22 Avqust 2026 08:52
557
SİYASƏT
A- A+
Tarixi qardaşlıqdan strateji müttəfiqliyə

Tarixi qardaşlıqdan strateji müttəfiqliyə

 Prezident İlham Əliyevin Özbəkistanın  Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəsini göstərməklə yanaşı, bütövlükdə Türk dünyasının gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi mesajlarla zəngindir. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan ilə Özbəkistan arasında münasibətlər artıq ənənəvi dostluq və strateji tərəfdaşlıq çərçivəsini aşaraq müttəfiqlik, ortaq geosiyasi maraqlar və uzunmüddətli strateji hədəflər üzərində qurulan yeni mərhələyə daxil olub.

Azərbaycan və Özbəkistan münasibətlərinin ən mühüm xüsusiyyəti onların yalnız siyasi maraqlara söykənməməsidir. Ortaq tariximiz, dilimiz, mədəniyyətimiz, mənəvi dəyərlərimiz və xalqlarımız arasında əsrlər boyu formalaşmış qarşılıqlı rəğbət dövlətlərarası münasibətlərin möhkəm ictimai və mənəvi bazasını təşkil edir. 

Prezident İlham Əliyevin müsahibəsində də xüsusi vurğulandığı kimi, məhz bu möhkəm təməl üzərində qurulan münasibətlər son illərdə ən yüksək pilləyə – müttəfiqlik səviyyəsinə yüksəlib.

Bu yüksəlişdə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında formalaşmış qarşılıqlı etimad və səmimi dostluq münasibətlərinin xüsusi rolu vardır. Son beş ildə dövlət başçıları səviyyəsində 15 qarşılıqlı səfərin həyata keçirilməsi münasibətlərin intensivliyini göstərən olduqca mühüm göstəricidir.

Hesab edirəm ki, Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü modeli Türk dünyasında dövlətlərarası əməkdaşlığın uğurlu nümunələrindən biri kimi qiymətləndirilməlidir. Burada tarixi bağlılıq konkret siyasi iradə, iqtisadi maraqlar və ortaq gələcək vizyon ilə tamamlanır.

2024-cü ildə Prezident İlham Əliyevin Özbəkistana, 2025-ci ildə isə Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfərləri zamanı imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” bu tarixi yaxınlığa artıq konkret hüquqi-siyasi məzmun verir.

Azərbaycan–Özbəkistan münasibətlərinin mühüm üstünlüklərindən biri siyasi dialoqun iqtisadi əməkdaşlığa çevrilməsidir. Artıq söhbət yalnız qarşılıqlı ticarətdən deyil, ortaq investisiyalardan, birgə istehsaldan, energetika, nəqliyyat və logistika layihələrindən gedir.

2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması bu dinamikanın real iqtisadi ifadəsidir. Eyni zamanda, 500 milyon dollar ümumi kapitalla yaradılmış Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti qarşılıqlı investisiyaların genişləndirilməsi üçün mühüm institusional platformaya çevrilib.

Bu faktlar bir həqiqəti təsdiqləyir: Azərbaycan və Özbəkistan artıq yalnız ticarət tərəfdaşları deyil. İki ölkə birgə iqtisadi məkanın elementlərini formalaşdırmağa başlayan strateji tərəfdaşlardır.

Energetika sahəsində əməkdaşlığın genişlənməsi, xüsusilə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaradılmış “Yaşıl Dəhliz Birliyi”nin fəaliyyəti isə münasibətlərin gələcəyə hesablandığını göstərir. Xəzər üzərindən Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Azərbaycan vasitəsilə Qərb istiqamətinə çıxarılması perspektivi ölkəmizin regional enerji mərkəzi kimi rolunu daha da gücləndirir.

Prezident İlham Əliyevin müsahibəsində diqqəti cəlb edən ən mühüm strateji istiqamətlərdən biri nəqliyyat və logistika məsələsidir.

Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi iki ölkəni Şərqlə Qərbi birləşdirən marşrutların təbii tərəfdaşlarına çevirir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP ilə inteqrasiyası perspektivi isə bütövlükdə Avrasiya nəqliyyat xəritəsini dəyişdirə biləcək miqyasda layihədir.

