Yaponiyalı alimlər maye karbon qazı ilə emalın polyester liflərdəki piqmentlərin yenidən paylanmasına və parçaların rənginin dəyişdirilməsinə imkan verdiyini müəyyən ediblər. Bu üsul rəngli polyester parçaların təkrar emalına yeni imkanlar yaradır. Hazırda bu materiallardan hazırlanan tekstil məhsullarının böyük hissəsi tullantı poliqonlarına atılır və mikroplastik çirklənmə mənbəyinə çevrilir.
Universitetin dosenti Jyen Tsyanhua bildirib ki, istifadə olunmuş və ya rənglənmiş polyester parçalar boyaq maddələrinin liflərdən ayrılması üçün böyük miqdarda su və enerji tələb olunduğundan, əksər hallarda təkrar emal edilmir. Alimlər isə maye karbon qazından istifadə etməklə piqmentlərin liflər arasında yenidən paylanmasına nail olublar.
Tədqiqatçıların sözlərinə görə, polyester geyim, tekstil məhsulları, lif və sap istehsalında geniş istifadə olunur. Lakin bu materiallardan hazırlanan məhsulların yalnız təxminən 1 faizi təkrar emal edilir. Nəticədə hər il təqribən 92 milyon ton köhnəlmiş və ya dəbdən düşmüş geyim və digər tekstil tullantısı poliqonlara atılır.
Polyesterin təkrar emalını çətinləşdirən əsas amillərdən biri onun liflərinin boyaq maddələrini möhkəm saxlaması və əksər həlledicilərin təsirinə davamlı olmasıdır. Üstəlik, bəzi həlledicilər parçanın mexaniki xüsusiyyətlərini də zəiflədə bilər. Yaponiyalı kimyaçılar bu problemin həlli üçün maye karbon qazından istifadə ediblər. Xüsusi şəraitdə saxlanılan superkritik karbon qazı həm maye, həm də qaz xüsusiyyətləri göstərərək polyester liflərin daxilinə asanlıqla nüfuz edir. Sənayedə bu xüsusiyyətdən uzun müddətdir polyesterin ilkin rənglənməsi üçün istifadə olunur.
Alimlər müəyyən ediblər ki, müxtəlif rəngli polyester liflərin qarışığı karbon qazı ilə emal edildikdə, boyaq maddələrinin bir hissəsi liflər arasında miqrasiya edir və nəticədə parçanın rəngi dəyişir. Məsələn, tədqiqatçılar mavi və sarı liflərin qarışığını yaşıl çalara çevirməyə nail olublar. Prosedur təxminən 90 dəqiqə çəkir və karbon qazının mayeləşdirilməsi üçün nisbətən az enerji tələb edir. Tədqiqatçılar hesab edirlər ki, bu texnologiya həlledicilərə davamlı rəngli polyester parçaların təkrar emalını asanlaşdıra, tekstil tullantılarının həcmini və ətraf mühitin mikroplastiklə çirklənməsini azaltmağa kömək edə bilər.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”