27 Fevral 2018 12:02
1236
SİYASƏT
A- A+

XOCALI ŞAHİDLƏRİ DANIŞIR

 

Hər insanın həyatı, əslində, bir roman mövzusudur, - deyiblər. Həm də yaşadığı dövrün aynasıdır. Və əgər eyni qisməti bölüşən çoxsaylı insanların bənzər taleləri, oxşar sevinc və xatirələri, yaxud kədərləri, faciələri qələmə alınarsa, bu, nəticə etibarilə mənsub olduqları xalqın da həyatının müəyyən dövrünü əks etdirər...

26 il öncə baş verən Xocalı soyqırımından salamat çıxmış insanların taleyi də faciəli romandır desək, heç də yanılmarıq. Onların yaşadıqları itkiləri, məşəqqətləri, hələ də davam edən iztirabları bir yerə toplayanda isə bu, artıq bütöv bir xalqın məruz qaldığı soyqırımının təsdiqinə çevrilir...
İllər keçəcək və erməni işğalçılarının Xocalıda törətdikləri vəhşiliklər haqqında yazılanlar tarixin ən dəqiq, ən səhih səhifələri kimi öyrəniləcək, tədqiq ediləcəkdir. Demək, bu qanlı soyqırımını öz yaddaşında yaşadanları danışdırmalıyıq, dedikləri əsasında bu tarixi yazmalıyıq...
Elə bir Xocalı sakini yoxdur ki, o müdhiş gecədə doğmasını, əzizini itirməsin. Özü də birini yox, beşini, onunu, əllisini... Əsirliyin fəlakətini yaşamasın... Hələ illər boyu dişlə-dırnaqla qurduqları xanimanlarının əllərindən zorla alınmasını, yandırılan, dağıdılan, xarabalığa çevrilən yurd-yuvalarını demirik. Odur ki, xocalılılar hələ də təsəlli tapa bilmirlər, hər gün, hər an vətən deyib sızlayırlar. Xocalı deyəndə nə düşünürlər, nələri və kimləri xatırlayırlar?
Xocalı acıları unudulan deyil! “Zaman bütün yaraları sağaldır”, “Torpağın üzü soyuq olur” deyilsə belə...
Xocalının həmsöhbət olduğumuz sakinlərinin hərəsinin öz həyat hekayəti, ürək dağlayan naləsi var...
Söz onlarındır, Xocalı soyqırımının şahidlərinin...

 

İnsan cəsədindən yerimək mümkün deyildi

 

Reyhan Muradova:
- 1992-ci il fevralın 25-i idi. Gündüz sakitlik idi. Lakin axşam düşəndə Xocalının gülləbaran edilməsinə başlanıldı. Atışmanın getdikcə şiddətləndiyini gördükdə qayınatam Lətif dayı məsləhət gördü ki, məktəbin zirzəmisinə gedim. Məni ora qədər ötürdü. Həmin vaxt artıq 8 aylıq hamilə idim. Məni zirzəminin qapısından içəri keçirəndə bircə onu dedi ki, oğlumun yadigarını qoru. Zirzəmidə də gördüm ki, kəndin qadınları burdadır. Bir az keçmiş gəlib buranın təhlükəli olduğunu bildirdilər və biz təcili olaraq oranı tərk etdik. Elə əsas müsibətimiz də bundan sonra başladı. Tərs kimi hava qarlı və soyuq idi. Qadınları və uşaqları Qarqar çayına tərəf gətirdilər. Çayı keçdik və qarşımızda olan dağı aşıb Ağdama tərəf getmək üçün bizə yol göstərdilər. Qəflətən şiddətli qar yağmağa başladı. Qadın, qoca və uşaqların həmin dağı aşması çox çətin oldu. Dağın zirvəsinə az qalmış sürüşüb onun ətəyinə düşdük. Ətrafımızda insan cəsədlərindən yerimək mümkün deyildi. Birdən ayağım sürüşdü və mən huşumu itirdim. Ayılanda ətrafımda heç kimi görmədim. Dağın zirvəsinə çatanda çevrilib Xocalıya tərəf boylandım. Xocalı od tutub yanırdı. Birtəhər Ağdamın Şelli kəndinə çatdım. Sağ olsunlar, üzümə qapı açdılar, nəvaziş göstərdilər. Bir aydan sonra bir oğlum oldu. Adını Xocalının ilk şəhidi olan həyat yoldaşım Zahidin adını qoydum...