Məncə, burada Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətin strateji nəticəsini xüsusilə görmək lazımdır. Azərbaycan artıq yalnız Cənubi Qafqaz ölkəsi kimi çıxış etmir. Ölkəmiz Mərkəzi Asiya–Xəzər–Cənubi Qafqaz–Türkiyə–Avropa geosiyasi və geoiqtisadi xəttinin əsas birləşdirici həlqələrindən birinə çevrilib.

Bu baxımdan Orta Dəhlizin əhəmiyyəti sırf tranzit gəlirləri ilə ölçülməməlidir. Bu dəhliz türk dövlətlərini coğrafi, iqtisadi və nəticə etibarilə siyasi baxımdan bir-birinə daha sıx bağlayan strateji infrastrukturdur.

Prezident İlham Əliyevin müsahibəsində səsləndirilən ən mühüm geosiyasi məqamlardan biri Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlıdır.

Azərbaycanın bu formata qoşulması nəticəsində əvvəllər “C5” kimi xarakterizə olunan əməkdaşlıq mexanizmi faktiki olaraq “C6” formatına çevrilib.

Bu, sadəcə diplomatik formatın genişlənməsi deyil. Bu qərarın arxasında yeni regional reallıq dayanır.

Azərbaycan coğrafi baxımdan Xəzərin qərb sahilində yerləşsə də, siyasi, tarixi, mədəni və iqtisadi baxımdan Mərkəzi Asiya ilə getdikcə daha sıx inteqrasiya olunur. Beləliklə, Xəzər dənizi artıq ayırıcı coğrafi məkan deyil, Azərbaycanla Mərkəzi Asiyanı birləşdirən strateji körpüyə çevrilir.

Hesab edirəm ki, Prezident İlham Əliyevin ardıcıl xarici siyasətinin mühüm nəticələrindən biri məhz budur: Azərbaycan müxtəlif regionların kəsişməsində yerləşən dövlətdən həmin regionları birləşdirən siyasi və iqtisadi mərkəzə çevrilir.

Azərbaycan–Özbəkistan  münasibətlərini  Türk dünyasında gedən böyük inteqrasiya prosesindən kənarda qiymətləndirmək mümkün deyil.

Prezident İlham Əliyevin müsahibəsində Türk Dövlətləri Təşkilatının gələcəyi ilə bağlı verilən mesajlar xüsusi əhəmiyyət daşıyır. Qəbələdə keçirilmiş TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə təşkilatın möhkəmləndirilməsi, Türk dünyasında daha sıx birliyin təmin olunması, onun siyasi, iqtisadi və hərbi gücünün artırılması və qlobal arenada təsir və güc mərkəzinə çevrilməsi istiqamətində mühüm qərarların qəbul edilməsi təsadüfi deyil.

Bu, Türk Dövlətləri Təşkilatının gələcəyi haqqında kifayət qədər aydın strateji baxışdır.

Dünyada yeni güc mərkəzlərinin formalaşdığı, ənənəvi beynəlxalq münasibətlər sisteminin ciddi transformasiya keçirdiyi bir dövrdə Türk dünyasının böyük demoqrafik potensialı, zəngin enerji ehtiyatları, Şərqlə Qərb arasındakı strateji coğrafiyası və ortaq tarixi-mədəni bazası onun beynəlxalq münasibətlər sistemində çəkisini artırır.

Azərbaycan və Özbəkistan bu prosesin aparıcı dövlətləri sırasındadır. Ölkələrimizin TDT çərçivəsində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat-logistika imkanlarının və humanitar əməkdaşlığın inkişafına verdiyi töhfə Türk dünyasında inteqrasiyanın real məzmun qazanmasına xidmət edir.

Prezident İlham Əliyevin müsahibəsinin ümumi siyasi mahiyyətinə nəzər saldıqda daha böyük mənzərə görünür.

Azərbaycanın xarici siyasəti bu gün bir neçə strateji istiqaməti vahid konsepsiyada birləşdirir: 

Cənubi Qafqazda yeni reallığın möhkəmləndirilməsi, Mərkəzi Asiya ilə inteqrasiyanın dərinləşdirilməsi, Türk Dövlətləri Təşkilatının gücləndirilməsi, Orta Dəhlizin inkişafı, enerji marşrutlarının şaxələndirilməsi və Şərqlə Qərb arasında Azərbaycanın strateji mövqeyinin daha da möhkəmləndirilməsi.

Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərinin strateji tərəfdaşlıq və müttəfiqlik əsasında genişlənməsi, ölkəmizin Məşvərət görüşlərində tamhüquqlu iştirakı bunun ən aydın göstəricilərindəndir. Prezidentin müsahibəsində də vurğulandığı kimi, bu əməkdaşlıq mexanizmləri yalnız dövlətlərarası əlaqələrin inkişafına deyil, bütövlükdə Avrasiya məkanında sülhə, sabitliyə və davamlı tərəqqiyə xidmət edir.

Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu və milli maraqlara əsaslanan siyasətin nəticəsində Azərbaycan regionda prosesləri müşahidə edən deyil, yeni əməkdaşlıq formatlarının formalaşmasında iştirak edən, təşəbbüs irəli sürən və müxtəlif geosiyasi məkanları birləşdirən dövlət mövqeyindədir.

Azərbaycan–Özbəkistan müttəfiqliyinin güclənməsi də məhz bu siyasətin mühüm tərkib hissəsidir. İki qardaş dövlət arasında yüksələn strateji tərəfdaşlıq Azərbaycan və Özbəkistan xalqlarının rifahına xidmət etməklə yanaşı, Türk dünyasının birliyini möhkəmləndirir, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni əməkdaşlıq məkanı yaradır və Avrasiyanın gələcək siyasi-iqtisadi arxitekturasının formalaşmasına mühüm töhfə verir.

Bu baxımdan Prezident İlham Əliyevin Özbəkistan mediasına verdiyi müsahibə təkcə Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü mənzərəsi deyil, eyni zamanda Azərbaycanın Türk dünyası və Mərkəzi Asiya ilə bağlı uzunmüddətli strateji baxışının ifadəsidir.


Müşfiq Məmmədli,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalanıb

21:44
22 Avqust

Premyer Liqa: "Qəbələ" öz meydanında "Şəfa"ya uduzub

20:41
22 Avqust

Azərbaycan və Özbəkistan arasında qardaşlıq və strateji müttəfiqlik münasibətləri daha da möhkəmlənir

20:32
22 Avqust

Almaniya Ukraynaya 60 milyon avro dəyərində yardım göstərəcək

19:49
22 Avqust

Robot 100 metr məsafəyə qaçışda Usain Boltun rekordunu qırıb

17:37
22 Avqust

Milli Qəhrəman İsgəndər Aznaurovun xatirəsi anılıb

16:27
22 Avqust

“Met Office”dən xəbərdarlıq: Güclü El-Nino qlobal temperaturu yüksəldəcək

15:49
22 Avqust

Böyük Britaniya miqrantların ölkələrinə könüllü qayıdışı üçün təxminən 40 milyon funt sterlinq xərcləyib

15:29
22 Avqust

Türkiyədə ilin sonunadək bütün F-16 parkı modernləşdiriləcək

14:51
22 Avqust

Azərbaycan neftinin qiyməti 97 dollar olub

13:42
22 Avqust

Dağları yaran Kəlbəcər-Laçın yolunun yarıdan çoxu hazırdır

13:20
22 Avqust

Sabaha olan hava proqnozu açıqlanıb

12:57
22 Avqust

Türkiyədə keçirilən XXII Beynəlxalq Qafqaz Rəqs və Musiqi Festivalı başa çatıb

12:49
22 Avqust

Azərbaycandan tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

11:43
22 Avqust

Ötən gün Azərbaycanda 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb  

11:19
22 Avqust

Xəzər dənizində zəlzələ baş verib

11:18
22 Avqust

Ekspert: Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat şəbəkələrində Azərbaycanın mövqeyini möhkəmləndirəcək  

11:16
22 Avqust

Azərbaycan və Özbəkistan çoxvektorlu siyasəti dəstəkləyir

11:09
22 Avqust

Polis əməkdaşları axtarışda olan şəxsləri saxlayıb, külli miqdarda çətənə kolu və silah-sursat aşkarlayıb  

10:58
22 Avqust

Azərbaycan səfiri etimadnaməsini Kosta Rika Prezidentinə təqdim edib  

10:29
22 Avqust

Azərbaycan güləşçilərinin dünya çempionatında qazandıqları medal sayı 7-yə çatıb

10:23
22 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!