29 Mart 2024 09:25
158
CƏMİYYƏT
A- A+

Vətəni qorumaq ən müqəddəs borcumuzdur

 

Vətən hər şeydən uca və müqəddəsdir. Ona görə ki, biz onun qoynunda doğulub böyüyürük. Onu qorumaq bizim ən müqəddəs borcumuzdur. Borcumuzu şərəflə yerinə yetirmək üçün həmişə deyirik: "Biz də Vətən uğrunda vuruşacağıq, lazım gələrsə, onun yolunda canımızdan da keçəcəyik".
Bu sözləri dilimizə gətirəndə sanki qolumuza güc gəlir. Bu güc Vətən sevgimizi artırır, bizi qəhrəmanlığa səsləyir. Vətən sevgisi həm də bütün qəhrəmanları bir-birinə birləşdirir, doğmalaşdırır. Cəsur oğulları görəndə düşmən də qorxub geri çəkilir. İgidlər Vətən uğrunda sona qədər vuruşur və  şəhid olurlar. Ölümlərindən sonra da yaddaşlarda qəhrəman kim qalırlar.  Daim anılırlar, daim xatırlanırlar. 
Xalqımızın qəhrəman oğullarının adlarını saymaqla qurtarmaz. Azərbaycanın Milli Qəhrəmanı Mübarizin igidlik salnaməsi, "Azərbaycan Bayrağı" ordenli Qaratelin qadın kimi zərif, qaya kimi möhkəm cəsarəti və neçə-neçə oğulun "canımız Vətənə fədadır" deməsi heç vaxt unudulmayacaq. 
Ürəklərində Vətən sevgisi kükrəyən igid oğullarımız erməni işğalçılarına qarşı həmişə cəsarətlə vuruşublar. Tarixin qanlı səhifələrini vərəqlədikcə görürük ki, ermənilər xalqımıza qarşı daim amansızlıq göstəriblər. Daşnaklar ötən əsrin əvvəllərində Bakının, Qubanın, Şamaxının və başqa bölgələrin küçələrini soydaşlarımızın qanına boyayıblar. Bir neçə günün içində minlərlə günahsız insanı amansızcasına qətlə yetiriblər. Bütün bunlar ürəyimizi ağrıtmaqla yanaşı, zaman-zaman erməni qəsbkarlarına olan nifrətimizi də artırıb. Tarixin pozulmayan daş yaddaşında qalmış bu dəhşətli hadisələr daim intiqam hissimizi coşdurub. 
Ermənilər həmişə bizimlə namərdcəsinə döyüşüblər, məqam düşən kimi arxadan zərbə vurublar. Çünki üzbəüz gəlməkdən qorxublar. Döyüşçülərimizə gücləri çatmadığına görə mülki əhaliyə - qocalara, qadınlara və uşaqlara güllə atıblar. Belə dəhşətli səhnələri tarixi filmlərdə çox görmüşük. Təbiidir ki, bunların qisası düşmənlərdən  alınmalıydı. Üçrəngli bayrağımız erməni işğalçılarından azad ediləcək ərazilərimizdə əbədi dalğalanmalıydı.
Azərbaycan müharibənin başlanmasının, qan tökülməsinin tərəfdarı deyildi, sülh istəyirdi. Haqlı olaraq dünyaya üz tutub ərazilərimizin danışıqlar yolu ilə qaytarılmasını tələb edirdi. Müqəddəs torpaqlarımızın üstünə yenidən övladlarımızın qanının tökülməsini istəmirdi. Amma nə edəsən ki, düşmən işğalda saxladığı torpaqlarımızı danışıqlar yolu ilə qaytarmırdı. Onların bu yaramaz hərəkətləri isə yeni müharibənin başlamasını, qan tökülməsini qaçılmaz edirdi. 
27 sentyabr 2020-ci ildə erməni qəsbkarlarının təxribatı nəticəsində İkinci Qarabağ müharibəsi başladı. İllərdən bəri susan silahlar dilə gəldi. 44 gün davam edən döyüşlərdə Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ermənistan ordusunu darmadağın edərək 30 ilə yaxın uzanan işğala son qoydu. İgid Azərbaycan əsgəri döyüşə-döyüşə, vuruşa-vuruşa ölkəsinin üçrəngli, aylı-ulduzlu bayrağını böyük qürurla, yenilməz əzmkarlıqla Qarabağda dalğalandırdı.
Torpaqlarımızın azadlığı uğrunda vuruşan oğulların qəhrəmanlığından danışdıqca ürəyimiz qürurla dolur. Qarabağın Azərbaycanın əbədi-əzəli torpağı olduğunu 2020-ci ilin payız günlərində bütün dünyaya çatdırmaq üçün bir daha var gücümüzlə hayqırdıq.  Dünya eşitdi, bildi və yaddaşlara həmişəlik həkk edildi ki, Qarabağ Azərbaycandır!        
Milli Qəhrəman Mübariz İbrahimovun doğmalarına yazdığı məktub qəhrəmanlıqdan, vətən sevgisindən, vətənpərvərlikdən bəhs edən ən dəyərli əsər deyilmi? Xalqımız belə qürurdolu məktubları çox görüb, çox oxuyub. Bu məktublardan təsirlənən oğullarımız sonralar Vətən uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərdilər. 
Bir dəfə şəhid ailələri ilə söhbət edirdik. Bu insanların səsində olan məğrurluq qəlbimizi iftixarla doldururdu. Onların danışdıqları qəmli hekayətlər əsl qəhrəmanlıq səhnələri idi. Gerçəkdə baş vermiş, lakin inanılması mümkün olmayan hekayətlər bizi heyrətə gətirirdi. Bu oğullar müqəddəs amallar uğrunda döyüşüblər. Onlar vuruşublar ki, qalibiyyət bayrağımız daha da yüksək zirvələrdə ucaldılsın. İndi şəhidlərin də ruhu şaddır. Çünki bu gün üçrəngli bayrağımız Xocalıda, Şuşada, Xankəndidə, bütövlükdə Qarabağ və Şərqi Zəngəzurda dalğalanır.
Tariximizdə qəhrəmanlıq nümunələri çoxdur. Çox olduğu qədər də ibrətamizdir, heyrətamizdir. Qəhrəmanlara göstərilən ehtiram əbədi olacaq. Mübarizlər, Albertlər, Muradlar, Poladlar, Yusiflər, Şükürlər və başqa qəhrəmanlarımız heç vaxt unudulmayacaqlar.  
Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların üçrəngli bayrağımıza bükülüb dəfn olunması qürurverici səhnədir. Xalq Vətənin azadlığı uğrunda şəhid olan oğul və qızları ilə bu cür iftixarla vidalaşır.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video