30 Mart 2024 08:05
416
İQTİSADİYYAT
A- A+

Təbiətin intiqamı amansız olur

 

Onun qarşısının alınması yolları bu dəfə Bakıda müzakirə ediləcək

 

Bu gün dünya ətraf mühitin çirklənməsi və iqlim dəyişikliyinin fəsadlarından dolayı yaranan problemlərlə üz-üzədir. Yaranan fəlakətdən xilas olmağın yolu isə ilk növbədə "yaşıl iqtisadiyyat"ı inkişaf etdirməkdən keçir. 
Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün "yaşıl iqtisadiyyat"ın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də 5-ci prioritet "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" adlanır. Sənəddə ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan "yaşıl texnologiya"ların tətbiqinin genişləndirilməsi ilə bağlı qarşıya konkret tapşırıqlar qoyulub.
Qeyd edək ki, Azərbaycanda qurulmuş təkrar emal prosesi "yaşıl iqtisadiyyat"ın inkişafına, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Müasir iqtisadiyyatda "təkrar emal" vacib məsələ sayılır. İstehlak prosesindən sonra tullantıların bir qismini yenidən istifadəyə yararlı hala gətirmək, mümkün olan materialları dövri olaraq istehlak prosesinə daxil etmək təbii sərvətlərin israfının və ekoloji çirklənmənin qarşısını almağın, əlavə xammal bazası yaratmağın qısa və əlverişli yoludur. Təkrar emal həm də ilkin istehsaldan fərqli olaraq, asan və tez başa gəlir ki, bu da enerji qənaətinə imkan verir. Balaxanı Sənaye Parkı bu sahədə, demək olar ki, sahibkarlara geniş meydan açıb.
Balaxanı Sənaye Parkı 2011-ci ildə yaradılıb və "Təmiz Şəhər" ASC parkın idarəedici təşkilatı təyin edilib. İlkin mərhələdə 7 hektar ərazini əhatə edən sənaye parkına marağın artması nəzərə alınaraq sahəsi 10,15 hektara çatdırılıb. 2017-ci ildə açılışı olan parkın yaradılması ölkədə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, o cümlədən "yaşıl iqtisadiyyat"ın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir. Təkrar emal biznesini qurmaq, innovativ texnologiyaları tətbiq edərək "yaşıl istehsal"la məşğul olmaq istəyənlər üçün Balaxanı Sənaye Parkı əlverişli məkandır. Sənaye Parkında 
23 rezident qeydiyyatdan keçib və buradakı müəssisələrdə tullantılar təkrar emala cəlb olunub, "yaşıl məhsul" istehsalının artırılması istiqamətində fəaliyyət genişləndirilib.
2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması da "yaşıl iqtisadiyyat"ın yolunu genişləndirmək üçün atılan mühüm addımdır. Bu addımın Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransı Tərəflər Konvensiyasının 29-cu sessiyası (COP29) kimi mötəbər bir tədbirin Bakıda keçirilməsi ilə eyni ildə olması onun mühüm əhəmiyyət kəsb etməsinə dəlalət edir. Bu mənada bir neçə gün əvvəl "Qlobal Təkrar Emal Günü"ndə "Təmiz Şəhər" ASC-nin təsərrüfat sahələrinə təşkil edilən məlumat turunu COP29 çərçivəsində görülən əməli fəaliyyət kimi dəyərləndirmək olar. İctimai şəxslərin, bloqçu və media nümayəndələrinin iştirak etdikləri məlumat turunda "Təmiz Şəhər" ASC-nin fəaliyyəti, Bakıda bərk məişət tullantılarının idarə edilməsi və təkrar emal prosesi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, müasir texnoloji yeniliklər tətbiq edilməklə dayanıqlı inkişaf prinsiplərinə və ətraf mühitin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərən Balaxanı Sənaye Parkına sahibkarlar tərəfindən ümumilikdə 52 milyon manat investisiya qoyulub. Parkın fəaliyyəti dövründə 229 milyon manat dəyərində istehsal edilən məhsulun 23 milyon manatlığı xarici ölkələrə ixrac edilib. 25 rezidentin qeydiyyatdan keçdiyi Balaxanı Sənaye Parkında 1126 yeni iş yeri yaradılıb. 
COP29 öncəsi bu və bənzər tədbirlərin keçirilməsi ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmə işinə bir dəstəkdir. Məlumdur ki, COP29-da müzakirə ediləcək əsas məsələlər dünyada iqlim dəyişikliyinin və ətraf mühitin qorunması olacaq. Azərbaycan neft-qaz diyarı olsa da, ətraf mühitin qorunmasına töhfə verən ölkələrdəndir. Biz hazırda özümüzü ənənəvi enerji ilə təmin etsək də, ətraf mühitə ziyan vurmayan "yaşıl enerji" istehsalı üçün də əməli addımlar atırıq. Prezident İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad olunan ərazilərdə su, günəş və külək-elektrik stansiyaları tikilir və gələcəkdə bu sahədə görüləcək işlərin miqyasının daha da artacağı nəzərdə tutulur. Ona görə də paytaxtda və regionlarda yeni "yaşıl enerji" stansiyalarının tikilməsi istiqamətində elmi-tədqiqat və layihələndirilmə işləri sürətləndirilir. Elə COP29-un Bakıda keçirilməsinə qərar verilməsinin bir səbəbi də budur. 
Xatırladaq ki, BMT-nin ilk İqlim Dəyişikliyi Konfransı 1995-ci ildə Almaniyanın paytaxtı Berlində keçirilib. Maraqlıdır ki, 1999, 2001, 2017 və 2019-cu illərdə də Almaniya COP-a evsahibliyi edib. İsveçrə, Yaponiya, Argentina, Niderland, Mərakeş, Hindistan, İtaliya, Argentina, Kanada, Keniya, İndoneziya, Polşa (iki dəfə), Danimarka, Meksika, Cənubi Sudan, Qətər, Polşa, Peru, Fransa, Mərakeş, İspaniya, Birləşmiş Krallıq, Misir və Birləşmiş Ərəb Əmirlikləri ardıcıl olaraq BMT-nin tədbirinə qapı açıblar. Növbəti il Braziliya COP30-a evsahibliyi edəcək.

Züleyxa ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video