Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İranın sabiq Prezidentinin xatirəsi bu ölkənin Azərbaycandakı səfirliyində yad edilir

10 Yanvar 2017
İran İslam Respublikasının sabiq Prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin xatirəsinin yad olunması ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.

AZƏRTAC xəbər verir ki, rəsmi şəxslər, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun, ictimaiyyətin nümayəndələri səfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazırlar.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə jurnalistlərə müsahibəsində deyib ki, mərhum Əli Əkbər Haşimi Rəfsəncaninin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə çox yaxşı münasibətləri olub. İranın sabiq Prezidenti regionda sülhün və sabitliyin bərqərar olunması üçün çox səylər göstərib.

Cavad Cahangirzadə qeyd edib ki, sabiq Prezidentin vəfatı ilə əlaqədar Azərbaycan nümayəndə heyəti İrana səfər edəcək.

Səfir Azərbaycan-İran münasibətlərinin gündən-günə inkişaf etdiyini vurğulayaraq deyib: “Biz qardaş ölkələr olaraq hər zaman bir-birimizin yanındayıq, dərdimizə şərikik. Bu qardaşlığın hər zaman inkişaf etməsini istəyirik”.