 

Övladım qucağımda can verdi

 

Tovuz Zeynalova:
- Həyat yoldaşım evə gəlib mənə dedi ki vəziyyət çox pisdir. Deyəsən, qardaşım Eldarı ermənilər girov götürüblər. Uşaqları götürüb rayondan çıx. Mən də gedim görüm qardaşım haqqında nə öyrənə bilirəm.
İki uşağı da götürüb evdən çıxdım. Ağdama tərəf getməyə başladıq. İnsanlar qəflətən güllə yağışına tutuldular və qısa vaxt ərzində meşədə qan su yerinə axmağa başladı. Qorxudan ağlayan körpəmi qucağıma aldım. Elə bu zaman qəfil açılan erməni gülləsi uşağın düz ürəyini dəlib kürəyindən çıxaraq əlimi parçaladı. Huşumu itirdim, gözlərimi açanda qucağımdakı övladımın öldüyünü gördüm. Digər övladım Elşadın isə itkin düşdüyünü görüb ölmüş övladımın cəsədini götürərək Ağdama tərəf yollandım. Ayaqlarım və əllərim soyuqdan donmuşdu. Yaralı əlim cəsədi qucağıma almağa imkan vermirdi. Ağdama çatanda Azərbaycan əsgərlərini görüb ordaca huşumu itirdim. Gözlərimi açanda özümü xəstəxanada gördüm və ilk soruşduğum oğlum Elşad oldu. Mənə dedilər ki, Elşad sağdır və burda, xəstəxanadadır.
Bildirdilər ki, həyat yoldaşım Tofiq Zeynalov isə döyüşlər zamanı ermənilərə əsir düşüb. İndiyədək onun nə ölüsündən, nə də dirisindən xəbərim var.

 

Atam əsir düşməmək üçün özünü qumbara ilə partlatdı

 

Əfsanə Hüseynova:
- Biz iki bacı, bir qardaşıq. Faciədən sonra əmimin himayəsində yaşamışıq. Atam Tofiq Hüseynov Xocalı özünümüdafiə batalyonunun komandiri idi. O, gözümüzün qarşısında çox ağrı-acılar çəkirdi. Sonda isə Xocalının müdafiəsi uğrunda canından keçdi. Həmin gecə düşmənə əsir düşməməkdən ötrü özünü qumbara ilə partlatdı. O, vətəni, torpağı özündən və hər şeydən üstün tuturdu. Özünü şəhid edəndə üç övladını belə düşünmədi ki, onlar yetim qalacaq.
Faciədən əvvəl Xocalı mühasirədə idi. Kəndə gediş-gəliş yox idi, əlaqələr kəsilmişdi. Tək əlaqə vasitəsi vertolyot idi. Son vaxtlarda vertolyot vurulmuşdu deyə bu əlaqə də kəsildi. Atam heç vaxt razı deyildi ki, bizi kənddən çıxarsın. Çünki camaat deyərdi ki, komandir öz uşaqlarını çıxarır... Ümumən isə o istəmirdi ki, əhali kəndi tərk etsin. Sonra anam yalvar-yaxar elədi ki, heç olmasa uşaqları çıxaraq. Anam isə atamı qoyub çıxa bilmirdi. Kəndi müdafiə etmək üçün iki nəfərə bir avtomat düşürdü. Kəndlilərin çoxu əliyalın idi. Bəziləri ov tüfəngləri ilə vuruşurdular. Faciə baş verməmişdən bir ay əvvəl əmim bizi Ağcabədinin Hindarx kəndinə gətirdi. Düşünürdülər ki, böyüklər ölsə, heç olmasa uşaqlar sağ qalsın. Müharibənin öz qanunları var. Ən qatı düşmənlər belə müharibə zamanı uşaqlara və qocalara dəymirlər. Amma ermənilər bu cür etmədilər. Onlar heç kimə acımadılar. Körpə, hamilə qadın və qocaların hamısını güllədən keçirdilər, başlarına min cür oyun açdılar...

