İqtisadi inkişaf, yoxsa sosial gərginlik
Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) insan fəaliyyətinin bütün sferalarında, iqtisadiyyatın hərtərəfli inkişafında geniş tətbiq olunur. Bu gün İKT dövrün ən başlıca tələblərindən biri və elə birincisidir. İnformasiya axını, rəqəmsal rabitə vasitələri, onlayn təhsil və iş imkanları İKT-nin gündəlik həyatda əhəmiyyətini artırır. Dövlət strukturları, vətəndaş cəmiyyəti institutları, iqtisadiyyat, sosial sahələr, elm, təhsil, mədəniyyət və digər strukturlar İKT-nin təsir dairəsindədir. Azərbaycanda informasiyalaşdırma, kommunikasiyalaşdırma, kompüterləşdirmə, şəbəkələşdirmə o qədər sürətlə gedir ki, İKT-dən kənarda heç nə qalmayıb. Cəmiyyətin inkişafı, insanların öz fəaliyyətini yüksək səviyyədə həyata keçirmələri üçün innovasiyalardan geniş istifadə edilir. Təkcə bir faktı deyək ki, ölkəmizin kosmosda bir neçə peyki var. Bu da o deməkdir ki, Azərbaycan İKT-dən səmərəli istifadə edərək yüksək texnoloji səviyyəyə çatıb və ölkənin inkişafı üçün müasir infrastruktura sahibdir.
Yeri gəlmişkən: 2008-ci ildə Azərbaycanda elektron hökumətin əsası qoyulsa da, 2025-ci ildə Elektron Hökumət İnformasiya Sisteminin (EHİS) Əsasnaməsi yenilənib və bununla rəqəmsal hökumətə keçid möhkəmləndirilib. Elektron hökumət mövcud dövlət xidmətlərini sadəcə onlayn təqdim etməkdirsə, rəqəmsal hökumət dövlət idarəçiliyini məlumat və texnologiya əsasında tam yenidən dizayn etməkdir.
İKT-nin tətbiqi insanların gündəlik həyatını dəyişir - bu, qaçılmazdır. Amma bir iş var ki, onlayn işləmək və təhsil imkanlarının genişlənməsi rahatlıq gətirsə də, sosial əlaqələrin zəifləməsinə səbəb olur. İnsanlar virtual mühitdə fəaliyyət göstərdikcə, ailə və icma münasibətləri passivləşir. Ən ağrılı məqam isə odur ki, texnologiya bacarığı olmayanlar gələcək perspektivlərdən məhrum olurlar. Qeyd etdiyimiz rəqəmsal transformasiya əmək bazarının strukturunu da dəyişir - bəzi peşələrə tələbat azalır, bəzilərinə isə çoxalır. Məsələn, Avropada 2015-2025-ci illərdə İKT-nin tətbiqi nəticəsində sənaye sahələrində orta hesabla 10-15 faiz işçi sayının azalması müşahidə olunub.
Azərbaycanda da oxşar tendensiyalar mövcuddur, baxmayaraq ki, rəqəmsal transformasiya bizdə hələ inkişaf mərhələsindədir. 2023-cü ilin rəsmi statistikasına görə, sənaye və xidmət sahələrində işçi sayı təxminən 5-8 faiz azalıb. Azalma sadə əməliyyatlarla məşğul olan işçilər arasında daha çox olub. Rəqəmsal texnologiyalara yönəlmiş peşələr isə iş bazarında artmaqda davam edir. Texnoloji peşələr, yəni data analitik, proqramçı, kibertəhlükəsizlik mütəxəssisi əhəmiyyətli dərəcədə artıb. Beləliklə, həm beynəlxalq, həm də yerli təcrübə göstərir ki, İKT-nin tətbiqi əmək bazarında struktur dəyişikliklərinə səbəb olur.
Əslində, bu ziqzaq görüntünün qarşısı tamamilə alınmasa da, onun təsirini yüngülləşdirmək mümkündür. Bunun üçün işçilərin təhsili və peşə bacarıqlarının artırılması, lifelong learning (ömür boyu təhsil) proqramlarının tətbiqi, işsiz qalan, yaxud da ixtisasını dəyişdirənlərə sosial dəstək verilməsi və texnologiyanın insan resurslarını nəzərə alaraq planlı tətbiqi vacibdir. Belə tədbirlər həm iş bazarının adaptasiyasını təmin edir, həm də texnologiyanın gətirdiyi mənfi təsirləri minimuma endirir. Qədim yunan filosofu Heraklit "hər şey axır və eyni çaya iki dəfə girmək olmaz" deyəndə ona əsaslanırdı ki, çay da, insan da dəyişir. Müasir dövrdə dəyişikliklərin sürəti Heraklitin yaşadığı vaxtla müqayisədə inanılmaz dərəcədə artdığı üçün texnologiyanın hərtərəfli inkişafı sosial və demoqrafik strukturda dəyişikliklərə səbəb olur.
