Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azad səsverməyə şəffaf nəzarət

27 Sentyabr 2016
 

MSK katibliyinin İnformasiya Mərkəzi referendumun gedişini ictimaiyyətə operativ çatdırdı

 

Sentyabrın 26-da “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının layihəsi ümumxalq səsverməsinə çıxarıldı. Konstitusiyanın 23 maddəsinə dəyişiklik, həmçinin 6 yeni maddənin əlavə edilməsi çox mütərəqqi addım oldu. İstər prezident, istər parlament, istərsə də bələdiyyə seçkilərindən uğurla çıxan Mərkəzi Seçki Komissiyasının (MSK) katibliyinin İnformasiya Mərkəzinin qarşısında bu dəfə növbəti məsuliyyətli proses - referendum dayanırdı. Seçkilərdə tətbiq olunan yeniliklər və digər məsələlər barədə məlumat öyrənmək üçün İnformasiya Mərkəzində olduq.
Ulu öndər Heydər Əliyevin 3 sentyabr 2000-ci il tarixli “Azərbaycan Respublikasında Dövlət Avtomatlaşdırılmış “Seçkilər” İnformasiya Sisteminin yaradılması haqqında” sərəncamına əsasən, Azərbaycan Respublikasında seçki sisteminin təkmilləşdirilməsi, onun informasiya təminatının müasir tələblər səviyyəsində qurulması və seçki prosesində aşkarlığın, şəffaflığın təmin olunması məqsədilə Azərbaycan Respublikasında Dövlət Avtomatlaşdırılmış “Seçkilər” İnformasiya Sistemi yaradılıb. Sərəncamın 2-ci bəndində isə Mərkəzi Seçki Komissiyasına təklif edilib ki, sistemin fəaliyyətini təşkil etmək üçün öz nəzdində İnformasiya Mərkəzi yaratsın. 2000-ci il noyabrın 2-də Seçkilər İnformasiya Mərkəzinin rəsmi açılışı oldu. Açılışdan bir neçə gün sonra keçirilən parlament seçkiləri belə bir mərkəzin fəaliyyətinin ölkəmizin seçki sisteminin təkmilləşdirilməsi istiqamətində olduqca mühüm əhəmiyyət kəsb etdiyini ortaya çıxardı.
MSK katibliyinin İnformasiya Mərkəzinin rəhbəri Fərid Orucovla birlikdə ümumxalq səsverməsi - referendumla əlaqədar mərkəzin işi və tətbiq edilən yeniliklərlə tanış olduq. Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin (DAİS) funksiyalarını Seçki Məcəlləsinə uyğun olaraq MSK müəyyənləşdirir. DAİS-in texniki baxımdan iş icraçılığını isə MSK katibliyinin İnformasiya Mərkəzi yerinə yetirir. Seçki dövrü olmadığı müddətlərdə də mərkəz fəaliyyət göstərir. Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, hər il seçici siyahıları tərtib olunur. Bu siyahılar tərtib edilərkən Dövlət Avtomatlaşdırılmış İnformasiya Sistemindən istifadə edilir. Seçkilərlə bağlı bütün məlumatlar Mərkəzi Seçki Komissiyası katibliyinin İnformasiya Mərkəzində toplanılır, təhlil olunur və ictimailəşdirilir.
F.Orucov bildirdi ki, mərkəz müasir texnologiya və proqramlarla təchiz olunub. İnformasiya Mərkəzinin işi ildən-ilə təkmilləşdirilir. 2013-cü ilin prezident seçkilərində DAİS sistemi tamamilə yenidən quruldu. 125 seçki dairəsi və Mərkəzi Seçki Komissiyası arasında lokal şəbəkə yaradıldı. Bütün dairələrə optik xətlər çəkildi və bu şəbəkə üzərində lokal şəbəkə quruldu. Bundan sonra bütün dairələrdə seçkilərlə bağlı informasiyalar mərkəzləşmiş formada, onlayn rejimdə mərkəzi serverə daxil edildi. Bu isə imkan verir ki, hər bir dairənin məlumatlarını müqayisəli formada təhlil edək və seçici adlarında müəyyən oxşarlıqlar, yaxud təkrarlar varsa, bunları üzə çıxaraq. Artıq əminliklə demək olar ki, 2013-cü ildən sonra tərtib edilən seçici siyahılarında təkrar seçici yoxdur.
