01 May 2026 08:45
145
Mədəniyyət
A- A+
Xalqının fədakar övladı

Xalqının fədakar övladı


XX yüzillikdə Azərbaycan ədəbiyyatı, mətbuatı, teatrı və ictimai fikir tarixində böyük xidmətləri olan Eynəli bəy Sultanov 160 il öncə - 1866-cı il mayın 5-də Naxçıvanda dünyaya göz açıb. O, təhsil almağa Naxçıvan qəza məktəbində başlayıb, sonra İrəvan gimnaziyasında oxuyub. Gimnaziyada dərs aldığı unudulmaz müəllimlərindən biri də böyük maarifçi, görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli olub.  

Gimnaziyada rus, latın, yunan dillərini, riyaziyyat, fizika, tarix, coğrafiya, ilahiyyat və başqa fənləri dərindən mənimsəyib. Təhsilini başa vurduqdan sonra o, bir müddət Naxçıvanda işləyib. Eynəli bəy savadlı, dünyagörüşlü, millətpərvər, fəal gənc kimi tanınıb. Onun öz evində 1882-ci ildə təşkil etdiyi "Ziyalılar cəmiyyəti"nə Əsəd ağa Kəngərli, Paşa ağa Sultanov, Mirzə Cəlil Mirzəyev (Şürbi), Mirzə Ələkbər Xəlilov, Qurbanəli Şərifov, Baxşəli ağa Şahtaxtlı, Nəsrulla Şeyxov və başqa açıqfikirli, tərəqqipərvər insanlar toplaşaraq soydaşlarının inkişafı naminə çalışıblar. Onların müzakirə etdikləri mövzular sırasında ictimai, siyasi, sosial, mədəni və digər vacib məsələlər olub. Cəmiyyətin üzvləri yeni üsullu məktəblərin, kitabxanaların açılmasını vacib hesab ediblər. Puşkin, Tolstoy, Belinski, Dobrolyubov kimi görkəmli rus yazıçı və şairlərinin əsərləri oxunub, tərcümə olunub, elmi-ədəbi mübahisələr keçirilib. Görkəmli dramaturq Cəlil Məmmədquluzadə yazırdı: "Mən darülmüəllimini qurtaran zaman Naxçıvanda özümdən artıq huşyar dostlarıma rast gəldim. Mənim səsimə səs verən sindaşlarımdan qabaqca əzizim Eynəli Sultan oldu".

Naxçıvanda ilk dəfə 1883-cü ildə Eynəli bəy Sultanov, Məhəmməd Tağı Sidqi, Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtlı, Qurban-əli Şərifov, Mirzə Əlməmməd Xəlilov, Mirzə Ələkbər Bəyalı oğlu Süleymanov, Mirzə Məmməd Zamanbəyov və başqaları "Müsəlman incəsənəti və dram cəmiyyəti" adlı ədəbi cəmiyyət yaradıblar. 

Eynəli bəy Sultanov zəngin və çoxşaxəli yaradıcılıq yolu keçib. Onun adı  Azərbaycan teatr tarixində bu sənətin inkişafında göstərdiyi xidmətlərə görə qalıb.  Naxçıvan teatrının yaranmasında və təşəkkülündə əməyi böyük olan Eynəli bəy Sultanov özü kimi teatrsevərləri ətrafında toplayıb.

1883-cü ildə Naxçıvanda fəaliyyət göstərən "Naxçıvan müsəlman incəsənəti və dram cəmiyyəti"nin nümayəndələri Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan və Dərviş Məstəli şah" əsərini səhnələşdiriblər. Onlar İrəvana, xalq məktəbləri inspektoru Tselovalnikova göndərdikləri teleqramda bildiriblər: "Naxçıvan müsəlman (şiə) dram sənəti həvəskarları tərəfindən may ayında acların xeyrinə, 1848-ci ildə nəşr edilmiş "Çadust" kitabından teatr tamaşası göstərməyə icazə vermək haqqında səadətli qubernator yanında vəsatət etməniz rica olunur". Cəmiyyət nümayəndələri məqsədlərinə çatıblar. Razılıq alınıb. Həmin ilin mayında tamaşa Hacı Nəcəf Zeynalovun evində nümayiş olunub.

