Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisdə uşaqlar üçün effektiv qanunvericilik məsələsi müzakirə edilib

15 Dekabr 2016
Dekabrın 15-də Milli Məclisin və UNİCEF-in Azərbaycan Nümayəndəliyi ilə birgə “Uşaqlar üçün effektiv qanunvericilik: Milli Məclis UNİCEF əməkdaşlığı” mövzusunda tədbir keçirildi. Mərasimdə Azərbaycanda uşaq hüquqlarının müdafiəsi, eləcə də UNİCEF-lə əməkdaşlıq perpektivləri müzakirə edildi.

Milli Məclisin Sədr müavini, İnsan hüquqları komitəsinin sədri, ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova giriş nitqində bildirdi ki, Azərbaycan uşaq hüquqlarının müdafiəsi sahəsində yerli və beynəlxalq öhdəlikləri yerinə yetirir. Bu istiqamətdə UNİCEF-lə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Ölkəmiz müstəqilliyinin ilk illərindən bu təşkilatla əməkdaşlığa başlayıb və birgə fəaliyyət proqramı üzərində işləyib. Azərbaycan UNİCEF-in fəaliyyətini tənzimləyən beynəlxalq proqramlara qoşulub. Uşaqların beynəlxalq müdafiəsində UNİCEF müstəsna əhəmiyyətə malikdir. Bu baxımdan, Azərbaycanın da bu təşkilatla birgə səmərəli işləməsi özünün uğurlu nəticəsini göstərir.

Tədbirdə iştirak edən UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin də Azərbaycanın UNİCEF-lə uğurlu əməkdaşlığından bəhs etdi. O, uşaq hüquqlarının müdafiəsi sahəsində ölkəmizdə görülən tədbirləri müsbət qiymətləndirdi. Eyni zamanda, gələcəkdə daha yaxşı nəticələr əldə etmək üçün bir sıra təkliflər səsləndirdi. Onun sözlərinə görə, qanazlığı və ya anemiya təəssüflər olsun ki, hazırkı dövrün ən geniş yayılmış tibbi problemləri sırasındadır. Məlumata görə, bəzi insanlar dəmir çatışmazlığından əziyyət çəkir. Ona görə də bu vəziyyətdən çıxış yolları üzərində çalışmalıyıq. Bundan başqa, valideynlərin uşaqlarını atması və ya uşaq evlərinə verməsi hallarına qarşı effektiv tədbirlər görülməlidir. UNİCEF nümayəndəsi uşaq cinayətlərinə qarşı cəzaların yüngülləşdirilməsi məsələsinə də toxundu. Qeyd etdi ki, ağır cinayət hadisəsi törətmiş uşaqların maksimum cəza müddətini 10 ildən 8 ilə salmaq olar. Həmçinin, gənclərə investisiya yatırmaqla insan kapitalını daha da möhkəmləndirmək mümkündür. E.Karvardin uşaq hüquqlarının müdafiəsi sahəsində UNİCEF-in Azərbaycana hər zaman dəstək göstərməyə hazır olduğunu bildirdi.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli dedi ki, uşaq hüquqlarının müdafiəsi ilə bağlı bugünədək Azərbaycanda 35 qanun qəbul edilib, 100-dən çox qanuna isə əlavə və dəyişikliklər olunub. Komitə sədri vurğuladı ki, Azərbaycan hökuməti uşaqların müdafiəsi sahəsində çox ciddi tədbirlər görür. Onların səmərəli fəaliyyəti, təlim-tərbiyəsi üçün müxtəlif tədris mərkəzləri, idman kompleksləri tikilir.

Tədbirdə uşaqlar haqqında film nümayiş olundu. Sonra Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞ PA-nın sosial məsələlər komitəsinin uşaqlar üzrə baş məruzəçisi Sevinc Fəfəliyeva Azərbaycanın Avropa Şurası çərçivəsindəki fəaliyyəti haqqında danışdı. Onun sözlərinə görə, 2010-cu ildə Avropa Şurası tərəfindən Lanzarote konvensiyası imzalanıb. Bu konvensiyanın davamı olaraq uşaqlara qarşı cinsi zorakılıqla mübarizə proqramı həyata keçirilir. Bu proqram şəbəkə qismində reallaşır. “Hər beş uşaqdan biri” kampaniyası bu proqramın tərkib hissəsi kimi fəaliyyət göstərir. Bu illər ərzində 31 ölkə bu proqramı ratifikasiya edib. Bugünədək şəbəkənin 27 iclası keçirilib.

S.Fətəliyeva dedi ki, 2015-ci ildən Avropa Şurası Nazirlər Kabineti tərəfindən 18 noyabr - Uşaqların cinsi istismardan və zorakılıqdan müdafiəsi günü kimi qəbul edilib. Artıq iki ildir bu gün bütün Avropa Şurasına üzv dövlətlərdə, eləcə də Azərbaycanda qeyd olunur.  Onun sözlərinə görə, uşaqların təhlükəsiz internetdən istifadəsi də qanunvericilikdə öz əksini tapmalıdır. Diqqətə çatdırıldı ki, Azərbaycan parlamentində artıq bununla bağlı qanun layihəsi hazırlanır.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Milli Məclisin AŞ PA-dakı nümayəndə  heyətinin üzvü Vüsal Hüseynov isə bildirdi ki, uşaqların hüquqlarının müdafiəsi və onun təmin edilməsi istiqamətində görülən işlərə baxsaq, həm qanunvericiliyin təkmilləşdirilməsi, həm preventiv, maarifləndirici tədbirlər kimi davamlı yanaşmanın mövcud olduğunu görərik. Qeyd edilib ki, parlamentdə bu istiqamətdə tədbirlərin keçirilməsi bu məsələyə olan diqqətin göstəricisidir. Uşaqlarla bağlı qanunvericilik, onların sosial müdafiəsi, təminatı hər bir dövlət üçün strateji məsələdir. Onlara qarşı bugünkü qayğı sabaha olan keyfiyyətli insan kapitalıdır, cinayətkarlığın azaldılması və sağlam cəmiyyət deməkdir.

Qanunvericilikdə görülən işlər barədə məlumat verən deputat bildirdi ki, bu isitiqamətdə yüzlərlə qanun təkmilləşdirilib. Bunlara Əmək Məcəlləsinə olan dəyişikliklər, yetkinlik yaşına çatmayanların işə qəbulu, istirahət  hüququ, iş vaxtının müddəti ilə bağlı, Ailə Məcəlləsində uşaqların valideynlərə və valideynlərin uşaqlara münasibəti və vəzifələri haqqında, gənclər haqqında xüsusi bir qanunun qəbulunu misal göstərmək olar. Eyni zamanda, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” qanun da təsdiq edilib.

Tədbirdə iştirak edən bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri mövzu ətrafında fikirlərini bildirdilər.

 

Elgün MƏNSİMOV,

Ağaəli MƏMMƏDOV (foto),

“Azərbaycan”