30 Mart 2024 09:05
168
CƏMİYYƏT
A- A+

Vətənpərvər oğul

 

İkinci Qarabağ müharibəsində yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olan oğullarımızdan biri də Ədilov Səid Həsən oğludur. O, 5 noyabr 1994-cü ildə Bərdə rayonunun Cəyirli kəndində anadan olub. Orta məktəbi bitirdikdən bir il sonra Vətən qarşısındakı övladlıq borcunu yerinə yetirmək üçün hərbi xidmətə gedib. Elə ilk günlərdən hərbi sirləri dərindən öyrənib. Keçirilən təlim-məşqlərdə silahların sirlərinə dərindən yiyələnib. Hərbi xidmətini başa vurduqdan sonra özəl şirkətlərdən birində əmək fəaliyyətinə başlayıb.
2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başlayanda Səid Ədilov könüllü olaraq döyüşlərə yollanıb. Onun ilk döyüşü Tərtər rayonunun Suqovuşan kəndi uğrunda olub. Erməni işğalçıları bu istiqamətdə ciddi müqavimət göstərir, geri çəkilmək istəmirdilər. Düşmənin müqavimətinə baxmayaraq, Azərbaycan Ordusu da əks-hücumlarını dayandırmırdı. Əsgər Ədilov ön sıralarda vuruşur, sərrast atəşi ilə erməni qəsbkarlarını məhv edirdi. 
Təəssüflər olsun ki, Səidin döyüş yolu uzun çəkmədi. Yurdunun müdafiəsinə atılmış bu cəsur əsgər  Vətən müharibəsinin ilk günlərində - 2 oktyabr 2020-ci ildə Suqovuşan kəndi istiqamətində gedən əməliyyatda döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucaldı. Ürəyində qaynayıb-daşan arzu və istəkləri yarıda qırıldı. İlk günlər döyüş şəraitinin çətinliyinə görə onun nəşini döyüş gedən ərazidən çıxarmaq mümkün olmadı. Düşmən daim həmin ərazini atəş altında saxlayırdı. Vətən sevdalısı olan igidin nəşi 61 gündən sonra, 2020-ci il dekabrın 3-də Bərdə şəhərinə gətirildi. Elə həmin gün də doğmaları, yaxınları göz yaşları içində onu rayondakı Şəhidlər xiyabanında torpağa tapşırdılar.
Əsgər Səid Ədilov doğulduğu dünyada 26 il yaşadı. Cəsarəti, hünəri ilə gələcək nəsillərə nümunə oldu. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə Ədilov Səid Həsən oğlu ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid atası Həsən Ədilov övladı haqqında qısa danışdı. Dedi ki, Səid çox vətənpərvər oğul idi. Bacısı ilə söhbət edəndə həmişə deyərdi ki, böyüyüb əsgər olacam, düşmənlərdən şəhidlərimizin qisasını alacağam. Səid verdiyi sözə əməl etdi. Vətənə əsgər oldu, erməni işğalçılarından şəhidlərimizin qisasını aldı. Ata kimi ona görə təskinlik tapıram ki, oğlum Vətən uğrunda, torpaqlarımızın azadlığı uğrunda şəhid olub. Döyüşlərdə göstərdiyi igidliyi ilə adını qəhrəmanlıq tariximizə yazıb.
Bərdə rayonunun Cəyirli kəndinin mərkəzində Birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş Mehman Cəfərovun şəxsi təşəbbüsü və vəsaiti ilə "Şəhidlər bulağı" inşa edilib. İndi kənd sakinlərinin əksəriyyəti bu bulaqdan istifadə edir. İnanırıq ki, "Şəhidlər bulağı"ndan su içən gənclərimiz gələcəkdə Vətən sevdalısı Səid kimi igid və cəsur olacaqlar.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video