30 Mart 2024 09:00
175
CƏMİYYƏT
A- A+

Uğurlu işlərdə gənclərimiz ön sıralardadırlar

 

Sağlam, vətənpərvər ruhda böyüyən, müəyyən peşəyə yiyələnən, yüksək səviyyədə təhsil alan, cəmiyyətin müxtəlif sahələrində fəal iştirak edən gənclər dövlətin və xalqın ən böyük ümidi, gələcəyinin təminatçısıdır. Ölkənin hərtərəfli inkişafında gənc nəslin düzgün tərbiyə edilməsinin əhəmiyyətli rolu var. Son illər Azərbaycanda baş verən hadisələr, qazandığımız uğurlu işlərdə bu zümrənin nümayəndələrinin ön sıralarda olması xalqımızın və dövlətimizin bu istiqamətdə doğru yolda olduğunu təsdiq etdi.
Sevindirici haldır ki, Azərbaycanda ailə ənənələri qorunub saxlanılır. Ailənin böyükləri - ağsaqqallar, ağbirçəklər öz məsləhətləri, öyüd-nəsihətləri ilə övladlarının formalaşmasına, özlərinə düzgün yol seçə bilmələrinə müsbət təsir göstərirlər. Onlara böyük-kiçik yeri bilməyi, xalqının, vətəninin təəssübünü çəkməyi, qayğıkeş olmağı, zəhmətsevərliyi aşılayırlar.
Uğurlu gənclərin yetişməsində orta məktəblərin də rolu mühümdür. Təhsil müəssisələrində şagirdlərə yalnız müxtəlif fənlər öyrədilmir, eyni zamanda vətən, dövlət, xalq anlayışlarının fərqinə daha dərindən varmalarına vəsilə olurlar. Dövlətin göstərdiyi qayğı və etimad isə gənclərin qarşısında yeni yollar açır. Arzularını həyata keçirmək, bacarıqlarını nümayiş etdirmək, məqsədlərinə çatmaq, uğurlara nail olmaq üçün onlara imkan və şərait yaradılır. Bu gün Azərbaycan gənclərinin uğur qazanmalarında məhz bu amillərin danılmaz rolu var.
Ölkəmizdə gəncliyin inkişafı ilə bağlı dövlət proqramları qəbul edilir və müvəffəqiyyətlə həyata keçirilir. 2007-ci il "Gənclər ili" elan olundu. 2011-ci ildə Gənclər Fondu yaradıldı, 2013-cü ildə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı" təsis edildi, "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" təsdiqləndi və həmin istiqamətlər üzrə əhəmiyyətli layihələr reallaşdırıldı.
Milli ruhda tərbiyələndirilən Azərbaycan gənclərinin müxtəlif sahələrdə uğurlu fəaliyyəti, qazandığı nailiyyətlər görülən işlərin parlaq nəticələridir. 
Bu gün haqlı olaraq Azərbaycan dövləti və xalqı öz gəncləri ilə qürur duyur, fəxr edir. Ərazilərin iyirmi faizinin otuz ilə yaxın davam edən Ermənistan işğalından azad olunmasında gənclərimizin göstərdikləri qəhrəmanlıqlar əsrlər ötsə də, unudulmayacaq. Həmin torpaqlar - Qarabağ və Şərqi Zəngəzur erməni qəsbkarları tərəfindən işğal ediləndə hələ yaşları az olan uşaqlar və işğal illərində dünyaya gələnlər Vətənə sevgi, yurda bağlılıq, dövlətə sədaqət, xalqa məhəbbətlə misilsiz şücaət, dillərə dastan olan qəhrəmanlıq göstərdilər. Qarabağ və Şərqi Zəngəzur torpaqlarını azadlığına qovuşdurmaq, şəhidlərimizin qisasını almaq arzusu ilə böyümüş vətənpərvər gənclərimiz 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində rəşadətlə döyüşdülər, düşmənin otuz ilə yaxın qurduğu, alınmaz bildikləri istehkamlarını darmadağın etdilər, işğalçı ölkənin silahlı qüvvələrini işğal altında saxladıqları ərazilərimizdə ağır məğlubiyyətə uğratdılar. 
Prezident İlham Əliyevin Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda iştirakı zamanı dediyi kimi: "Çox şadam, fəxr edirəm ki, Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə getdilər və şəhid oldular, qazi oldular və müzəffər ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər bu siyasət olmasaydı, əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi".
Azərbaycanda yetişən vətənpərvər, milli ruhda tərbiyə almış gənclər İkinci Vətən müharibəsindən sonra da düşmənin məkrli planlarının pozulmasında, təxribatlarının qarşısının alınmasında böyük hünər və qətiyyət göstərdilər. Təəssüf ki, 2020-ci ildə nail olduğumuz zəfərdən sonra da təcəvüzkar Ermənistan Azərbaycan torpaqlarında təxribatlar, terrorlar törətməkdə davam etdi, təbii sərvətlərimizi yenə də talamaqdan əl çəkmədi. 2022-ci il dekabrın 12-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına etiraz olaraq Laçın-Şuşa yolunda etiraz aksiyası başladı. Dinc aksiya iştirakçıları Qızılbulaq qızıl yatağında və Dəmirli mis-molibden yatağında monitorinqin keçirilməsinə icazə verilməsini tələb etdilər. Etirazçılar Azərbaycan, rus və ingilis dillərində "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Ekoloji cinayətə son!" və sair şüarlar səsləndirdilər. Tələbləri yerinə yetirilənədək davam etdirilən dinc aksiya iştirakçıları sırasında gənclər xüsusi fəallıqları ilə seçildilər. Dövlət başçısı İlham Əliyev ötən il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində həmin gənclər haqqında qürurla dedi: "İlk növbədə o gənclərə "Eşq olsun!" demək istəyirəm, onlar bizim fəxrimizdir. Qeyd etdiyiniz kimi, gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər.
2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda qalmış Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri və separatçıları məğlub edildi. Neçə-neçə gənc zabit və əsgərimiz ölkəmizin suverenliyinin tam bərpa olunması naminə qəhrəmanlıq göstərdi.
Tarixi zəfərimizdən sonra indi Qarabağda, Şərqi Zəngəzurda həyata keçirilən geniş tikinti-quruculuq işlərində bir çox gənc iştirak edir.
Sevindirici haldır ki, bu gün tərəqqi yolunda addım-addım irəliləyən Azərbaycanın gəncləri bütün sahələrdə parlaq göstəriciləri ilə fərqlənə bilirlər. Onların müxtəlif sahələrdə nailiyyətləri də elə Vətənə və xalqa xidmətin nümunələridir.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video