Proses iş yerlərinin strukturunu dəyişdirərək əmək bazarında yeni problemlər yaradır. Avtomatlaşdırma, robotlaşdırma və süni intellektin sürətli tətbiqi işsizliyin artmasına səbəb olur ki, bu da bir sıra sosial və iqtisadi nəticələr doğurur. Fərdlər arasında depressiya, stres və motivasiya itkisi kimi psixoloji problemlər yaranır, həmçinin urbanizasiya və miqrasiya sürətlənir. İşini itirənlər ailələrinin ehtiyaclarını təmin etməkdə çətinlik çəkir, iqtisadi bərabərsizlik artır və istehlak səviyyəsi zəifləyir.
Bütün bunlar insanların həyatını kökündən dəyişir. Ailələr gələcək barədə qərar verərkən övlad sahibi olmağı ertələyirlər. Doğum səviyyəsi tədricən azalır, həyatın ritmi səngiyir, zamanın axarı yavaşıyır. Şəhərlərin parlaq işıqları altında urbanizasiya və texnologiyanın mərkəzləşməsi çox kiçik ailə modeli formalaşdırır. Gənclərin həyat ritmi başqalaşır, onlar sevgini, ailəni, nikahı və övlad arzularını bir növ "gözləmə otağı"na qoyurlar. Təbii ki, bu proses tədricən cəmiyyətin yaşlanmasına, toplumun enerjisinin və dinamikasının zəifləməsinə gətirib çıxarır. Deyilənləri rəsmi statistika belə təsdiqləyir: Dövlət Statistika Komitəsinin 2025-ci il məlumatına görə, ölkədə 2024-cü illə müqayisədə hər 1000 nəfərinə doğumun səviyyəsi 10-dan 9,4-ə düşüb, urbanizasiya isə sürətlə artıb. Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7788 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 9,9-dan 8,9-a düşüb. Ölkədə doğum səviyyəsində azalma tendensiyası (2025-ci ildə uşaq doğumu sayının 100 minin altına düşməsi) gələcəkdə təhsil və əmək bazarında ixtisar riskləri yarada bilər.
Məcburi ixtisarlar yalnız fərdi işçilərə deyil, bütövlükdə cəmiyyətə ciddi təsir göstərir. Bu proses insanlarda gələcəyə inamsızlıq və ümidsizlik hisslərinin formalaşmasına səbəb olur. İşsiz qalan şəxslərin alıcılıq qabiliyyətinin azalması öz növbəsində daxili bazarın zəifləməsinə, nəticə etibarilə istehsal və xidmət sektorlarında tənəzzülün yaranmasına gətirib çıxarır. Psixoloji səviyyədə ixtisarlar depressiya, stres və ailə daxilində gərginlikləri artırır, ictimai etimad və həmrəylik hissini sarsıdır. Uzunmüddətli nəticədə isə ixtisarlar cəmiyyətin sosial və iqtisadi dayanıqlığını zəiflədərək inkişaf perspektivlərini məhdudlaşdırır.
Bu amillərdən dolayı dünya təcrübəsi də oxşar faktları ortaya qoyur. Araşdırmalar göstərir ki, yüksək texnologiyaya sahib ölkələrdə doğum səviyyəsi, adətən, aşağı olur. Məsələn, Cənubi Koreyada 8 il ardıcıl olaraq doğumun azalması qeydə alınıb. 2023-cü ildə isə bu göstərici rekord dərəcədə aşağı olub: bir qadına 0,72 uşaq düşüb. Bu, təbii ki, texnoloji inkişafın yaratdığı yüksək rəqabət, işsizlik qorxusu, mənzil bahalığı və karyera prioritetləri ilə birbaşa bağlıdır.
Eyni demoqrafik tendensiyalar bu gün digər inkişaf etmiş və sürətlə sənayeləşən ölkələrdə də müşahidə olunur: Yaponiya, Tayvan, Sinqapur, Çində doğum səviyyəsi aşağı düşüb. Çində, üstəlik, əhali də azalmağa başlayıb. Bu ölkədə tək uşaq siyasətinin fəsadları və texnoloji tərəqqi ilə işsizlik riski əhalini övlad sahibi olmaqdan çəkindirir. Avropanın İspaniya, İtaliya, Almaniya kimi ölkələri də təxminən eyni vəziyyətlə üz-üzədir. Ona görə də texnologiyanın gətirdiyi rahatlıqlarla işsizlik riski arasında balans yaratmaq sosial siyasətin əsas məqsədlərindən olmalıdır. Bu mənada gələcəkdə texnologiya və sosial siyasət arasında tarazlığı qorumaq iqtisadi və sosial sabitliyi təmin etmək üçün vacibdir.
İKT-nin inkişafı həyatı yeni ritmə, işıqlı və sürətli axara qovuşdurur. Amma bu parıltılı sürət cəmiyyətin hazır olmadığı sürprizlər də gətirir - işsizlik və maliyyə çətinlikləri, gənclərin arzularını sabaha saxlaması, ailələrin kiçilməsi. Bütün bunlar göstərir ki, texnologiyanın inkişaf tempinə insanlar ruhən və sosial baxımdan hazırlıqsız ola bilərlər. Ona görə də inkişaf yalnız texnologiyada deyil, həm də sosial və demoqrafik sabitlikdə də olmalıdır.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"