 

Hər iki valideynimi itirdim

 

Vəsilə Məhərrəmova:
- Faciə zamanı hər iki valideynimi itiridim. Ailədə 5 uşaq idik. Xocalıya 1988-ci ildə Xankəndidən gəlmişdik. Oraya köçən ilk gündən hər gün atışma səsləri eşidirdik. Qulağımız silah gurultularına öyrəşmişdi. Artıq belə şeylər bizə adi gəlirdi. Ermənilər bir gün güllə atmayanda təəccüblənirdik ki, görəsən, niyə atmadılar. Uşaq idik, qaçıb zirzəmilərdə gizlənirdik, sanki bu, bizim üçün bir əyləncəyə çevrilmişdi.
Bizi Xocalı faciəsindən bir ay əvvəl vertolyotla çıxarmışdılar. Böyüklər hiss edirdilər ki, Xocalıda vəziyyət heç də yaxşı deyil. Bizi ona görə çıxarmışdılar ki, bir hadisə baş versə, uşaqlar əl-ayağa dolaşmasınlar, həm də sağ qalsınlar. Orda qalanların bəzilərindən indiyə qədər də heç bir xəbər yoxdur. Qohumlarımızdan bir tək əmim gələ bildi.

 

Bizimlə gələnlərin yarısını güllələdilər

 

Zənurə Səlimova:
- Fevral ayının 25-i gecə saat 11-12 radələri idi, yenicə yatmışdıq. Həyat yoldaşım və onun qardaşı bir gündən bir postda dururdular. Həmin gecə yoldaşım Fərhadın növbəsi idi. Qəfildən onun qışqırıq səsinə ayıldıq. Hay-haray qopdu ki, ermənilər şəhərə hücuma keçib, çıxın! Evdə qaynım, onun yoldaşı, iki övladı və qayınanam vardı. Qayınanam ağır xəstə idi, ayaqları yer tutmurdu. Əvvəlcə onu durquzmağa çalışdıq, bu vaxt baldızım da altı nəfər ailə üzvü ilə birlikdə bizə köməyə gəldi. Yoldaşımla qaynım analarını kürəklərinə aldılar, mən və baldızım isə onun ayaqlarından tutduq. Bu şəkildə qaçmağa başladıq. Gəlib çıxdıq Xocalıda beşmərtəbə deyilən yerə, oranın zirzəmisində gizləndik. Bura qədər necə, hansı zülmlə gəldik, onu bir
Allah bilir. Həm də hamilə idim...
Zirzəmidə yenicə oturmuşduq ki, Murad adında oğlan gəlib dedi ki, meşəyə gedirik. Ara bir az sakitləşsin, qayıdarıq kəndə. Nə qayıtmaq?! Arxada bir nəfər də canlı qoymamışdılar, qarşılarına keçəni güllələmişdilər, evlər yerlə yeksan edilmişdi.
Ayaqyalın, başıaçıq Qarqar çayını çox çətinliklə keçdik. Gəldik Qaraqaya deyilən yerə. Orada Milli Qəhrəman Əlif Hacıyev və indiki deputatımız Elman Məmmədov, Xocalı özünümüdafiə batalyonunun komandiri, Milli Qəhrəman Tofiq Hüseynov, Araz Rüstəmov və digər qeyrətli oğullarımız insanlara kömək edirdilər. Onlar sakinləri qrup şəklində xilas etməyə çalışırdılar. Bu anda yaxınlığımızdan bir qara “VAZ-66” maşını keçdi, oradan biz tərəfə çığırdılar ki, tez keçin. Elə əsl dəhşət də bundan sonra başladı. Biz elə bilirdik ki, geri - kəndə qayıdacağıq. Daha düşünmürdük ki, həyatımızın sonudur. İnsanların bir hissəsi ilə Qaraqayanı keçdik, qalanlarını isə elə qırdılar ki, elə bil tarlada ot biçdilər. Demək olar ki, bizimlə olan insanların yarısı güllələndi. Qaynım Faiq, yoldaşım Fərhad, baldızım və mən qayanı son anda aşa bildik. Bu zaman arxaya baxdıq ki, bir yaralı yerdə uzanıb inildəyir. Adı Telman idi, yoldaşı isə həmin gecədə şəhid olmuşdu. O, qarnından güllələnmişdi, qan elə fışqırırdı ki, elə bil qırmızı yaylıq qarın içindən burula-burula tüstülənir. Hamı qışqırırdı: “Ay Allah, mənə kömək et!..” Yoldaşımın xəstə anası və Hüseyn adlı dayım o gecə şəhid oldular. Dayımı o qədər yerlə sürümüşdülər ki, bədəni, başı parça-parça olmuşdu. Ermənilər qızıl dişlərini də çıxartmışdılar. Dəfnindən əvvəl yuyularkən onun başının arxa hissəsinə bəlkə də bir kiloqram pambıq tıxadılar. Çünki başında böyük dəlik açılmışdı.

