Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Beynəlxalq Avtovağzal Kompleksində hökm sürən özbaşınalığa nə vaxt son qoyulacaq

18 Dekabr 2016
 

Şəxsi işimlə əlaqədar  vaxtaşırı  Bakıya getməli oluram. Geri dönərkən də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin xidmətindən istifadə edirəm.

Təəssüf ki, beynəlxalq statuslu bu obyektdə vəziyyət heç də ürəkaçan, üzüağlıqla qonaq-qara yola salmaq və ya qarşılamaq üçün yetərli səviyyədə deyil. Avtovağzal ərazisinə giriş pullu olduğundan əksər  minik avtomobillərinin sürücüləri kompleksin nəhəng avtodayanacağından istifadə etmək əvəzinə ətrafda, bəzən qadağan olunmuş yerlərdə dayanmağa üstünlük verirlər.  Bunun da nə ilə nəticələndiyini o həndəvərdən keçənlər yaxşı bilirlər...

Mən adətən kassadan bilet almağa çalışsam da, sərnişinlərin əksəriyyəti  bu kassaların yerini belə tanımır  -  çünki “bilet satışı” birbaşa perronda, avtobusların yanında sürücülər tərəfindən aparılır. Özü də rəsmi qiymətdən baha, sürücülərin nəfinə olmaqla yuvarlaq formada. Bayram və tətil günlərində isə qiymətlər süni şəkildə bir qədər də qaldırılır. Daxili reyslərdə istismar olunan avtobusların əksəriyyəti çox köhnədir. Görünür elə buna görədir ki, bəzən perronda belə sürücülər motoru işlək vəziyyətdə saxlayırlar. Bu səbəbdən üstüörtülü sahədə, avtobusun ətrafında tüstüdən nəfəs almaq olmur. Avtobus yerindən tərpənənə, eləcə də avtovağzalın ərazisindən çıxana qədər  səyyar satıcılar sərnişinlərə rahatlıq, dinclik  vermirlər. Avtobusun içində nələr təklif edilmir - ərzaq, yeyinti məhsullarından tutmuş geyim, suvenir əşyalarına qədər, hətta tikiş maşını belə satılır. Anlamaq olmur bu kompleks avtovağzaldır, yoxsa ticarət mərkəzi, bazar?!. Perrona çıxış elə “tənzimlənib” ki, sərnişinlər əsasən  ticarət zonasının içindən keçmək məcburiyyətində qalırlar. 

Avtobus qrafiklə nəzərdə tutulduğu vaxtda yerindən tərpənsə də, kompleksdə ən azı daha  15-20   dəqiqə yubanır. Hər kəs yerbəyer olduqdan sonra çıxışdan öncə bir “məntəqə”də dayanan sürücülər,  görünür, orada  vağzalla özlərinin satdıqları biletlərin “haqq-hesab”ını aparırlar.   Kassadan kənar bilet satışını təşkil edənlərin nə niyyət güddüklərini söyləməkdə çətinlik çəksək də, birmənalı olaraq deyə bilərik ki, bu qanunsuzdur. Kompleksin avtovağzaldan daha çox kolxoz bazarını xatırlatması, xidmətin təşkilinin aşağı səviyyədə olması da onun beynəlxalq statusu ilə daban-dabana ziddir. 

Hörmətli redaksiya!

Maraqlıdır, Bakı Beynəlxalq Avtovağzal Kompleksindəki bu özbaşınalığı oranın rəhbərliyi, yaxud əlaqədar orqan nümayəndələri  görmürlər? Əgər görürlərsə, niyə buna əncam çəkmirlər?

 

Anar VERDİYEV,

Goranboy rayon sakini