01 May 2026 08:40
172
İQTİSADİYYAT
A- A+
BP-nin Azərbaycan təhsilinə növbəti dəstəyi 

BP-nin Azərbaycan təhsilinə növbəti dəstəyi 


Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) keçirilmiş bərpaolunan enerji mənbələri üzrə magistr proqramının ilk buraxılış tədbirinə BP də qoşuldu. Bu da təsadüfi deyil, çünki BP ikili diplom verən həmin proqramın təsis edildiyi vaxtdan - 2023-cü ildən ona dəstək göstərir. 

Proqram Azərbaycanda tamamilə yeni bir təhsil istiqamətidir və bərpaolunan enerji mənbələri üzrə ixtisaslaşan yeni nəsil yerli mühəndislərin yetişdirilməsinə imkan yaradır. BP bu proqrama ölkədə bacarıq və potensialın inkişafına uzunmüddətli dəstək öhdəliyinin bir hissəsi kimi iki milyon dollarlıq sosial sərmayə layihəsi ilə qoşulub. 

Bu yeni təhsil proqramında əlamətdar bir hadisə olan buraxılış tədbirində ilk 27 məzunun ikili diplom təhsilinin uğurla başa çatması qeyd edildi. 

Xatırladaq ki, bu proqram Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə təsis edilib və ADNSU tərəfindən Uorik (Warwick) Universiteti ilə tərəfdaşlıqda həyata keçirilir. Təşəbbüsdə məqsəd beynəlxalq akademik təcrübəni yerli tədris metodologiyaları ilə bir araya gətirməklə Azərbaycanda bərpa-olunan enerji üzrə təhsil potensialını gücləndirməkdir. BP-nin bu proqrama dəstəyi bərpaolunan enerji laboratoriyasının yaradılmasını, lazımi infrastruktur və avadanlığın təminatını, həmçinin akademik potensialın gücləndirilməsinə və akademik heyətin inkişafına yönəlmiş fəaliyyətləri əhatə edir.

BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli tədbirdə çıxış edərək deyib: "Bu yeni ikili diplom proqramının ilk məzun buraxılışını qeyd etməkdən çox məmnunuq. Təhsil və bacarıqların inkişafına sərmayə Azərbaycanın enerji keçidinə dəstəyimizin əhəmiyyətli bir hissəsidir. İnanırıq ki, bu proqram ölkənin sürətlə inkişaf edən enerji sektorunun tələb etdiyi praktik bilikli və səriştəli, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına böyük dəstək olacaq. Bu uğurlu başlanğıc həmçinin ölkədə bərpaolunan enerji sahəsində təhsil potensialının artırılması istiqamətində Elm və Təhsil Nazirliyi və universitetlərlə qurduğumuz güclü əməkdaşlığın əhəmiyyətini əks etdirir".

Qeyd edildiyi kimi, BP şirkəti ADNSU-da günəş, külək və hidrogen enerjisi üzrə praktiki öyrənmə və tətbiqi tədqiqatların aparılmasına imkan verən müasir laboratoriyanın yaradılmasına dəstək verir. Laboratoriya qabaqcıl eksperimental və simulyasiya avadanlıqları ilə təchiz ediləcək. Bu, tələbə və tədqiqatçılara real şəraitdə ölçmələr aparmağa, enerji çevrilməsi proseslərini müşahidə etməyə və sistemlərin fəaliyyət göstəricilərini sənaye üzrə uyğun proqram təminatlarından istifadə ilə təhlilləri həyata keçirməyə imkan yaradacaq. 

Şirkət laboratoriyanın səmərəli fəaliyyəti üçün lazım olan infrastruktur, avadanlıq və əməliyyat dəstəyi göstərir. Burada İT avadanlıqları, proqram təminatı və lisenziyalar, mebel təchizatı, ilk tibbi yardım vasitələri və qoruyucu geyimlər, həmçinin laboratoriya sahəsi üzrə tikinti və təmir işləri də nəzərdə tutulub.

Dəstəyə həmçinin yerli akademik potensialın gücləndirilməsi üçün bacarıqların artırılması və akademik heyətin inkişafı daxildir. Proqramın tədris heyəti üçün ingilis dili təlimləri, eləcə də bərpaolunan enerji sahəsində ixtisaslaşan yerli müəllimlərin, mütəxəssislərin və proqram inzibatçılarının bilik mübadiləsi məqsədilə Uorik (Warwick) Universitetinə (Böyük Britaniya) tədris səfərləri də təşkil edilir.

İkili diplom proqramının ikinci tədris qrupuna məqsədli dəstək, o cümlədən Bakıda dərs deyən Böyük britaniyalı müəllimlərin səfər və təlim xərcləri, həmçinin ADNSU tələbələrinin beynəlxalq akademik mühitlə tanışlığı və praktiki öyrənmə təcrübəsi qazanmaları üçün sözügedən ölkədə yay məktəbində iştirakı ilə bağlı xərclər daxildir. 

Onu da qeyd edək ki, BP şirkəti Azərbaycanda 34 ildir neft və qazın kəşfiyyatı, işlənməsi və nəqli üzrə iri layihələrin operatorudur. Əməliyyatçı şirkət bu layihələrin icrasını təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirir. Bu vaxtadək BP öz tərəfdaşları ilə birlikdə ölkədə icraçısı olduğu layihələrə 89 milyard dollardan çox sərmayə qoyub. Bəyan edib ki, Azərbaycanda ən çox töhfə verə biləcəyinə inandığı sahələrə yönəltməklə dayanıqlı inkişaf təşəbbüslərinə dəstək vermək öhdəliyi götürüb.

BP-nin indiyədək ölkəmizdə həyata keçirdiyi geniş sosial sərmayə fəaliyyətləri və bacarıqların inkişaf etdirilməsi istiqamətindəki səyləri insanlara əhəmiyyətli faydalar gətirib. Şirkətin sosial sərmayələri yerli potensialın yaradılması, təhsil, icmaların inkişafı, yerli sahibkarlıq, ətraf mühit, idman potensialının artırılması, habelə ölkənin zəngin mədəni irsinin tədqiqi və təbliği kimi sahələrə yönəldilib. 

Fəaliyyətə başladığı vaxtdan indiyədək BP özü və əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları adından Azərbaycandakı sosial sərmayə layihələrinə ümumilikdə 115 milyon dollardan çox vəsait xərcləyib.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!