Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bilik Fondunda görkəmli alimin 80 illik yubileyi qeyd olunub

22 Dekabr 2016
Dekabrın 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda texnika elmləri doktoru, Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli professor Kamal Abdullayevin 80 illik yubileyinə həsr olunan görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov alimin səmərəli elmi fəaliyyətindən danışıb. Bildirilib ki, K.Abdullayev 300-dən çox elmi əsərin, xarici ölkələrdə çap olunmuş altı monoqrafiyanın, istilik energetikasına dair Azərbaycan dilində ilk dəfə çapdan çıxmış altı dərsliyin, 20-dən artıq elmi ixtiranın müəllifidir. Onun rəhbərliyi ilə 50-dən çox namizədlik, altı doktorluq dissertasiyası müdafiə olunub. K.Abdullayev dünya miqyasında ilk dəfə olaraq istilik energetikasında şəhərin çirkli sularının şirin suyun əvəzinə istifadə edilməsi probleminin həllinin əsasını qoyub və qısa müddətdə bu sahədə çox vacib elmi nəticələrə imza atıb.

Tədbirdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm, dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev alimin yüksək insani keyfiyyətlərindən, elmi fəaliyyətindən söz açıb. Bildirilib ki, mədəni və elmi səviyyəsi ilə seçilən K.Abdullayev azərbaycançılıq ideologiyasına birmənalı sədaqət nümunəsi göstərir. Onun intellekti, möhkəm əqidəli vətəndaş mövqeyi bu zəmində püxtələşib, mətinləşib, Vətənə, xalqa sədaqətlə xidmət etmək amalına çevrilib.