həm şimal, həm də cənub ölkələrini əhatə edib. Güclü soyuqlar Azərbaycanla qonşu Türkiyə və Rusiyaya da yayılıb. Yanvarın 15-dək olan proqnoza görə, Azərbaycan soyuq hava kütləsinin təsirinə məruz qalmayacaq.

Bu barədə AZƏRTAC-a məxsusi müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru vəzifəsini icra edən Gülşad Məmmədova deyib.

Nazirliyin nümayəndəsi qeyd edib ki, çoxillik statistik meteoroloji məlumatların təhlilinin yekununa əsasən ilin bu fəslində havanın temperaturunun iqlim normasının həddində olması gözlənilir. Bakıda duman, çiskin yağış gözlənilir, şimal-qərb küləyi əsəcək. Yanvarın 15-dək Bakıda və Abşeron yarımadasında havanın orta temperaturu 7-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, yerlərdə duman və çiskin yağış gözlənilir. Havanın temperaturunun 7-12 dərəcə, dağlıq ərazilərdə 2-7 dərəcə isti olacağı gözlənilir.