Son bir həftədə koronavirusa 156 yeni yoluxma faktı qeydə alınıb
Dünya ölkələrinin üç ildən artıqdır mübarizə apardığı COVID-19 bu gedişlə insanlığın yaxasını hələ uzun müddət buraxmayacaq. Qonşu ölkələrin statistik məlumatlarına nəzər yetirsək görərik ki, hazırda infeksiyaya gündəlik yoluxma sayı dəfələrlə artıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, son zamanlar dünya üzrə virusa yoluxma sayında müşahidə olunan artım əsasən "Omikron" ştamının mutasiya olunan yeni növləri hesabına baş verib. COVID-19-un təkamülünün istiqaməti və yeni ştamların xüsusiyyətləri tam müəyyən olunmasa da, belə hesab edilir ki, bu ştamlar digərlərindən daha az öldürücü olsalar da, yoluxma sürətinə görə öndədirlər. Virus əsasən yuxarı tənəffüs yollarında sürətlə çoxaldığından hava-damcı yolu yoluxmada xüsusi rol oynayır.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, Azərbaycanda koronavirus infeksiyasına son bir həftədə 156 yeni yoluxma faktı qeydə alınıb, 234 nəfər müalicə olunaraq sağalıb. Analiz nümunələri müsbət çıxan 6 nəfər isə vəfat edib.
Ölkəmizdə indiyədək ümumilikdə 833 min 955 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 823 min 439 nəfər müalicə olunaraq sağalıb, 10 min 353 nəfər vəfat edib, aktiv xəstə sayı 163 nəfərdir.
Azərbaycandakı epidemioloji vəziyyəti dəyərləndirən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov "Azərbaycan"a verdiyi açıqlamada deyib ki, payız-qış aylarında soyuqların düşməsi nəticəsində hava-damcı yolu ilə yayılan infeksiyalara yoluxma hallarının sayında artımlar olur. Bu həm qrip və digər respirator virus infeksiyalarına, həm də koronavirus infeksiyasına aiddir.
"Son vaxtlarda koronavirusa yoluxma halları təkcə Azərbaycanda deyil, digər ölkələrdə də artmaqdadır. Ölkəmizdə son həftə ərzində yoluxanların sayının rəsmi olaraq 156 nəfər olduğu bildirilib ki, bu da gündəlik 22 nəfər deməkdir. Ölkədə "Omikron" ştamının dövriyyədə olması bəllidir, lakin onun sonuncu mutasiya altnövlərinin olub-olmaması haqda rəsmi açıqlama yoxdur", - deyə infeksionist bildirib.
T.Eyvazov qeyd edir ki, "Omikron" ştamı və onun altnövləri yoluxuculuq sürətinə görə bir-birindən fərqlənsələr də, əsasən yüngül xəstəlik halları törədirlər: "Vəziyyətin belə davam edəcəyi təqdirdə sərt karantin tədbirlərini tətbiq etməyə ehtiyac qalmır. Azərbaycanda koronavirusa görə vaksinasiya prosesi dayandırılmayıb və müraciət əsasında insanlar peyvənd oluna bilərlər. İlk növbədə əsasən risk qrupuna aid olan insanların peyvənd olunması tövsiyə edilir. Ancaq təkcə peyvəndləmə deyil, insanların yoluxması və xəstələnməsi hesabına da kollektiv immunitet formalaşıb və bu proses davam edir".
Ölkəmizdə epidemioloji vəziyyətin sabit olmasına səbəb peyvəndləmə siyasətinin ilk günlərdən yüksək səviyyədə həyata keçirilməsidir. Həm virusun mutasiyası, həm də insanların vaksinasiyadan keçməsi xəstələrdə simptomların ağırlaşmasının, habelə ölüm hallarının kəskin azalmasının səbəbidir.
Vaksinasiya ilə yanaşı, ehtiyat tədbirlərini də yerinə yetirməli, sanitar-gigiyenik qaydalara əməl edilməlidir. Virusdan qorunma yolları dəyişməz olaraq qalır. Soyuq havalarda daha çox istifadə etdiyimiz qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maskadan istifadə, otaqları tez-tez havalandırmaq, insanların sıx toplaşdığı yerlərdə iştirakını minimuma endirmək, sosial məsafəni gözləmək, əl və tənəffüs gigiyenası qaydalarına əməl etmək vacibdir. Bu sadə qaydalara etinasız yanaşmamalı, epidemioloji vəziyyətin ağırlaşmaması üçün nə lazımdırsa etməliyik.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"