Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bizim kəndə də təbii qaz verildi

27 Noyabr 2016
 

Tərtər rayonunun təbii qazla təmin edilən kəndləri sırasına bizim Seydimli kəndi də əlavə olundu. Şübhəsiz, bu, bizim üçün önəmli yenilikdir. Yəqin ki, təbii qazın - əvəzsiz nemətin əhəmiyyəti, xüsusilə kənd əhli üçün dəyəri haqqında danışmaq əbəsdir. Bu həm rahatlıq, həm də rifahdır. Eyni zamanda təbii qaz təsərrüfatların  genişləndirilməsi, şaxələnməsi imkanı deməkdir.

Əlamətdar hadisə elliklə qeyd olundu. Təntənəli açılış mərasimi ilə kəndə qaz verildi. Qonaqlarımız da çox idi - rayon rəhbərliyi, paytaxtdan təşrif buyuran yüksək çinli məmurlar da sevincimizə şərik çıxdılar.

Kəndimiz heç də kiçik deyil:  əhalisi 2733 nəfərdir. Qaz təchizatı üçün 625 abonent qeydə alınıb. Elə bu sayda da kənddə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

 Tədbirdə çıxış edənlər  ölkəmizin, eləcə də Tərtərin sosial-iqtisadi inkişafından, həyata keçiriləcək yeni layihələrdən də söz açdılar. Bəlli oldu ki, rayonumuzun 51 yaşayış məntəqəsindən artıq 43-ü qazla təmin edilib, qalanlarında da bu iş yaxın zamanda yekunlaşacaq.

Toplantıda həmkəndlilərim Sayəddin Musayev, Nurəddin İbrahimov, Vahid Musayev və mən çıxış edərək dedik ki, regionların sosial-iqtisadi inkişafına, əhalinin sosial-məişət problemlərinin həllinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, kəndlərin təbii qazla təmin olunmasından çox məmnunuq.

 

Sürəyya HÜSEYNOVA,

Tərtər rayonu Seydimli kənd sakini