Otuz ilə yaxın ərazilərinin 20 faizi işğal altında saxlanılan Azərbaycan təcavüzkar Ermənistanla danışıqlar apararaq münaqişəni ilk növbədə sülh yolu ilə nizamlamağa çalışırdı. Bakı öz torpaqlarının müharibəsiz qaytarılmasının tərəfdarı olsa da, vasitəçilik effekt vermir, müzakirələr nəticəsiz qalırdı. Üstəlik, Ermənistan tərəfinin ozamankı status-kvonu möhkəmləndirmək və yeni ərazilər zəbt etmək niyyəti aydın şəkildə üzə çıxırdı. Təbii ki, Azərbaycan işğalla barışa bilməzdi və barışmadı. Bu səbəbdən, ölkəmiz sülh danışıqlarına paralel olaraq öz imkanlarını, iqtisadi müstəqilliyini, hərbi qüdrətini və beynəlxalq nüfuzunu artırmağa davam edirdi.
Düzgün strategiya və düşünülmüş məqsədyönlü siyasət nəticəsində Azərbaycan Ordusunun arsenalı ən müasir silah və hərbi texnika ilə zənginləşdirilir, hərbçilərin bilik və bacarıqları artırılırdı. Eyni zamanda diplomatik müstəvidə yürüdülən çoxşaxəli və prinsipial xarici siyasət, beynəlxalq təşkilatlar, xarici dövlətlərlə fəal işin aparılması, habelə regional enerji və kommunikasiya layihələri Azərbaycanın mövqeyini daha da möhkəmləndirirdi. Ölkəmizin nüfuzu artır, bölgədə Azərbaycanın iradəsi həlledici olurdu. Bütün bu amillər torpaqlarımızın işğaldan azad edilməsini sadəcə zaman məsələsinə çevirirdi. Real güc nisbəti qarşısında belə Bakı son ana qədər məsələnin qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həllinə şans verirdi. Təəssüf ki, rəsmi İrəvan konstruktiv mövqe nümayiş etdirmək əvəzinə, vəziyyəti daha da gərginləşdirmək yolunu tuturdu.
Azərbaycanın dəfələrlə Ermənistanı işğal etdiyi əraziləri azad etməyə çağırmasına baxmayaraq, qarşı tərəf buna məhəl qoymur, yeni torpaqlar işğal etmək niyyətinə düşür, ardıcıl hərbi təxribatlar yolunu seçirdi. Həmçinin danışıqlar prosesinin formatını və məzmununu məhv edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməkdən boyun qaçırır, sülh tərəfdarı olmadığını açıq şəkildə ortaya qoyurdu. Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu il avqustun 5-də Xankəndidə "Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə" bəyanatı işğalçılıq siyasətinin ən bariz etirafı oldu. Paralel olaraq, İrəvan qondarma rejimi "dövlət" adlandırır, şəhər və kəndlərimizin adlarını dəyişdirir, ölkəmizi yeni müharibə ilə hədələyirdi. Həmin dövrdə müdafiə naziri olmuş D.Tonoyan açıq şəkildə bəyan edirdi ki, Ermənistan yeni əraziləri zəbt etmək uğrunda müharibəyə hazırlaşır.
İrəvanın təxribatçı addımları tezliklə hərbi müstəviyə keçdi. 2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədinin Tovuz istiqamətində növbəti hərbi təxribat törətdi. Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, işğal faktını ikinci plana keçirmək, üçüncü dövlətləri münaqişəyə cəlb etmək idi. Lakin Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə endirərək bu planı boşa çıxardı. İrəvan bundan nəticə çıxarmayaraq 2020-ci ilin avqust ayında terror aktları törətmək məqsədilə Azərbaycana diversiya qrupu göndərdi, lakin bu təxribat planı da hərbçilərimiz tərəfindən pozuldu. Baş verənlər fonunda danışıqlar prosesi tamamilə dalana dirəndi, demək olar ki, nəticəsiz şəkildə dayanmışdı. Çünki Ermənistan rəhbərliyi prosesi imitasiya xatirinə aparırdı.
Gedişatı düzgün dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev hələ 2020-ci il sentyabrın 24-də, yəni hərbi əməliyyatların başlamasından bir neçə gün öncə BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışı zamanı dünya birliyinin diqqətini baş verən hadisələrə yönəltdi. Dövlətimizin başçısı Ermənistanın yeni təxribatları və təcavüzkar siyasəti barədə xəbərdarlıq edərək, beynəlxalq aləmi İrəvana təzyiq göstərməyə və təxribatlardan çəkindirməyə çağırdı. Prezident İlham Əliyev Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığını, işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşdırma siyasəti yürütdüyünü, Azərbaycan xalqına məxsus mədəni irsi talan etdiyini və təmas xətti boyunca mülki vətəndaşlarımızı məqsədyönlü şəkildə hədəfə aldığını diqqətə çatdırdı.
İyul təxribatına toxunan dövlətimizin başçısı bildirdi ki, 2020-ci il iyulun 12-də Ermənistanın növbəti təxribatı nəticəsində hərbçilərimiz və 76 yaşlı mülki vətəndaşımız həlak oldu, mülki infrastruktura ciddi zərər dəydi. Daha sonra avqust ayındakı diversiya cəhdini xatırladan Prezident İlham Əliyev yaxalanan dəstə başçısının mülki vətəndaşlara qarşı terror aktları planlaşdırdığını etiraf etdiyini vurğuladı. Dövlətimizin başçısı həmin ilin mart ayında Azərbaycanın işğal olunmuş torpaqlarında təşkil edilmiş qondarma "seçkiləri", Ermənistan rəsmilərinin hədələrini, Mingəçevir su anbarı və neft-qaz terminalları kimi strateji obyektlərin hədəf seçilməsini növbəti təxribat cəhdləri adlandırdı.
Bütün bu faktları beynəlxalq ictimaiyyətin nəzərinə çatdıran Azərbaycan Prezidenti Ermənistanın irimiqyaslı müharibəyə hazırlaşdığını aydın şəkildə bəyan etdi: "Ermənistan rəhbərliyinin düşməncəsinə verilən bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığını nümayiş etdirir. Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".
Ermənistan rəhbərliyi bu xəbərdarlıqdan dərs çıxarmadı, beynəlxalq ictimaiyyət isə İrəvana təzyiq etmədi. Beynəlxalq birliyin seyrçi mövqeyi və hüququn aliliyini təmin etməkdə acizliyi Ermənistanın arxayınlaşmasına və növbəti avantüralara əl atmasına zəmin yaratdı. Düşmən tərəfin hərbi-siyasi rəhbərliyinin israrlı və davamlı təxribatları müharibəni qaçılmaz etdi.
Nəticədə 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına cavab olaraq Azərbaycan Ordusu əks-hücuma keçdi və "Dəmir yumruq" əməliyyatı Vətən müharibəsinə çevrildi. Bütün cəbhələrdə erməni silahlı qüvvələrini darmadağın edən Azərbaycan öz doğma torpaqlarını otuzillik düşmən işğalından azad etdi. Dövlətimizin başçısı İlham Əliyevin xəbərdarlıqlarından dərs çıxartmayan işğalçı Ermənistan öz təcavüzkar siyasətinin acı nəticələri ilə üz-üzə qalaraq kapitulyasiya sənədinə imza atmağa məcbur oldu.
İsmayıl QOCAYEV,
"Azərbaycan"