"Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri tarixdən gələn ortaq köklərə, eyni milli-mənəvi dəyərlərə və qarşılıqlı etimada söykənən nümunəvi əməkdaşlıq modelidir. Bu model təkcə iki dövlət arasında siyasi və iqtisadi münasibətləri deyil, eyni zamanda xalqların mənəvi birliyini, ortaq mədəniyyətini və gələcəyə birgə baxışını özündə ehtiva edir".
Bu fikirləri AZƏRTAC-a açıqlamasında türk turizm eksperti Adnan ZAMBURKAN bildirib.
Ekspert qeyd edib ki, son illərdə iki ölkənin dövlət başçılarının siyasi iradəsi nəticəsində Azərbaycan-Türkiyə əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəlib. Enerji, nəqliyyat, müdafiə sənayesi, ticarət, təhsil, elm, səhiyyə, rəqəmsallaşma, mədəniyyət və turizm kimi strateji sahələrdə əməkdaşlıq daha da genişlənib.
Onun sözlərinə görə, Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan-Türkiyə münasibətlərini hüquqi baxımdan müttəfiqlik səviyyəsinə yüksəldən tarixi sənəddir. Bu sənəd iki qardaş ölkənin təhlükəsizlik, müdafiə, iqtisadiyyat, humanitar əməkdaşlıq və regional sabitlik istiqamətində birgə fəaliyyətini daha da möhkəmləndirib.
Adnan Zamburkan bildirib ki, Azərbaycan və Türkiyə arasında humanitar əməkdaşlıq münasibətlərin ən mühüm istiqamətlərindən biridir. Qarşılıqlı şəkildə keçirilən mədəniyyət günləri, musiqi festivalları, teatr tamaşaları, kino həftələri, kitab sərgiləri və incəsənət layihələri xalqlar arasında qarşılıqlı anlayışın və mənəvi bağların daha da güclənməsinə xidmət edir.
"Türkiyədə Azərbaycan mədəniyyətinə maraq ildən-ilə artır. Eyni zamanda Azərbaycanda da Türkiyə mədəniyyətinə böyük sevgi və hörmət var. Bu qarşılıqlı maraq xalqlarımızın ortaq köklərinin və ortaq mənəvi dəyərlərinin təbii nəticəsidir", - deyə ekspert vurğulayıb.
Turizm sahəsinə toxunan Adnan Zamburkan qeyd edib ki, son illərdə bu istiqamətdə əməkdaşlıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Qarşılıqlı turist axınının artması, viza prosedurlarının sadələşdirilməsi, şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər imkanları, birbaşa aviareyslərin sayının çoxalması və turizm şirkətləri arasında əməkdaşlığın genişlənməsi insanların gediş-gəlişini daha da asanlaşdırıb. Azərbaycan turistləri Türkiyənin İstanbul, Antalya, Muğla, İzmir, Trabzon və Kapadokiya kimi məşhur turizm bölgələrinə böyük maraq göstərirlər. Eyni zamanda Türkiyədən gələn turistlərin Bakıya, Şuşaya, Qarabağa, Qəbələyə, Şəkiyə, Naftalana, Qusara və Azərbaycanın digər turizm məkanlarına marağı da durmadan artır.
Ekspertin sözlərinə görə, Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri bölgənin beynəlxalq turizm xəritəsində öz layiqli yerini tutmasına şərait yaradır. Tarixi və dini abidələrin bərpası, yeni yolların, hava limanlarının, mehmanxanaların və müasir turizm infrastrukturunun yaradılması gələcəkdə Türkiyədən bu bölgəyə turist axınının daha da artmasına səbəb olacaq.
O deyib ki, Azərbaycan və Türkiyə beynəlxalq turizm sərgilərində birgə iştirak etməklə türk dünyasının zəngin mədəni irsini və turizm potensialını birlikdə tanıda bilər: "Ortaq turizm marşrutlarının hazırlanması, tarixi İpək yolunu əhatə edən layihələrin genişləndirilməsi, ortaq reklam kampaniyalarının həyata keçirilməsi və rəqəmsal turizm platformalarının yaradılması hər iki ölkənin turizm sektoruna əlavə töhfələr verəcək. Ali təhsil müəssisələri arasında əməkdaşlıq, turizm üzrə mütəxəssis hazırlığı, tələbə mübadiləsi proqramları, peşə təhsili layihələri və birgə elmi tədqiqatlar da gələcək əməkdaşlığın əsas istiqamətlərindən biri olmalıdır. Turizm təkcə iqtisadi gəlir mənbəyi deyil. Turizm xalqları bir-birinə yaxınlaşdıran, mədəniyyətləri tanıdan və qarşılıqlı etimadı möhkəmləndirən ən güclü vasitələrdən biridir. Azərbaycan və Türkiyə bu sahədə çox böyük üstünlüklərə malikdir və bu potensialdan birgə istifadə etməlidir".
Adnan Zamburkan hesab edir ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən layihələr də Azərbaycan və türkiyə arasında turizm və mədəni əlaqələrin daha da genişlənməsinə yeni imkanlar açır: "Ortaq mədəni irsin qorunması, türk dünyasının tarixi abidələrinin beynəlxalq səviyyədə tanıdılması və birgə turizm marşrutlarının hazırlanması gələcək əməkdaşlığın mühüm istiqamətlərindəndir. Azərbaycan-Türkiyə münasibətləri bütün dünyada qardaşlıq, etimad və qarşılıqlı dəstəyə əsaslanan ən uğurlu dövlətlərarası əməkdaşlıq modellərindən biri kimi qəbul olunur. Bu möhkəm təməl üzərində qurulan münasibətlər gələcək illərdə də mədəniyyət, turizm, iqtisadiyyat, təhsil və digər sahələrdə yeni nailiyyətlərlə zənginləşəcək, həm iki qardaş ölkənin rifahına, həm də bütövlükdə türk dünyasının inteqrasiyasına mühüm töhfələr verəcək".