Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İnternetdə böhtan və təhqiretmə hallarına görə cəzalar sərtləşdirilir

03 Dekabr 2016
 

Çingiz QƏNİZADƏ: “Cinayət Məcəlləsinə edilən dəyişiklik vəzifəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının hüquqlarının qorunmasına xidmət edəcək”

 

Noyabrın 29-da Milli Məclisdə Cinayət və Cinayət-Prosessual Məcəllələrinə əlavə və dəyişikliklər edildi. Dəyişikliklərə əsasən, internet texnologiyalarının inkişaf etdiyi hazırkı dövrdə hər bir Azərbaycan vətəndaşının, xüsusilə də Azərbaycan Prezidentinin şərəf və ləyaqətinin qorunması tənzimlənəcək, böhtanatma və ya təhqiretmə hallarına görə cəzalar sərtləşdiriləcək. Yəni yeni əlavələr internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtanatma və ya təhqiretmənin qarşısını almaq, bu cür hüquq pozuntuları ilə daha səmərəli mübarizə aparmaq məqsədi daşıyır.
Hüquqşünaslar bildirirlər ki, müasir dövrdə ayrı-ayrı şəxslər internetin verdiyi imkanlardan istifadə edərək bu informasiya ehtiyatında, o cümlədən sosial şəbəkələrdə dövlət başçısının, vətəndaşların şərəf və ləyaqətinə toxunurlar. Buna görə də cəmiyyətimizdə mövcud olan bu kimi qanunsuz halların qarşısı alınmalıdır.
Cinayət Məcəlləsinə edilən əlavə və dəyişikliklərin mahiyyətinə aydınlıq gətirilməsi ilə bağlı Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadəyə müraciət etdik. Deputat bildirdi ki, Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Konstitusiyanın 96-cı maddəsinə əsasən qanunvericilik təşəbbüsü hüququnun subyekti kimi “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” və “Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihələrini Milli Məclisin müzakirəsinə təqdim edib. Sənədlər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək müsbət dəyərləndirilib və Milli Məclisin plenar iclasına çıxarılaraq qəbul olunub.
Ç.Qənizadənin sözlərinə görə, məcəlləyə edilən dəyişikliklər internet informasiya ehtiyatlarından sui-istifadə edərək insanlara qarşı təhqir, böhtanatmanın qarşısının alınmasına və bu cür hallara qarşı daha səmərəli mübarizə aparılmasına xidmət edir: “Cinayət Məcəlləsinə təklif edilmiş yeni 148-1 maddə belə adlanır: İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtanatma və ya təhqiretmə. Həmin maddənin dispozisiyasında - internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtanatma və ya təhqiretmə nəzərdə tutulub. Maddənin sanksiya hissəsində isə - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
Deputat deyir ki, bu maddədə “saxta istifadəçi adlar, profil və ya hesablar” dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür.
Onun sözlərinə görə, Baş Prokurorluq təklif olunan dəyişiklikləri belə əsaslandırıb ki, təcrübədə, xüsusən də internet texnologiyalarının inkişaf etdiyi dövrdə bir sıra şəxslər tərəfindən saxta adlar, profil və hesablar yaradılaraq insanların təhqir edilməsi hallarına rast gəlinməkdədir. Göründüyü kimi, bu sahənin tənzimlənməməsi və qanunvericilikdə olan müəyyən boşluqlar cinayət əməllərinin və digər bu kimi qanun pozuntularının törədilməsinə şərait yaradır. Odur ki, əlavə və dəyişikliklər hüquq pozuntularının qarşısının daha səmərəli şəkildə alınmasını, onlara qarşı mübarizənin gücləndirilməsini, habelə qanunvericilikdə olan müəyyən boşluqların aradan qaldırılmasını təmin edəcək.
Digər əlavə isə Cinayət Məcəlləsinin 323-cü maddəsinə edilib. Çingiz Qənizadə bu əlavəni belə izah edir: “Cinayət Məcəlləsinin 323-cü maddəsi Azərbaycan dövlətinin başçısının - Azərbaycan Respublikasının Prezidentinin şərəf və ləyaqətini ləkələmə və ya alçaltma kimi cinayət əməllərinə qarşı tətbiq edilən maddədir. Cinayət Məcəlləsinə yeni 148-1-ci maddənin əlavə edilməsi ilə əlaqədar olaraq həmin Məcəllənin 323.1-ci maddəsinin dispozisiya hissəsində “kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında” sözləri əlavə edilib. Həmin bəndin sanksiya hissəsində dəyişiklik edilməyib. Baş prokuror tərəfindən Cinayət Məcəlləsinə daha bir yeni - 323.1-1 maddə əlavə edilməsi təklif olunub. Təklif edilən yeni 323.1-1 maddənin dispozisiyası 323.1-ci maddədə nəzərdə tutulmuş əməllər internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə törədildikdə - verilib. Həmin maddənin sanksiyasında - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Qüvvədə olan Cinayət Məcəlləsinin 323.2 maddədə isə “bu Məcəllənin 323.1 və ya 323.1-1-ci maddələrində nəzərdə tutulmuş əməllər” sözləri əlavə edilməklə, ağır və ya xüsusi ilə ağır cinayətdə ittiham etməklə törədildikdə həmin maddənin tətbiqi başa düşülür. Maddənin sanksiya hissəsinin aşağı həddi 2 ildən 3 ilə qaldırılır, 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılması nəzərdə tutulur”.
Deputatın sözlərinə görə, həmin maddənin qeyd hissəsində göstərilir ki, Azərbaycan dövlətinin başçısının - Azərbaycan Respublikasının Prezidentinin fəaliyyəti, habelə onun rəhbərliyi altında yeridilən siyasət haqqında tənqidi mülahizələrlə bağlı kütləvi çıxışlara bu maddənin qüvvəsi şamil edilmir: “Bu əlavə və dəyişikliklər Azərbaycan Respublikasının hər bir vətəndaşının hüquqlarının qorunmasına xidmət edəcək. Təəssüf ki, bəzi şəxslər bu qanun layihələrini tam dərk etmədən və ya bilərəkdən, qəsdən “bu yenilik yalnız prezidentin və məmurların hüquqlarının qorunmasına xidmət edəcək” deməklə özlərini və başqalarını aldatmaqla məşğul olurlar. Cinayət Məcəlləsinə əlavə edilmiş yeni 148.1-ci maddə vəzifəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının hüquqlarının qorunmasına xidmət edəcək. Yalnız Cinayət Məcəlləsinin 323-cü maddəsinə edilmiş əlavə və dəyişikliklər Azərbaycan Prezidentinin qanunla qorunan hüquqlarına bu maddədə göstərilən təhdidlər olduqda tətbiq ediləcək. Bütün dünyada prezidentlərin şərəf və ləyaqəti qanunla qorunur. Bir məsələni də unutmaq lazım deyil ki, hər bir ölkənin prezidenti öz ölkəsinin vətəndaşı olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti də Azərbaycan Respublikasının vətəndaşıdır”.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”