 

Xocalıda həyat yoldaşım və qızım şəhid oldu

 

Məlahət Əliyeva:
- Xocalını tərk etmək məqamı idi. Atəş səsləri aləmi bürümüşdü. Bir azdan yer-göy alışıb yanacaqdı...
Bir dəstə qonşu yığışıb od-alov içərisindən yola düzəldik. Göydən od yağırdı. Üç uşağımı da növbə ilə qucağımda çaydan keçirdim. Üçüncüsünü keçirəndə çox yorulmuşdum, uşağın üst-başı suda islandı. Sonra da meşə, daş-qaya, kol-kos... Artıq ayaqqabılarımı çıxarıb atmışdım, indi corabların da mənə mane olduğunu hiss edib yolun qalanını tamamilə ayaqyalın irəlilədim. Uşaqları düz yerə çıxarandan sonra nəfəsimi dərmək istədim. Qeyri-ixtiyari dönüb arxaya baxdım. Xocalı tüstü içərisində görünməz olmuşdu. Ermənilərin maşınlarla qarət daşıdıqları görünürdü. Biz irəlilədikcə sıralarımız seyrəlirdi. Erməni cəlladları insanları amansızcasına məhv edirdilər. Bizim dəstənin başında Əlif Hacıyev gedirdi. Qabağımızdan ötən UAZ maşınındakı ermənilər bizə “keçin, keçin” dedilər. Bu, həm bizi öldürmək üçün bir fənd, həm də özlərinin bir-birinə parolu, işarəsi idi... Artıq Milli Ordumuzdan bir dəstə gəlib bizə çatmışdı. Gördüm ki, Tapdıq - yoldaşım da burdadır.
Oğlanlarım Teymur və Seymur iməkləyə-iməkləyə, yerlə sürünə-sürünə irəliləyirdilər. Qızım Nəzakət isə quçağımda idi.
Olduqca qızğın atışma baş verdi. Bu zaman qızımı yerə uzadıb bədənimlə onu örtdüm. Birdən uşaq ufuldanıb, “Ana, mənə nə isə dəydi” dedi. Bu zaman qolum boyu qanın axdığını gördüm. Mən qolumdan, uşaq isə qılçasından yaralanmışdı. Beləcənə evimizin sonbeşiyini itirdik.
Artıq Ağdama çatmağımıza az qalmışdı. Buradək necə gəlmişdim, məni necə gətirmişdilər, bilmirəm, xatırlamıram. Özümə gəlməyimlə yoldaşımın yerə yıxıldığını görməyim bir oldu. Bütün gücümü toplayıb ona tərəf getmək istədim. “Yaxın gəlmə, səni də vuracaqlar, - deyə qışqırdı, - uşaqları gözdən qoyma” söylədi.
Bu onun son sözləri oldu. Ağdama çatanda qardaşımla rastlaşdıq. Bir-birimizə sarılıb ağlayırdıq. Qardaşım o qədər meyit, o cümlədən öz doğmalarımızın cəsədlərini görmüşdü ki, “Mən niyə sağ qaldım?” deyə dəhşətlə hayqırırdı.

 

Hara gedirdik, erməniyə rast gəlirdik

 

