Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İsmayıllı, Qəbələ və Şəmkir məktəbləri arasında qardaşlaşma sazişi imzalanıb

15 Dekabr 2016
 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “İl boyu bilik” proqramı çərçivəsində “Qardaşlaşmış məktəblər” layihəsini davam etdirir. Bu günə qədər 47 məktəbin qoşulduğu layihəyə daha 3 məktəb əlavə olunub. Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan olunduğunu nəzərə alaraq, bu dəfə “Qardaşlaşma sazişi” müxtəlif xalqların nümayəndələrinin təhsil aldıqları məktəblər arasında imzalanıb. İmzalanma mərasimi ulu öndər Heydər Əliyevin anım günü ərəfəsində - dekabrın 10-da Şəmkir şəhərində təşkil edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə gerçəkləşən “Ölkəmizi tanıyaq” layihəsinin davamı olan “Qardaşlaşmış məktəblər” layihəsi İsmayıllı rayonu Hacıhətəmli kənd tam orta məktəbi, Qəbələ şəhər Nicat Atayev adına 4 nömrəli tam orta məktəbi və Şəmkir şəhər Əhməd Cavad adına tam orta məktəbi şagirdlərinin iştirakı ilə həyata keçirilib. Məktəblilər qardaşlaşma sazişinə Şəmkir Heydər Əliyev Mərkəzində imza atıblar. İsmayıllı məktəbini hapıtlar, Qəbələ məktəbini ləzgilər, Şəmkir məktəbini Azərbaycan türkləri təmsil edib.

Məktəblilərə layihənin əhəmiyyəti haqqında məlumat verilib. Bildirilib ki, Bilik Fondu tərəfindən reallaşdırılan “Qardaşlaşmış məktəblər” layihəsinin geniş perspektivi var. Məktəblilər ölkəmizi daha yaxından tanıyıb sevəcəklər. Şagirdlərin seçmiş olduqları liderlərin və məktəb direktorlarının imzaladığı müqavilədə bir sıra öhdəliklər götürülür. Pedaqoji və şagird kollektivləri arasında əlaqələr davamlı olacaq, məktəblərdə xüsusi qardaşlıq guşəsi yaradılacaq, ilboyu birgə təcrübə və informasiya mübadiləsi aparılacaq.

 “Qardaşlaşmış məktəblər” layihəsi müxtəlif bölgələrdən olan məktəblilər arasında “bilik körpüsü”nün yaradılmasına, şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsinə və dünyagörüşlərinin genişləndirilməsinə, istedadlı gənclərin aşkarlanmasına şərait yaradacaq.

Proqrama uyğun olaraq, qardaşlaşan məktəblilərin Şəmkir şəhərində ekskursiyası təşkil olunub. Onlar Şəmkir şəhərində yerləşən Kirxaya gediblər. Burada məktəblilərə məlumat verilib ki, kilsə 19-cu əsrdə Şəmkir şəhərində məskunlaşmış almanlar tərəfindən inşa edilib. Lüteran kilsəsi almanların vaxtında 32 il kilsə, daha sonra isə mədəniyyət və müəllimlər evi, eləcə də tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərib. Burada Azərbaycanda çox nadir rast gəlinən musiqi aləti arqan da var. Almanların vaxtında bu alətdən dini mərasimlər keçirilən zaman istifadə olunub. Kilsənin ətrafında olan park da abidənin ümumi dizaynına uyğun olaraq salınıb. Lüteran alman kilsəsi Nazirlər Kabinetinin sərəncamı ilə qeydiyyata alınıb və bu tarixi bina dövlət tərəfindən qorunur.

Məktəblilərin Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla da görüşü olub. Görüş zamanı İsmayıllı və Qəbələ məktəblilərinə rayonun sosial-iqtisadi inkişafı, turizm potensialı və gəzməli-görməli yerləri haqqında məlumat verilib.

Qeyd edək ki, layihənin iştirakçıları Bilik Fondu, Azərbaycan Universiteti və “Hədəf” kurslarının birgə təşkilatçılığı ilə dekabrın 11-də Şəmkir Heydər Əliyev Mərkəzində keçiriləcək “Fənlərin dostluğu Olimpiadası”na da qatılacaqlar.

Qonaq şagirdlər Şəmkirdə qardaşlaşdıqları məktəblilərin evlərində qalıblar.

 

“Azərbaycan”