Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

02 Oktyabr 2016
 

Biz Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsindəki 25 saylı binanın sakinləriyik.  Xahiş edirik üzləşdiyimiz problemə hüquqi aydınlıq gətirəsiniz. Binamız 117 saylı mənzil-tikinti kooperativinə aiddir.  İşıq idarəsi kooperativin liftinin elektrik enerjisinə görə və blokların işıqlandırılmasına  görə 2003-cü ildən indiyə kimi  olan borclarını bizdən tələb edir. Halbuki biz özümüzü ötən illərə görə borclu bilməmişik. Cari ilin də bütün borclarını ödəmişik. Odur ki, bu tələbi qanunsuz sayırıq. 

İndi bilmək istəyirik, üstündən bu qədər il keçəndən sonra təchizat müəssisəsinin köhnə borcların ödənilməsini tələb etmək hüququ var? Əgər varsa, borc ödənilmədiyi təqdirdə işıq idarəsi məhkəmə qaydası ilə həmin borcu bizdən ala bilərmi?

 

Mahmudova Günel Rahim qızı,

Cəlalov Əzizağa Babalar oğlu,

Süleymanzadə Kamal  Xəlil oğlu,

Səmədov Xasay Rəhim oğlu

 

Cavab: Sualınızda blok və liftin elektrik enerjisi ilə təchizinə dair mənzil-tikinti kooperativi və enerji təchizatı müəssisəsi arasında müqavilənin bağlanıb-bağlanmaması, habelə binanın idarə etmə qaydasına dair konkret məlumat olmadığından cavab ümumi, yəni 2003-cü ildən yaranmış borcun tələb edilib-edilməməsinin mümkünlüyünün aydınlaşdırılması şəklində ifadə olunacaqdır. 

Qeyd edilməlidir ki, elektrik enerjisinə görə borcun yaranma tarixi sualın cavablandırılmasında mühüm əhəmiyyət kəsb edir. Çünki Azərbaycan Respublikasının Mülki Məcəlləsində (MM) vaxtaşırı öhdəliklərin icrası ilə bağlı həm 3 illik iddia müddəti (m.373.3), həm də 5 illik öhdəliyə xitam vermə müddəti (m. 551.2.1) nəzərdə tutulmuşdur. İddia müddətinin ötürülməsi borcluya imkan verir ki, işə məhkəmədə baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə verməklə enerji təchizatı müəssisəsinin iddiasının rədd edilməsinə nail olsun (m. 375.1, 375.2).

Öhdəliyə xitam vermə müddəti isə kreditorun/iddiaçının irəli sürdüyü hüquqa/tələbə malik olmadığını sübut edən bir haldır. Başqa sözlə, bu müddət vasitəsilə borclu  kreditorun hüququna xitam verilməsini, yəni artıq belə bir hüquqa malik olmamasını irəli sürür (m. 550). Bu mənada borclunun hər hansı ərizə verməsi tələb olunmur, məhkəmə işə baxarkən bu halı nəzərə almalıdır.

Beləliklə, sualda borcun 2003-cü ildən yarandığının göstərilməsini nəzərə alsaq:

 

I. Hazırkı tarixdən 5 il əvvələ qədər olan müddəti əhatə edən dövr üçün elektrik enerjisinin dəyərini ödəmək öhdəliyinə MM-in 550 və 551.2.1-ci maddələrinə əsasən müddətin keçməsi əsası ilə xitam verilmişdir. Başqa sözlə, bu dövrə aid borc Mülki Məcəllənin 551.2.1-ci maddəsinə əsasən hazırda qüvvədə (mövcud) olmadığından sizdən tələb edilə bilməz.

 

II. Son beş ili əhatə edən dövr üçün elektrik enerjisinin dəyərini ödəmək öhdəliyiniz hazırda qüvvədədir (Qeyd: Cari il istisnadır, çünki bu il üzrə öhdəliyinizə lazımınca icra etmə əsası ilə artıq xitam verilmişdir). Bu mənada enerji təchizatı müəssisəsi bu dövrə aid borcu sizdən tələb edə bilər. Enerji təchizatı müəssisəsi məhkəmədə bu borcun sizdən alınması barədə iddia qaldırarsa, siz işə birinci instansiya məhkəməsində baxılarkən iddia müddətinin tətbiqi barədə ərizə verə bilərsiniz. Bu halda məhkəmə MM-in 373.3 və 375.2-ci maddələrini rəhbər tutmaqla iddia tələbini ilk iki il üzrə yaranmış borca münasibətdə iddia müddətinin keçməsi əsası ilə rədd edəcəkdir. Qalan 3 il üzrə ödəmədiyiniz (qalıq) elektrik enerjisi borcunu sizdən tutacaqdır.   

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin baş hüquq məsləhətçisi