Tofiq Süleymanov:
- Fevralın 25-i günü axşam şər qarışandan sonra ermənilər Xankəndidə yerləşən sovetlərə məxsus hərbi hissənin qoşunları ilə birlikdə Xocalını mühasirəyə almışdılar. Tankların və özüyeriyən hərbi texnikanın işığını söndürmüşdülər, amma bütün maşın və mexanizmlər işlək vəziyyətdə idi. Saat 9, bəlkə də 9.30 olardı, aeroportun yuxarı tərəfindən, Mehdikəndin üstündəki yüksəklikdən Xocalıya doğru fişəng atıldı, aləm işıqlandı. Bu məqamda tanklar Xocalıya doğru hərəkət etdi. Hərbçilər dinc əhaliyə atəş aça-aça şəhərə doğru irəlilədikcə yanğınlar çoxalır, insanların həyəcanlı çığırtıları daha gur eşidilirdi. Bu zaman bizim ailə - qoca anam, özünümüdafiə dəstəsinin üzvü döyüşçü qardaşım və mən qonşularla birlikdə şəhərin yaxınlığındakı mal fermasına tərəf getdik ki, orada gizlənək. Yaxınlaşanda fermadan kişi səsi, qadın harayı, uşaq çığırtıları eşidildi: “Kömək edin, bizi öldürürlər!” Onlar fermada işləyən bir ailənin üzvləri idi.
Vəziyyəti belə görəndə ağsaqqalların məsləhəti ilə camaatı gətirib poçt binasının yaxınlığındakı məktəbin zirzəmisinə yığdılar. Heç bir saat çəkmədi, xəbər gəldi ki, şəhərin yarıdan çoxu erməni silahlılarının əlindədir, küçələrdə ölən və yaralananlar anbaan çoxalır.
Erməni silahlılarının əlinə keçməmək üçün azı 200 nəfərədək Ağdam istiqamətinə, Kətik meşəsinə tərəf üz tutdu. Qarqar çayına çatanda camaat iki qrupa bölündü: bir qrup Əsgəran istiqamətindən Ağdamın Şelli kəndinə, bizim dəstə isə ağsaqqal, rəhmətlik Zeynal kişinin və Şahmarın təklifi ilə Kətik yüksəkliyindən aşmaqla Ağdamın Gülablı kəndinə getməli idik. Qarqar çayını keçəndə qardaşım Rafiq anamı kürəyinə alır, çayı keçərkən ayağı sürüşür, qarlı-şaxtalı gecədə onu çaydan birtəhər çıxarır. Qoca anam tamam suyun içində, donmuş vəziyyətdə idi. İki qardaş növbə ilə anamı dalımıza alıb yol gedirdik.
Kətik yüksəkliyini aşanda ermənilər camaatın qabağını kəsib gülləbaran etdilər. Hamı pərən-pərən düşdü. Camaat evindən götürdüyü sənədləri, pul və qızıl-zinət əşyaları olan kiçik çamadanları, bağlamaları atıb qaçırdı. Hətta az sonra yorulduqlarından, üzüldüklərindən paltolarını çıxarıb yol kənarına atanlar da var idi.
Biz anamızı kürəyimizdə gətirdiyimizdən qabaqda gedənlərdən geri qalırdıq, odur ki, irəlidə nə baş verdiyini aydın görürdük. Bir də baxdım ki, qabaqda gedən böyük bir dəstənin qarşısını ermənilər kəsiblər. Dəstənin bir hissəsi erməniləri basıb keçdi, qalanları - təxminən 100 nəfərə kimi adamı ermənilər əsir götürərək yaxınlıqdakı mal fermasına apardılar. Bir azdan həmin adamların çığırtısından, vay-şivənindən qulaq tutulurdu.
Biz gizləndiyimiz yerdə həm donurduq, həm də yarımcan anama görə çalışırdıq ki, hərəkətdə olaq, tezliklə mənzil başına çataq. Sakitlik yaranan kimi yolumuza davam edirdik. Üç-dörd saat yol gedəndən sonra gördük meşədə 8-9 nəfər oturub, Azərbaycan dilində qabaqda olan dəstəni səsləyirlər: “Burdan yol var, gəlin bura!”
Qabaqdakı dəstə onlara tərəf getdi, çatar-çatmaz ermənilər Kalaşnikov avtomatı ilə hamısını güllələyib öldürdülər, sonra da başladılar onların ciblərini axtarmağa, ağızlarını açıb qızıl dişlərinin olub-olmamasını yoxlamağa. Onların başı ölənlərin üst-başını axtarmağa qarışanda biz sürünə-sürünə gedib yaxınlıqdakı təpəni aşmaq istədik. Bu an həmin ermənilər bizi fasiləsiz gülləyə tutdular. Bir də baxdıq ki, yanımızda olan qonşumuz Sona xanımın həyat yoldaşı Maliki qan aparır, güllə qarın nahiyəsini tamam dağıtmışdı. Nə qədər sarğı-filan elədik, mümkün olmadı. Həyat yoldaşı Sona xanımın, bacısı Həcər xanımın və üç azyaşlı övladının gözlərinə baxa-baxa Malik öldü. Həmin vaxt anam da şaxtadan donmuşdu. İki meyiti paltoma büküb bir kolun dibində, qarın altında dəfn etdik ki, gəlib sonra apararıq.