F.Orucov əsas yeniliklərdən biri olan Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin yeni şəbəkə variantı barədə də ətraflı məlumat verdi. Mərkəzin rəhbəri bildirdi ki, DAİS-in texniki və proqram təminatı daha da təkmilləşib, çevik və operativ məlumat mübadiləsi məqsədilə sistemin texniki parametrləri gücləndirilib. İstər seçici siyahılarının dəqiqləşdirilməsində, istərsə də səsvermə günü seçki hesabatları və seçkilərin ilkin nəticələrinin birbaşa onlayn rejimdə qəbul edilməsi üçün geniş imkanlar yaradılıb. Bu, keyfiyyətli və təhlükəsiz informasiya mübadiləsinə də əlverişli imkanlar açır. Onun sözlərinə görə, bu işdə MSK-nın bütün dairə seçki komissiyalarını birləşdirən fiber-optik kabellər vasitəsilə yaradılan lokal şəbəkə xüsusi rol oynayır.
Mərkəzdə seçki prosesini izləmək üçün jurnalistlər üçün də hər cür şərait yaradılıb. Belə ki, eyni anda 60-dan çox jurnalist seçki nəticələrini, eləcə də dairə, məntəqə seçki komissiyalarının işi, seçici sayı və s. barədə istənilən məlumatı onlayn şəkildə öyrənə bilərlər. Bunun üçün informasiya zalında internetə çıxışı olan xüsusi kompüterlər və böyük ölçülü monitor quraşdırılıb. Seçkinin nəticələri və digər zəruri məlumatlar anbaan həmin monitorda onlayn şəkildə əks etdirilir.
Seçki günü İnformasiya Mərkəzinin üzərinə böyük məsuliyyət düşür. F.Orucovun sözlərinə görə, seçki günündə beş dəfə hesabat saatlarında ictimaiyyətə məlumat verilir: “İlk olaraq seçici fəallığı barədə məlumatlar seçki dairələri tərəfindən onlayn rejimdə sistemə daxil edilir. Hesabat saatı başa çatdığı andan saniyələr ərzində onu tərtib edirik və hesabat saatına uyğun olaraq ictimaiyyətə ötürürük. O cümlədən seçkilər başa çatdıqdan və protokolların ilkin variantları təsdiq olunduqdan sonra onlar elektron formada sistemə daxil edilir və sistem vasitəsilə ümumiləşdirilərək ilkin nəticələr ictimaiyyətə çatdırılır”.
Mərkəzdə tətbiq olunan yeniliklərə gəlincə, öyrəndik ki, ötən prezident seçkiləri ərəfəsində yeni çap qurğuları alınıb və onlar üçün proqram təminatı işlənib hazırlanıb. Seçici siyahıları çapa verilməmişdən öncə bu proqram vasitəsilə onların keyfiyyət təhlili aparılır, mümkün səhvlər üzə çıxarılır və yenidən işlənmək üçün dairə seçki komissiyalarına göndərilir. Hansı səhvlər öz təsdiqini tapırsa, bazada düzəldilir və sonda seçici siyahıları məntəqə seçki komissiyalarına göndəriləndə səhvlər aradan qaldırılmış olur.
Mərkəzin rəhbəri onu da əlavə etdi ki, ölkə üzrə 1000 seçki məntəqəsi veb-kameralarla təchiz olunub. Bunların vasitəsilə hər bir kəs Mərkəzi Seçki Komissiyasının (MSK), İnformasiya Mərkəzinin və “Elektron-hökumət” portalının internet saytlarına daxil olmaqla istədikləri seçki məntəqəsində seçkiləri canlı şəkildə izləyə bilər. Hər üç sayta elektron xəritələr də əlavə olunub. Səs verənlər elektron xəritə vasitəsilə seçki dairə və məntəqələrinin yerini, ünvanını müəyyənləşdirə, hətta oraya necə getmək marşrutunu, məsafəni öyrənə bilərlər. Bundan başqa, mobil qurğular vasitəsilə də hər üç saytda olan informasiyaları əldə etmək və elektron xidmətlərdən istifadə etmək olar. Bu da imkan verir ki, seçici istənilən nöqtədən MSK-nın müvafiq məlumatları ilə tanış olsun və ya öz məlumatlarını çatdıra bilsin.
MSK katibliyinin İnformasiya Mərkəzi sentyabrın 26-da səsvermənin gedişi ilə bağlı təlimata uyğun olaraq gün ərzində beş dəfə - saat 10:00, 12:00, 15:00, 17:00 və 19:00-da ictimaiyyətə məlumat verdi. Səsvermənin ilkin nəticələri ilə bağlı son məlumat isə məntəqə seçki komissiyaları yekun nəticələri dairələrə təqdim etdikdən sonra veriləcək.
Sentyabrın 26-da ümumxalq səsverməsinin keçirilməsi demokratik inkişaf istiqamətində mühüm addım olmaqla respublikamızın sivil, demokratik dəyərlərinə sadiqliyini bir daha təsdiqlədi.

Elnur HACALIYEV,
A.MƏMMƏDOV (foto),
“Azərbaycan”