Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Siqaret tüstüsündə boğulanlar

06 Yanvar 2017
 

Siqaret təkcə yaradıcılığa, beyin hüceyrələrinə yox, fiziki və psixoloji amillərə də təsir edir. Mütəxəssislər siqaretin ziyanlı cəhətlərini sadalayanda konkret faktlara istinad ediblər. Sübut olunub ki, siqaret aludələri ömürlərini qısaltmaqla bərabər mənalı vaxtlarını da itirirlər. Belə bir hesablama aparıblar ki, siqaret çəkənlər ildə ən azı 10-15 sutka izafi zaman itkisinə yol verirlər. Əgər hər bir siqaret aludəsi orta hesabla gündə 20 siqaret çəkirsə, hər siqaretə 3 dəqiqə vaxt ayırırsa, gündə 1 saat, ildə 365 saat vaxt itirilir. O ki qaldı siqaretin tərkibinə, onun orqanizmə ziyanı daha böyükdür. Tibb alimləri həyəcan təbili çalmaqla bu ziyanlı vərdişin ciddi fəsadlar yaratdığını bəyan etsələr də, vəziyyət o qədər də tənzimlənmir. Hətta yerli-yersiz siqareti reklam edən işbazlar da tapılır. Onlar üçün bircə meyar var: təki nəzərdə tutduqları gəliri qazansınlar. Adamların səhhəti, sağlamlığı belə işbazlar üçün o qədər də maraqlı deyil. Aparılan tibbi araşdırmalar sübut edib ki, siqaretin tərkibində dörd mindən çox zəhərli maddə var. Bu maddələrin böyük bir qismi açıq və ya gizli yollarla xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Tütünün tərkibindəki nikotin birbaşa sinirlərə təsir edir, ürək və qan-damar sistemində ciddi gərginlik yaradır, həmçinin ürəkdə sıxılmalar əmələ gətirir. Vaxt, zaman keçdikcə bu ağrılar daha da kəskinləşir, siqaret aludələrini ciddi bəlalarla üz-üzə qoyur. Başqa sözlə, ürəyin oksigen ehtiyacına ciddi zərbə dəyir, zəhərli maddələr daxildə gizli fəsadlar yaradır. 

