Tailand mübahisəli sərhəd boyunca bir neçə ərazidə döyüşlərin başlamasından sonra bu gün Kambocaya hava zərbələri endirdiyini bildirib.
AZƏRTAC xəbər verir ki, hava zərbələri iki ölkənin bir-birini ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə əldə edilən atəşkəsi pozmaqda ittiham etməsindən sonra baş verib.
Tailand ordusunun nümayəndəsi yerli vaxtla səhər saat 5:00 radələrində şiddətlənən yeni toqquşmalar nəticəsində ən azı bir əsgərin öldüyünü, səkkiz nəfərin yaralandığını bildirib və Kamboca hərbi obyektlərini hədəf almaq üçün havadan dəstəyin çağırıldığını əlavə edib.
Tailand Hərbi Hava Qüvvələrindən bildirilib ki, Kamboca ağır silahları səfərbər edib, döyüş bölmələrini yenidən dislokasiya edib və hərbi səyləri gücləndirə biləcək dəstək elementləri hazırlayıb.
Kamboca Müdafiə Nazirliyinin açıqlamasında isə Tailand qüvvələrinin bir neçə gün davam edən təxribatçı hərəkətlərdən sonra iki yerdə səhər tezdən onların qüvvələrinə zərbələr endirdiyi, lakin buna cavab verilmədiyi qeyd edilib. Döyüşlərdə üç Kamboca vətəndaşı ağır yaralanıb.
Ölkələr arasında yavaş-yavaş alovlanan sərhəd mübahisəsi iyul ayında beş günlük münaqişəyə çevrilib və bundan sonra Malayziyanın Baş naziri Ənvər İbrahim və ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə atəşkəs əldə edilib. ABŞ Prezidenti oktyabr ayında Kuala Lumpurda iki ölkə arasında genişləndirilmiş sülh sazişinin imzalanması mərasimində də iştirak edib.
“Hərbi əməliyyatların yenidən başlaması iki qonşu arasında münasibətlərin sabitləşdirilməsi üzrə görülən əziyyətli işi puça çıxara bilər”, - deyə Malayziyanın Baş naziri Ənvər İbrahim “X” hesabındakı paylaşımında yazıb.
Tailand ordusunun məlumatına görə, ölkənin dörd sərhəd rayonundan 385 mindən çox mülki şəxs təxliyə edilib, onların 35 mindən çoxu artıq müvəqqəti sığınacaqlarda yerləşdirilib.
Sərhədin digər tərəfində də dinc sakinlər münaqişə zonasını tərk edirlər.
Tailand və Kamboca bir əsrdən çoxdur ki, 817 kilometrlik quru sərhədləri boyunca işarələnməmiş nöqtələr üzərində suverenlik mübahisəsi aparır. Bu sərhədlər ilk dəfə 1907-ci ildə Fransa tərəfindən Kambocanı müstəmləkə kimi idarə edərkən xəritələşdirilib.