Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

10 İyul 2016
 

Notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş ölkə vətəndaşının şəxsiyyətini sürücülük vəsiqəsi əsasında müəyyən etmək olarmı?

 

Nailə  ƏMİRASLANOVA,

Sumqayıt şəhəri

 

Ümumi qayda ondan ibarətdir ki, notariat hərəkətlərinin aparılması zamanı Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyəti Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi əsasında müəyyən edilir. Hərbi qulluqçuların şəxsiyyəti hərbi hissələrin və hərbi idarələrin komandanlığının verdiyi şəxsi vəsiqə və ya hərbi bilet əsasında müəyyənləşdirilir. Dənizçilərin şəxsiyyəti də dənizçinin şəxsiyyət sənədi əsasında.

Lakin müəyyən növ notariat hərəkətlərinin aparılması zamanı digər sənədlər əsasında şəxsiyyətin müəyyən edilməsi də mümkündür. Məsələn, nəqliyyat vasitəsinin müvəqqəti əvəzsiz istifadəyə verilməsinə dair etibarnamə təsdiq edilərkən etibar edənin şəxsiyyəti Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin verdiyi milli sürücülük vəsiqəsi əsasında müəyyən edilə bilər.

Vətəndaşların şəxsiyyət vəsiqəsi, həmçinin iş yeri üzrə idarə, müəssisə, təşkilat tərəfindən onlara verilmiş xidməti vəsiqə, tələbə bileti və ya sürücülük vəsiqəsi əsasında notariusda sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etdirmək mümkündür.

16 yaşı tamam olmamış, yetkinlik yaşına çatmayanların şəxsiyyəti valideynlərin (övladlığa götürənlərin) pasportlarında onlar barəsində edilmiş qeydlərlə birlikdə doğum haqqında şəhadətnaməyə əsasən müəyyən oluna bilər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”, 17-ci bənd).

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi