Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

07 Avgust 2016
 

Dostumun qızı hərbi qulluqçudur. Bu yaxınlarda Türkiyə vətəndaşı ilə nişanlanıb. Bilmək istərdim, Azərbaycan qanunvericiliyində  hərbi qulluqçunun xarici vətəndaşla nikaha daxil olması ilə bağlı   hansı şərtlər nəzərdə tutulub?

 

Vüqar MUSTAFA,

Bakı şəhəri

 

-  3 oktyabr 1997-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 154-cü bəndinin IV hissəsinə görə, hərbi qulluqçulara xarici vətəndaşlarla nikah bağlamaq  Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının icazəsi ilə həyata keçirilir.

  “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında”  Azərbaycan Respublikası Prezidentinin 30 mart 1998-ci il tarixli 692 nömrəli fərmanına görə, 154-cü dördüncü və beşinci hissələrində … nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, habelə səlahiyyəti çərçivəsində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi (Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi), Azərbaycan Respublikasının Ali Dövlət Hakimiyyəti və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi həyata keçirirlər.

Göründüyü kimi, hərbi qulluqçunun xarici vətəndaşla nikaha daxil olması üçün əlavə şərt - müvafiq icra hakimiyyətinin icazəsi  tələb olunur.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi