30 Mart 2024 08:20
249
SİYASƏT
A- A+

Rusiya Ermənistana diplomatik müharibə elan edib

 

Bəs İran niyə susur?!

 

Cənubi Qafqazda yaşanan siyasi reallıqlarla barışmayan qüvvələr yeni planlar hazırlayırlar. ABŞ və bəzi Avropa ölkələri regionda yeni münaqişə ocağının yaranması üçün əllərindən gələni edirlər. Aprelin 5-də keçiriləcəyi gözlənilən ABŞ-Aİ-Ermənistan görüşü də Hayastana açıq dəstəyi nümayiş etdirmək və Cənubi Qafqazla bağlı planların müzakirə olunması məqsədi daşıyır.
Əgər əvvəllər Azərbaycan və Ermənistan arasında sülhü dəstəklədiklərini, münasibətlərin normallaşmasının tərəfdarı olduqlarını dilə gətirərək gözdən pərdə asmağa çalışırdılarsa, artıq işğalçı və təcavüzkarı müdafiə etdiklərini açıq şəkildə nümayiş etdirirlər. Təbii ki, burada əsas məqsəd Ermənistanın arzusunu yerinə yetirmək deyil, öz maraqlarını qorumaq üçün bu ölkədən vasitə kimi istifadə etməkdir.
ABŞ və Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında sülhü dəstəklədiklərini bəyan etsələr də, əslində, Cənubi Qafqaz regionunda yeni münaqişə ocağı yaratmağa cəhd göstərirlər. Qərbin Ermənistanı silahlandırması da bu məqsədə xidmət edir. 
Fakt budur ki, ABŞ-Aİ-Ermənistan 5 apreldə keçiriləcək görüşdə Hayastan silahlı qüvvələrinə silah tədarük olunması, eləcə də Avropa İttifaqının Ermənistandakı missiyasının NATO missiyasına çevrilməsi məsələləri müzakirə ediləcək. Bu isə o deməkdir ki, Avropa İttifaqının missiyasını konkret olaraq ABŞ hərbi qüvvələri əvəzləyə bilər. 
Belə bir addım birbaşa Azərbaycana deyil, həm də Rusiyaya qarşı yönəlmiş təxribatdır. Təbii ki, ABŞ hərbçilərinin regiona yerləşdirilməsi qonşu İranı da ciddi narahat etməlidir. Çünki bu durum İrana da təsirsiz ötüşməyə bilər.  
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "İzvestiya" informasiya portalına müsahibəsində səsləndirdiyi fikirlər də təsdiq edir ki, Aİ-nin Ermənistandakı missiyası NATO missiyasına çevrilir. "İndi, üstəlik, Norveç, Kanada və ABŞ-dən olan hərbçilər oraya göndərilir və Avropa İttifaqının missiyası getdikcə Şimali Atlantika Alyansının missiyasına çevrilir", - deyən nazir vurğulayıb ki, Ermənistandakı vəziyyət nikbinlik yaratmır. Ölkə rəhbərliyi uydurma bəhanələrlə işi Rusiya ilə münasibətlərin pozulmasına aparır. "Ermənistan rəhbərliyi, açıq desək, uydurma bəhanələrlə, son üç ilin üç il yarımlıq tarixini təhrif edərək işi bilərəkdən Rusiya ilə münasibətlərin pozulmasına, 102-ci hərbi bazada xidmət edən hərbçilərimizin, sərhədçilərimizin fəaliyyətinin gözdən salınmasına, bütövlükdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının gözdən salınmasına aparır", - deyə Lavrov bildirib. Rusiyanın xarici işlər naziri əlavə edib ki, məhz KTMT çətin vəziyyətlərdə Ermənistanın maraqlarını dəfələrlə müdafiə edib və 2021-ci ildə Azərbaycanla münasibətlərindəki gərginliyi azaltmaq üçün bu ölkəyə öz sülhməramlı missiyasını göndərməyə hazır olub. O xatırladıb ki, bu missiyanın mandatı 2021-ci ilin payızında İrəvanda keçirilən nazirlərin görüşündə tam razılaşdırılıb, bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyan konsensusun olmadığını bəyan edib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə özünün teleqram kanalında qeyd edib ki, Ermənistan bütün dünyanın gözü qarşısında kollektiv Qərbin erməni xalqının köklü maraqlarına tamamilə zidd olan son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrilir: "Vaşinqtonda, Brüsseldə və İrəvanda özlərini elə göstərirlər ki, aprelin 5-də gözlənilən yüksəksəviyyəli Ermənistan-Aİ-ABŞ görüşünün niyə bir çoxlarında "narahatlığa" səbəb olmasına təəccüb edirlər. İddia edirlər ki, sanki o, heç bir üçüncü tərəfə qarşı yönəlməyib".
Mariya Zaxarovanın sözlərinə görə, belə hadisələr Rusiyada narahatlıq doğurur, çünki ABŞ və Aİ nümayəndələri Rusiyanın tərəfdaşlarına açıq şəkildə deyirlər ki, onların əsas istiqaməti yalnız Rusiyaya qarşıdır. "Belə görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur, çünki onlar Azərbaycanla Ermənistan arasında sülhün əldə edilməsinə deyil, Qərbi özünün son dərəcə dağıdıcı yanaşmaları ilə Cənubi Qafqaza daha çox müdaxilə etmək, orada yeni bölücü xətlər yaratmaq, ölkələri regionun anti-Rusiya gündəmini izləməyə məcbur etmək, onların Moskva ilə çoxəsrlik əlaqələrini pozmaq, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərini zəiflətmək məqsədi daşıyır", - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirir.
M.Zaxarovanın fikrincə, rəsmi İrəvanın nədən söhbət getdiyini başa düşmədiyini iddia etməsi böyük sual doğurur. Axı bütün dünyanın gözü qarşısında Ermənistanın kollektiv Qərbin erməni xalqının köklü maraqlarına tamamilə zidd olan son dərəcə təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevrildiyini hər kəs görür...
Bütün bunlar onu deməyə əsas verir ki, faktiki olaraq Rusiya Ermənistana diplomatik müharibə elan edib. Hadisələrin gedişatı göstərir ki, Rusiya mövqelərini qoruyub saxlamaq üçün digər vasitələrdən də istifadə edə, hücum planı həyata keçirə bilər. 
Bəs bu prosesə İranın cavabı nə olacaq görəsən? 
Əlbəttə ki, ABŞ hərbçilərinin regiona yerləşdirilməsi ilk növbədə İranı narahat etməlidir. Çünki İran heç bir zaman regiona hər hansı xarici dövlətin müdaxiləsini istəməyib. İndi İran rəsmilərinin bütün bunları bilə-bilə susqunluq nümayiş etdirməsi maraq doğurur. Yəqin ki, bu ölkənin səsi aprelin 5-də veriləcək qərardan sonra çıxacaq. 

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video