30 Mart 2024 08:50
405
İQTİSADİYYAT
A- A+

Sərmayə varsa, inkişaf da var

 

Cari ilin iki ayında əsas kapitala 2,6 milyard manatdan çox investisiya qoyulub

 

Dünya iqtisadiyyatında vaxtaşırı qlobal böhranların baş verməsi məlum faktdır. Bir dövr iqtisadiyyatda durğunluq və geriləmə baş verir, məhsul istehsalı azalır, insanların sosial vəziyyəti pisləşir. Aradan bir müddət ötdükdən sonra isə yenidən sürətli inkişaf dövrü başlayır.
Sovetlər birliyi dönəmində kommunist ideoloqları bunu iqtisadi tərəfdən yox, siyasi mövqedən izah edirdilər. Hər şeyin "mənfur kapitalizm"in liberal iqtisadiyyatı nəticəsində baş verdiyi deyilir, bu işdə birbaşa "kapitalist ölkələri" günahlandırılırdı. Əks cəbhədə olan iqtisadçılar isə bunun normal iqtisadi proses olduğunu bildirirdilər.
Artıq bir-biri ilə mübarizə aparan iki siyasi sistem yoxdur. Demək olar, bütün dünya sərbəst bazar iqtisadiyyatı modelinə keçib. Bir-birini dünya iqtisadi böhranına səbəb olmaqda suçlamanın siyasi-ideoloji əsası da aradan qalxıb. Ancaq iqtisadi böhranlar zaman-zaman davam edir. 
Hazırda dünya iqtisadiyyatında özünü göstərən çətinliklərdə liberal iqtisadiyyatın günahı yoxdur. Əgər ötən əsrin əvvəllərindəki qlobal iqtisadi böhranlar iqtisadi qanunlara görə baş verirdisə, indi əksinədir. Bu gün dünya iqtisadiyyatına əsassız siyasi müdaxilələr nəticəsində bir durğunluq yaşanır və onun tam qlobal böhrana çevrilməsi an məsələsidir.
Məlumdur ki, dünya iqtisadiyyatının aparıcı qüvvəsi inkişaf etmiş ölkələrdir. Bu ölkələr yüksək texnologiyaların istehsalata tətbiqi sayəsində iqtisadiyyatda böyük uğurlar qazanırlar. Bununla belə, Asiyada da bir çox ölkələr Qərbin dəstəyi ilə öz iqtisadiyyatlarını inkişaf etdirə bilmişlər. Çin və "Asiya pələngləri" adlanan ölkələr buna misal ola bilər. İndi iş o yerə çatıb ki, həmin ölkələr ucuz işçi qüvvəsindən və xammaldan istifadə edib Qərbə meydan oxuyurlar. Son 10-20 il ərzində Çin iqtisadiyyatındakı yüksək inkişaf tempi ona gətirib çıxarıb ki, o, istehsal və iqtisadi gücünə görə tezliklə ABŞ-ni geridə qoyacaq. İndi baş verən Rusiya-Ukrayna müharibəsi və Çini cilovlamaq üçün ABŞ başda olmaqla Qərbin gördüyü əngəlləyici tədbirlər bunun qarşısını almağa hesablanıb. Bu rəqabətdən qalib çıxmaq üçün Qərb tərəfindən tətbiq edilən sanksiyaların nəticəsində dünya iqtisadiyyatındakı geriləmə qlobal böhranın başlamasına qədər gəlib çatıb. 
Əsas məsələ odur ki, bu prosesin nə vaxt və necə bitəcəyi barədə heç bir fikir yoxdur. Hazırda bir çox dövlətlər belə vəziyyətdən fərdi qaydada çıxış yolu tapmağa çalışır. Azərbaycan da bu sıradadır. Çünki iqtisadiyyatımız dünyaya açıqdır və ətrafda baş verən hadisələr ölkəmizə də təsirsiz ötüşmür.
Hazırda qlobal iqtisadiyyatda baş verən geriləmənin əsas səbəbi siyasi çəkişmə nəticəsində kapital qoyuluşunun aşağı düşməsidir. Məlumdur ki,  kapitallaşma iqtisadiyyatın qan damarıdır və onun kəsilməsi iqtisadi böhrana təkan verən əsas amillərdən biridir. Bu üzdən ölkəmizdə iqtisadi və sosial sahələrin investisiyalaşmasının dövlət tərəfindən həyata keçirilməsi uğurla davam edir.
Prezident İlham Əliyev iqtisadiyyatı çətin durumdan qurtarmağa xüsusi önəm verən dövlət başçılarındandır. Biz buna koronavirus pandemiyası zamanı şahid olduq. Azərbaycan iqtisadiyyatını qorumaq üçün dövlət və özəl sektorlara ciddi maliyyə dəstəyi verildi ki, istehsal dayanmasın, müəssisələr fəaliyyətlərini davam etdirsin. Belə də oldu. Azərbaycan iqtisadiyyatı koronavirus pandemiyasından minimum itki ilə çıxdı. 
İndi də Prezidentin birbaşa təşəbbüsü ilə dünyada baş verən ciddi geosiyasi mübarizədən qaynaqlanan çətinliklərin aradan qaldırılmasına dövlət dəstəyi davam edir. Təkcə 2023-cü ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 20 milyard 296,6 milyon manat və ya 2022-ci illə müqayisədə 9,8 faiz çox vəsait yönləndirilmişdir. Yatırılan ümumi sərmayənin 56,1 faizinin dövlətə məxsus olması o deməkdir ki, dövlət birbaşa iqtisadi və sosial sahələrin investisiyalaşmasını öz üzərinə götürmüşdür.
İqtisadi və sosial sahələrə kapital qoyuluşu cari ildə də davam edir. Bu ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 2 milyard 638,1 milyon manat və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz çox investisiya qoyulmuşdur. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, hesabat dövründə yatırılan ümumi sərmayənin 60,5 faizi dövlət, 39,5 faizi qeyri-dövlət sektorları tərəfindən yatırılmışdır. Cari ilin ilk iki ayında iqtisadiyyata qoyulan kapitalın 80,4 faizi daxili mənbələr hesabına formalaşmışdır. 
Ötən ayların statistik göstəricilərinə diqqət yetirdikdə görürük ki, dövlət bu il də ölkə iqtisadiyyatına ciddi investisiya qoyuluşuna hazırlaşır. Bu isə o deməkdir ki, ölkəmiz cari il də iqtisadiyyatın kapitallaşmasında xarici sərmayənin ümidinə qalmayacaq. Daxili mənbələr hesabına  iqtisadiyyatın yüksək səviyyədə investisiyalaşdırılması ilin sonunda  iqtisadi inkişafa nail olmağa imkan yaradacaq. 

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video