Meşədə səmtimizi itirmişdik, hara gedirdik, erməniyə rast gəlirdik. Beləliklə, o qarlı-şaxtalı havada 6-cı günün gecəsi meşə ilə gəlib bir erməni kəndinə çıxdıq. Onlar elə bildilər ki, biz silahlıyıq, başladılar avtomatlardan bizə tərəf atəş açmağa, bu zaman qaçıb yaxınlıqdakı çökəklikdə qarın içində gizləndik. Heç on-on beş dəqiqə keçməmiş gördük siqnal verə-verə kəndə təcili yardım maşını gəldi. Səs-küydən hiss olunurdu ki, maşın meyit gətirib. Qadınlar qışqırırdılar, ağlaşırdılar. Onların başı təcili yardım maşınına qarışanda imkan tapıb oradan da aralana bildik, xeyli gəldikdən sonra hamımız uçurumun başında dayandıq. Bir yerə cəm olanda gördük ki, mənim qardaşımla qonşumuz Həcər xalanın böyük oğlu yoxdur. Məlum oldu ki, bayaqkı meyit gətirilən kənddə ermənilər bizi gülləbaran edəndə onlar ayrı düşüblər. Bu dəfə 9 nəfər başladıq onları axtarmağa, səhərə yaxın gəlib çıxdıq Naxçıvanik kəndinin yaxınlığına.
Dan üzü təzəcə ağarırdı, gördüm bir lafet erməni gəlir Naxçıvanikə. Bütün günü qarın içində gizlənib qaldıq. Axşam şər qarışanda istədik yolumuza davam edək, lakin oturduğumuz yerdən tərpənə bilmədik, hamımız buz bağlamışdıq. Sonra çətinliklə də olsa dura bildik. Hərəkətdə olmaq bizə sərfəli idi, həm canımız qızır, həm də ümidlə yol gedirdik ki, indi harasa çatacağıq. Beləliklə, gəlib çıxdıq Qarqar çayının kənarına. Çayı keçib bir az gedəndən sonra Əsgəranın yanından qalxdıq Boz dağa, oradan da Topxanaya girdik, gecənin qaranlığında Vəngə tərəf istiqamət götürdük. Çatanda gördük ki, hər tərəf əli avtomatlı erməni saqqallıları ilə doludur. Heç yerə çıxa bilmədik. Meşədə qaldığımız 11-ci günün gecəsi məcbur olub qayıtdıq geriyə - gəldiyimiz tərəfə. Səhər açılana yaxın gördük üzüm plantasiyasındayıq. Orda qarın içində gizlənib gecənin düşməsini gözlədik.
Yorulmuşduq, aclıqdan və susuzluqdan üzülmüşdük, ayaqlarımızı don vurmuşdu. Qonşumuz Həcər xalaya dedim ki, mən sürünə-sürünə gedirəm qarşı tərəfə, əgər azərbaycanlılara rast gəlsəm, deyəcəyəm ki, gəlsinlər sizi buradan götürsünlər, əgər gəlməsəm, bilin ki, ermənilərə əsir düşmüşəm. Təxminən 400-450 metr yavaş-yavaş sürünə-sürünə getdim, qəbiristanlığa rast gəldim, qəbirlərin başdaşlarından bildim ki, müsəlman qəbiristanlığıdır. Hava tamam işıqlananda baxdım ki, iki nəfər hərbçi qəbiristanlığa yaxın yolun qırağında tankla dayanıb. Səsim çıxmırdı ki, onları çağırım, sürünə-sürünə yola sarı getdim, bir az qalmış iniltimə mənə tərəf çöndülər, dərhal yaxınlaşdılar. Bildirdim ki, Xocalı qırğını günü erməninin əlindən qaçanıq, neçə gündür ac-susuz qalmışıq meşədə, ölən öldü, yoldaşlarımdan 7-8 nəfəri salamatdır, ayaqlarını don atıb, yeriyə bilmirlər, yerlərini nişan verdim.
Komandir Ala Yaqubun tapşırığı ilə könüllülər gedib Həcər xalanı və digər qonşularımı gətirdilər, təcili yardım maşınları ilə Ağdamın mərkəzi xəstəxanasına apardılar. Dava-dərmandan sonra vertolyotla Bakıya, Musa Nağıyev adına xəstəxanaya götürdülər. İki ay orada yatandan sonra yoldaşlarımdan kiminin ayağını, kiminin də barmağını kəsdilər, ömürlük böyrək çatışmazlığına və digər xəstəliklərə tutulanlar da oldu. Xeyli müddətdən sonra tədricən ayağa qalxa bildim.

