Heyvandarlar fəallıq göstərirlər
Ağcabədi rayonunun Təzəkənd kəndində fermer Əbülfət Əsgərovun heyvandarlıq təsərrüfatına baxış keçirilib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov, rayon icra hakimiyyətinin və aidiyyəti qurumların nümayəndələri, eləcə də digər şəxslər baxışda iştirak ediblər.
Fermer təsərrüfatında saxlanılan iri və xırdabuynuzlu heyvanların saxlanma, bəslənmə və yemlənmə şəraiti ilə tanış olunub. Təsərrüfatın fəaliyyəti, heyvandarlığın inkişafı və məhsuldarlığın artırılması ilə bağlı fermerlə fikir mübadiləsi aparılıb.
Görüş zamanı heyvandarlıq sahəsində tətbiq olunan subsidiya mexanizmləri və yeni qərarlar barədə fermerə ətraflı məlumat verilib. Süd məhsuluna görə subsidiyaların ödənilməsi, ətlik heyvanlarla bağlı subsidiya imkanları və digər məsələlər izah olunub.
Həmçinin heyvanların sağlamlığının qorunması məqsədilə həyata keçirilən profilaktik peyvəndləmə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb və təsərrüfatın daha səmərəli təşkili ilə bağlı müvafiq tövsiyələr verilib.
Görüşdə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın əsas prioritet istiqamətləri barədə də söhbət aparılıb. Qeyd olunub ki, heyvandarlığın inkişafı, fermerlərin istehsal imkanlarının genişləndirilməsi və müasir təsərrüfatçılıq metodlarının tətbiqi istiqamətində həyata keçirilən tədbirlər kənd təsərrüfatının davamlı inkişafına xidmət edir.
Tarlalar ağ örpəyə bürünüb
2026-cı təsərrüfat ilində pambıq yığımının başlanmasına start verilib.
Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov, Ağcabədi Rayon İcra Hakimiyyətinin və aidiyyəti qurumların nümayəndələri, "Azərpambıq ASK" MMC-nin Ağcabədi filialının direktor əvəzi Ərşad Ağayev və digər şəxslər məhsul yığımının gedişi ilə tanış olublar.
Qonaqlar Ağcabədi şəhəri ərazisində "Azərpambıq ASK" MMC ilə müqavilə əsasında fəaliyyət göstərən fermer Famil Quliyevin pambıq sahəsində işgüzar söhbət ediblər. Burada pambıq bitkisində defolyasiya məqsədilə aparılan dərmanlama tədbirləri ilə tanış olunub, həmçinin digər sahədə pambığın maşınla yığımının gedişi izlənilib.
Fermer təsərrüfatında görülən işlər, məhsuldarlığın artırılması, pambıq yığımının vaxtında və itkisiz həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, mövcud vəziyyət müzakirə olunub və müvafiq tövsiyyələr verilib.
Qeyd olunub ki, pambıqçılığın inkişafı, məhsuldarlığın yüksəldilməsi və fermerlərin fəaliyyət imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər aqrar sahənin inkişafına mühüm töhfə verir.
Lazım QULİYEV,
"Azərbaycan"