Cari ilin ilk doqquz ayında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) üzrə yükdaşımaların həcmi 30 faiz, Çindən Qərb istiqamətində konteyner daşımaları isə 64 faiz artıb. Artan tələbatı qarşılamaq məqsədilə Azərbaycan və Qazaxıstan Xəzər dənizində ticarət donanmalarının genişləndirilməsinə və liman infrastrukturunun modernləşdirilməsinə sərmayə yatırırlar.
AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın “Financial Intelligence” nəşri məlumat yazıb.
Nəşr qeyd edir ki, Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan Orta Dəhlizin beynəlxalq yükdaşımalar sistemində əhəmiyyəti getdikcə artır.
Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına əsasən, son beş ildə dəhliz üzrə yükdaşımaların həcmi 800 min tondan 4,5 milyon tona yüksəlib. 2025-ci ildə daşımalar 4,1 milyon ton təşkil etsə də, cari ildə yenidən artım müşahidə olunur.
Rumıniya nəşri Azərbaycanın gəmiqayırma sənayesinin dəhlizin inkişafında mühüm rol oynadığını xüsusi vurğulayır. Bildirilir ki, Bakı Gəmiqayırma Zavodunda Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərindən olan tərəfdaşların iştirakı ilə dörd gəmi inşa edilir.
Layihələrdən biri hər birinin tutumu 780 TEU olan iki konteyner gəmisinin, digəri isə Qazaxıstanın “KTZ Express Shipping” şirkəti üçün iki universal quru yük gəmisinin tikintisini nəzərdə tutur.
Məqalədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) imkanlarına da diqqət yetirilir. Bildirilir ki, şirkətin ticarət donanmasında 56 gəmi, o cümlədən 23 tanker, 13 bərə, 16 quru yük gəmisi, iki Ro-Ro və iki Ro-Pax tipli gəmi fəaliyyət göstərir.
2025-ci ildə ASCO gəmiləri ilə təxminən 9,1 milyon ton yük daşınıb. Quru yük daşımaları 45 faizdən çox, konteyner daşımaları isə 203 faiz artıb.
Nəşr, həmçinin Azərbaycan və Qazaxıstan arasında Transxəzər dəhlizinin inkişafına dair imzalanmış sazişə toxunur. Sənəd nəqliyyat infrastrukturunun təkmilləşdirilməsini, dəmir yolu, avtomobil və liman daşımalarında mövcud maneələrin aradan qaldırılmasını, eləcə də Xəzər dənizində gəmiçilik imkanlarının genişləndirilməsini nəzərdə tutur. Bununla yanaşı, məqalədə Xəzər dənizinin səviyyəsinin azalmasının gəmiçilik və limanların fəaliyyəti üçün ciddi çətinliklər yaratdığı qeyd edilir. Qazaxıstan bu problemin təsirini azaltmaq məqsədilə Aktau limanında dərinləşdirmə işlərinə başlayıb.
Azərbaycanlı nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, Orta Dəhlizin inkişafı üçün təkcə yeni gəmilərin alınması deyil, mövcud donanmanın yenilənməsi və limanların modernləşdirilməsi də vacibdir. Ekspertin sözlərinə görə, Azərbaycanda Qazaxıstan üçün inşa olunan yeni konteyner gəmilərinin tutumu əvvəlki gəmilərlə müqayisədə təxminən 2,2 dəfə yüksək olacaq.
“Financial Intelligence” vurğulayır ki, Azərbaycan və Qazaxıstanın birgə investisiyaları Orta Dəhlizin Asiya ilə Avropa arasında alternativ ticarət marşrutu kimi mövqeyinin möhkəmlənməsinə xidmət edir.