 

Həmin gecə azərbaycanlılara zülm etmək üçün sanki yarış gedirdi

 

Şakir Quliyev:
- 1992-ci ildə mən 11-ci sinifdə oxuyurdum. Məktəbli olmağıma baxmayaraq, sinif yoldaşlarımla özünümüdafiə batalyonuna kömək göstərirdik. Yeri gələndə döyüşən azərbaycanlılara yardım da edirdik. Fevralın 25-i idi. Axşamüstü anam Sara məni yanına çağırıb dedi ki, bala, vəziyyət çox pisdir. Bəlkə sən bacı-qardaşlarını da götürüb Ağdama gedəsən?
Əvvəlcə razı olmadım. Sonra yaxınlıqda partlayan mina məni fikrimdən daşındırdı. Güllə səsləri lap yaxınlıqdan eşidilirdi. Hava çox soyuq idi. Qalın paltar geyinib yola çıxmağa hazırlaşırdım ki, anam fikrini dəyişib bir yerdə getməyi qərara aldı. Biz birlikdə evdən çıxıb meşəyə, ordan da Ağdama tərəf üz tutduq. Yeridikcə şaxta əl-ayağımızı, üz-gözümüzü dondururdu. Birdən qarşıdan ermənilərin atəş səsləri eşidildi. Kiçik qardaşım Şükür ağlamağa başladı. Anam onu bağrına basıb, səs çıxarmamağı tapşırdı. Güllə səsləri getdikcə yaxınlaşırdı. Onda anam dedi ki, hərəmiz bir tərəfə gedək ki, sağ qalmaq ehtimalımız olsun. Qaranlıq gecədə anam və qardaş-bacılarım pərən-pərən düşdülər. Mən tək qaldım. Birtəhər Gülablıya, ordan da Ağdama gəldim. Nə anamdan, nə bacılarımdan, nə də 6 yaşlı qardaşımdan xəbər vardı. Bir gün sonra atam Qaryağdı və ayaqları soyuqdan donmuş halda olan əmim Tahir Quliyev Ağdamda məni tapdılar. Vəziyyəti gündən-günə pisləşən əmim 3 gündən sonra dünyasını dəyişdi. Anam Saradan, bacılarım Rəvanə, Nuranə və qardaşım Şükürdən bugünə kimi xəbər yoxdur.

 

Çörəyi ayaqlayan, qonşusuna xəyanət edən erməninin heç öz millətinə də sədaqəti yoxdur

 

Aydın Əliyev:
- Fevralın 25-dən 26-na keçən gecə oğlum Mehman Əliyev ön mövqedə idi. Mən isə gecə saat 12-dən sonra oraya gedəcəkdim. Lakin oğlum evə gəldi və bildirdi ki, ehtiyatlı olmaq lazımdır, vəziyyət çox gərgindir. Mən bu barədə qonşuları da xəbərdar etdim. Bir neçə ildir tez-tez atəşlərə məruz qalan camaat özünə artıq sığınacaq yerləri də düzəltmişdi. Qohum-qonşunun bir çoxu həmin yerə pənah gətirdi. Lakin çox keçmədən şəhərin səması birdən-birə qeyri-adi şəkildə işıqlandı. Bu, getdikcə şiddətlənən atışmanın nəticəsi idi. Artıq camaat Xocalıdan çıxmağa başlamışdı. Qarqar çayına doğru böyük bir axın üz tutmuşdu. Yaralananlar, ölənlər çox idi. Mənim getdiyim dəstədə 600-ə qədər qoca, cavan, uşaq vardı. Qışın oğlan çağında irəliləmək getdikcə çətinləşirdi. Müəyyən bir yerə çatandan sonra siqaret çəkməyə macal tapmış qonşumdan vaxtı soruşdum. Bir kibrit də yandırıb saatına baxdı. Gecə saat 3-ə az qalırdı... İstiqaməti müəyyənləşdirmək çox çətin idi. Hava işıqlaşanda bu yerlərdə fermada işləmiş bir nəfər dedi ki, Gülablıya doğru yolu tanıyır. Amma demə, burda ermənilər pusquda dayanıblarmış. Ailə üzvlərimin hamısı mənimlə idi. Həmin yerdəki atışmadan sonra isə biz pərən-pərən düşdük. Dəstənin bir hissəsi gedib Gülablıya çatmış, digər hissəsi isə yolda qalmışdı. Mənim yanımda digər doğmalarımla yanaşı, iki körpə nəvəm də vardı. Az qalırdı ürəyim çatlasın. Əlimdə silah vardı, amma patronu çoxdan, hələ Xocalıda ikən qurtarmışdı.
Dərəyə çatanda ermənilər bizi gördülər və əmr etdilər ki, təslim olaq. Ermənilər bizi xeyir-şər mərasimləri keçirdikləri binaya gətirdilər. Burda isə əmr olundu ki, ciblərdə sənəd, pul, qızıl - nə varsa, hamısını boşaltsınlar.
12-13 nəfər silahlı erməni öz içərilərindən birini seçərək əsirlərə nəzarətçi qoydu. Xeyir-şər evinin qapısına qıfıl vuraraq çıxıb getdilər ki, səhər bir də qayıtsınlar. Keşikdə dayanan erməni isə öz “silahdaş”larına xəyanət edərək, ona verilən “döyüş tapşırığını” unudaraq gecə doyunca araq içib nə etdiyini bilmədiyindənmi, yaxud millətinə, millətinin murdar amalına “sədaqət”inin elə bu qədər olduğundanmı, səhərə yaxın qapının qıfıllarını açıb və səndirləyə-səndirləyə əsirlərə əli ilə yol göstərərək “gedin” dedi...