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, ötən əsrdə yüz milyondan çox adam bu zərərli vərdişin qurbanı olub. Dünyada siqaretdən ən çox istifadə edən ölkələrin siyahısı da açıqlanıb. Bu ölkələr arasında Çin, Hindistan, Braziliya, Almaniya, Türkiyə siyahının öncülləri sayılır. Hələ ki Azərbaycanın adı bu siyahıya düşməsə də, bəzi problemlər ciddi narahatlıq doğurur. Aparılan müşahidələr göstərir ki, siqaret çəkən qadınların sayı durmadan artmaqdadır. Əgər bu cəhət bir vaxtlar Avropa ölkələrində daha çox yayılmışdısa, bu gün ölkəmizdə də qadınların siqaretə meyilliyi nisbətən çoxalıb. Bunun qarşısını almaq üçün əks-təbliğat mexanizmi nə qədər güclənsə də, hələ ki yüksək nəticələrə nail olmamışıq. Azərbaycan ictimaiyyəti bu kütləvi bəlaya qarşı mübarizəni gücləndirib, qanunda bəzi dəyişikliklər edilib ki, ictimai yerlərdə siqaret çəkənlər cərimələnsin. Doğrudur, bütün bunlar praktiki həllini tapmasa da, ictimai qınaq kimi dəyəri böyükdür.
Mütəxəssislər yekdilliklə bildirirlər ki, siqaretə qadağalarla bağlı Türkiyə təcrübəsindən faydalanmalıyıq. Türkiyədə kütləvi yerlərdə, hətta taksilərdə də siqaretin qadağası və cəriməsi barədə bildirişlər var. Tez-tez belə bir elan nəzəri cəlb edir: “Siqaret çəkmək olmaz, əks təqdirdə cərimə olunacaqsan”. Əlbəttə, belə tədbirlər uğurlu nəticələrə gətirib çıxarır. Bundan əlavə, inkişaf etmiş Avropa ölkələrində tütünün ziyanı barədə ciddi reklamlar var. Amma bu vərdişin daşıyıcıları o qədər çoxalıb ki, onları bu yoldan çəkindirmək xeyli çətinləşib.
Siqaretin ekoloji mühitə təsirindən də çox danışılır. Amma hələ də sözün təsiri və kəsəri o qədər də ciddi nəticələr vermir. Ona görə də bu ziyanlı vərdişə qarşı ciddi inzibati tədbirlər görülməli, vəziyyətin tənzimlənməsinə təsir edəcək qanunlar hazırlanmalıdır. Son vaxtlar Milli Məclisdə aparılan ciddi müzakirələr bir daha sübut etdi ki, bu vacib məsələni dövlət daimi nəzarətdə saxlayır. Deputatlar bu mövzunu müzakirə edərkən belə bir qənaətə gəldilər ki, gərək siqaret istehsalçılarına da əhəmiyyətli dərəcədə təsir edə bilək. Qanunların təsir mexanizmi o qədər güclənməlidir ki, siqaret istehsalçıları cəmiyyəti öz inhisarında saxlaya bilməsin. Reklamlar, bəzəkli qutular adamlarda siqaret aludəliyinə meyil yaratmasın. Aparılan tədqiqatlar sübut edib ki, bir nəfərin çəkdiyi siqaret tüstüsündə 300 milyon zəhərli dənəcik var. Kliniki araşdırmalar nəticəsində məlum olub ki, siqaret çəkənin dərisi çəkməyənin dərisindən daha tez qocalır. Müqayisə ediblər ki, 40 yaşlı siqaret çəkən bir insanın dərisi 70 yaşlı siqaret çəkməyən insanın dərisi ilə eyni strukturda olur. Bundan əlavə, hər bir siqaret çəkənin görmə qabiliyyətini itirmə riski də dəfələrlə çoxalır.
Həkimlərin müşahidələrinə görə, ayaq damarlarının tutulması da siqaret aludələrində daha tez-tez müşahidə olunur. Zəhərli maddələrin təsirindən qan dövranının pozulması daha ciddi fəsadlara gətirib çıxarır. Məsələn, Rusiya Federasiyasında aparılan müşahidələr sübut edib ki, ildə 20 min siqaret düşkününün ayaqlarında əməliyyat aparılır. Əgər dünyada siqaretin ziyanı ilə bağlı aparılan müşahidələrə diqqət yetirsək, faktlar daha acınacaqlıdır. Siqaretin sağlamlığa ziyanını dönə-dönə bəyan etsələr də, nəticə o qədər də dəyişmir. Belə bir faktı qabardırlar ki, hər il dünyada siqaretin səbəbkar olduğu xəstəliklərdən 5 milyon insan dünyasını dəyişir. Bütün bunlar sübut edir ki, siqaret aludələrinə qarşı həyəcan təbili çalmağın vaxtıdır. Bir də ki, siqaret sağlamlığımızla bərabər büdcəmizi də zədələyir. Bu izafi xərcləri dəqiq hesablamasalar da, siqaretə xərclənən pulla daha faydalı işlər görməyin vacib olduğunu dəfələrlə bəyan ediblər. Bu zərərli vərdişdən imtina etməyin sirrini kənarda axtarmayaq. Bunun üçün hər kəsdən ciddi iradə, dözüm və cəsarət tələb olunur. Özümüzü belə əsəblərdən qoruyaq, psixoloji tarazlığımızı itirməyək. Bir halda ki siqaret həm sağlamlığımıza, həm də büdcəmizə əməlli-başlı təsir edir, deməli, bu vərdişdən biryolluq uzaqlaşmalıyıq.

Bəşir ŞƏRİFLİ,
“Azərbaycan”