Doğma şəhərində maarifçi mühitin formalaşması onun adı ilə bağlıdır. Naxçıvanda mədəni-maarif tədbirlərinin təşkilatçısı, mütərəqqi ziyalılar dəstəsinin ilk müəllimi və tərbiyəçisi kimi də Eynəli bəy Sultanovun adı ehtiramla anılıb. Eyni zamanda Eynəli bəy Naxçıvanda kitabxana açdırmaq üçün böyük əmək sərf edib.

O, həm də istedadlı  qələm sahibi olub. Onu düşündürən, narahat edən mövzulardan, problemlərdən qəzetlərə məqalələr yazıb. Məqalələrinə rus dilində çıxan "Novoye obozreniye" qəzetinin səhifələrində müntəzəm yer verilib. Eynəli bəy 1905-1908-ci illərdə "Kaspi" qəzetinin İrəvan və Naxçıvan üzrə xüsusi müxbiri kimi də fəaliyyət göstərib. "Kaspi"də onun dövrünün ictimai-siyasi hadisələrini əks etdirən, maraqlı məqalələri, hekayələri və şeirləri dərc edilib.

Tərcüməçilik sahəsində də Eynəli bəy Sultanovun fəaliyyəti diqqətçəkən olub. O, bir müddət İrəvan dairə məhkəməsində tərcüməçi işləyib, 1906-cı ildən İrəvan dairə məhkəməsinin prokurorunun Naxçıvan mahalı üzrə köməkçisi vəzifəsində çalışıb.

E.Sultanov bəy oğlu idi. Ata-babalarının kəndləri, geniş torpaq sahələri, tarlaları, kəhrizləri vardı. Amma Eynəli bəy nə öz biliyini, savadını, nə də mal-mülkünü həmvətənlərindən əsirgəyib. Xeyriyyəçi kimi tanınan E.Sultanov 1907-ci ildə Naxçıvan ətrafındakı Göynük, Sürməlik və Sirab kəndlərindəki şəxsi torpaq sahələrini kəndlilərə paylayıb.

Eynəli bəy bədii əsərlər də yazıb, əsasən dram və nəsr əsərləri qələmə alıb. Qadın azadlığı məsələsindən bəhs edən "Tatarka" pyesi ilk dəfə Naxçıvanda tamaşaya qoyulub. Əsər 1904-cü ildə İrəvanda kitab kimi çap olunub.

Naxçıvanda, daha sonra İrəvanda yaşamış Eynəli bəy Sultanov sonra Tiflisə köçərək fəaliyyətini orada davam etdirib. O, uzun müddət yaşadığı Tiflisin teatr mühitinin inkişafı uğrunda çalışıb, şəhərin mətbuat orqanlarında, xüsusilə "Molla Nəsrəddin" jurnalının səhifələrində maraqlı yazılarla çıxış edib.

O, Tiflisdə yaşadığı illərdə səhnəciklər qələmə alıb. Mirzə Fətəli Axundovun "Molla İbrahim Xəlil kimyagər" və "Hacı Qara" komediyalarını rus dilinə tərcümə edib. Tiflis teatrında göstərilən müxtəlif tamaşalar barəsində resenziyalar, ayrı-ayrı aktyorların oyunları haqqında məqalələr yazıb.

Maarifpərvər ziyalı pedaqoq kimi də çalışan Eynəli bəy 1912-1916-cı illərdə Tiflisdə fəaliyyət göstərən qadın gimnaziyasında rus dilini tədris edib. Sonralar ana dili müəllimi və sinif nəzarətçisi kimi fəaliyyət göstərib. Əlifba islahatı uğrunda ardıcıl mübarizə aparan Eynəli bəy 1924-cü ildə yeni əlifba komitəsinin Tiflis şöbəsinin katibi olub.

Yazıçı, publisist, maarifçi-pedaqoq, dramaturq, teatr xadimi, teatr tənqidçisi, tərcüməçi, ictimai xadim kimi zəngin ömür yolu keçən Eynəli bəy Sultanov 1935-ci ilin iyununda Tiflisdə dünyasını dəyişib. 

Xalqına bağlılığı və sədaqəti, teatr, ədəbiyyat və mətbuat sahələrində göstərdiyi xidmətləri ilə o, tariximizin unudulmaz şəxsiyyətləri sırasında əbədi yer tutur. Eynəli bəy Sultanovun həyatı və çoxşaxəli fəaliyyəti Azərbaycan ziyalısının xalqa xidmət nümunəsi kimi bu gün də hörmətlə anılır.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!