 

Anam, qayınatam, qayınanam, 2 kürəkənim ailəlikcə, 2 bacım 2 körpə uşağı ilə, 3 əmim oğlu, xalam oğlu həlak oldular

 

Zakir Ələkbərov:
- Fevral ayının 25-dən 26-na keçən gecə idi. Könüllülərdən ibarət batalyon Stadion deyilən yerdə idi. Mən də həmin könüllülərdən idim. O vaxt Xocalının əhalisi 12 min nəfərə çatmışdı. Ermənistandan, habelə Özbəkistanın Fərqanə vilayətindən 5 min qaçqın da Xocalıya pənah gətirmişdi. Axşam saat 8 radələri idi. Hiss olunurdu ki, Xankəndi tərəfdən texnika bizə tərəf yaxınlaşır. Çox çəkmədi, bir neçə texnika gəlib durdu Xocalının kənarında. Onda gördük Xankəndidən 3 fişəng atıldı. Bu vaxt tanklar və digər ağır texnikalar bizə tərəf irəliləməyə başladı. Arxaları ilə canlı qüvvə gəlirdi. Bunlar təkcə ermənilər deyildi. Ermənilər olsaydı, biz onların öhdəsindən gələrdik. Ağdam və Şuşa ilə bir ay olardı ki, əlaqə kəsilmişdi. Ona görə silah-sursatımız tükənmişdi. Buna baxmayaraq, əlimizdə olan köhnə silahlarla müqavimət göstərirdik. Lakin düşmənin ağır texnikası, təpədən dırnağa qədər silahlanmış ordusu qarşısında dayanmaq çətin idi. Adamlarımızı qırırdılar. Milli Qəhrəman, özünümüdafiə batalyonunun komandiri Tofiq Hüseynov (o mənim həm xalam oğlu, həm də bacımın həyat yoldaşı idi) şəhərdə yerləşən qərargahdakı mühüm sənədlər düşmən əlinə keçməsin deyə gedib oranı yandırdı. Sonra Kətik meşəsində mühasirəyə düşdüyü zaman əsir alınmasın deyə əlindəki əl qumbarasını partladaraq özünü öldürdü, ətrafdakı xeyli sayda ermənini də məhv etdi.
Evimizin birinci mərtəbəsinin bir hissəsində avtomobil qarajı yerləşirdi. O vaxt qarajın üstünü beton plitə etmişdim ki, yanğın-zad olsa, ikinci mərtəbəyə keçməsin. Qaraj top-qrad mərmisinə qarşı nisbətən etibarlı olduğu üçün qohum-qonşu oraya toplaşırdı. Döyüş gedə-gedə gəldim ki, görüm onlar sağdır, ya yox. Yol getməyə taqəti olmayan bir qoca dedi ki, hamısı Kətik meşəsi ilə Ağdama getdi. Bu zaman həyat yoldaşım Asiya da ayağından yaralanır. Qarqar çayını keçərkən qarlı-şaxtalı havada islandıqlarından çoxunun əl-ayağını don vurur. Ölən ölür, qalan qalır... Həmin gecə mən də onların dalınca getdim. Taqətdən düşdüyüm üçün 3 gün Kətik meşəsində qaldım. 3 gün sonra güclə gəlib çıxdım Ağdamın Ətyeməzli kəndinə. Burda qohumlarımız vardı. Gördüm arvad-uşaq sığınıb onların yanına. Xeyli rahat oldum. Anam, qayınatam, qayınanam, 2 kürəkənim ailəlikcə, 2 bacım 2 körpə uşağı ilə, 3 əmim oğlu, xalam oğlu və digər qohumlarım həlak oldular.

Hazırladı:
Səbinə MƏMMƏDOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video