İnnovativ qanunvericilik təşəbbüsləri rəqəmsal transformasiya üzrə strateji kursun məntiqi davamıdır
"Rəqəmsal inkişaf ölkəmizin gələcəyini müəyyən edir".
İlham ƏLİYEV
Son dövrlər rəqəmsal inkişaf və innovativ iqtisadiyyatın formalaşması ilə bağlı gündəliyin aktuallaşması, heç şübhəsiz, Prezident İlham Əliyev tərəfindən bu sahədə strateji baxışın və dövlət siyasətinin elan edilməsi ilə bağlıdır. Eyni zamanda milli iqtisadiyyatımızın innovativ və rəqəmsal relslər üzərinə keçirilməsini yeni dövrün hədəfləri diktə edir. Bunlar iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, məhsuldarlığın artırılması, yüksək əlavə dəyər yaradan fəaliyyətlərin genişləndirilməsi və rəqabət qabiliyyətinin artırılmasıdır. Rəqəmsal transformasiya və innovasiyasız bu hədəflərə nail olmaq mümkün deyil.
İnnovasiyalar sahəsində ilk qanunvericilik təşəbbüsləri
Azərbaycan Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilmiş innovativ fəaliyyətin dəstəklənməsinə dair qanun layihələri dövlətimizin məhz yeni mərhələdə rəqəmsal və texnoloji inkişaf sahəsində təşəbbüslərini və strateji hədəflərini əks etdirir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında qanun layihələri geniş müzakirə olunmuş və plenar iclasda 1-ci oxunuşa təqdim edilmişdir. Deputat həmkarlarımız dövlət başçısının innovativ qanunvericilik təşəbbüslərini dəstəkləməklə yanaşı, konseptual və məzmunlu çıxışları ilə rəqəmsal keçid strategiyasının mahiyyətini açıqlamış, bu sahədə maarifləndirmə işinə ilkin mərhələdə ciddi töhfə vermişlər.
Təqdim edilən layihələr mahiyyətcə ayrı-ayrı sənədlər deyil, əslində, bir-biri ilə sıx bağlı olan, vahid innovasiya zəncirinin hüquqi təminatını yaradan inteqrə olunmuş qanunvericilik paketidir. Bu səbəbdən də həmin layihələri birləşdirən vahid dövlət strategiyası, innovasiyalar sahəsində qanunvericilik təşəbbüsləri konseptual olaraq təqdim edilmişdir. Həmin kontekstdə "qanun nəyi dəyişir" sualına deyil, "niyə bu qanunları qəbul edirik" sualına cavab verilməsini məqsədəuyğun hesab edirik.
Azərbaycanın rəqəmsal inkişaf arxitekturası, siyasi iradəyə əsaslanan strateji baxış artıq ölkə ictimaiyyətinə təqdim edilmişdir. İndi isə bu strategiyanın hüquqi arxitekturasının qurulması zərurəti yaranır.
Strategiya inkişafın məqsədini və istiqamətini müəyyənləşdirir, qanunvericilik isə həmin inkişafın dayanıqlılığını, hüquqi mexanizmlərini təmin edir. Strategiya həmçinin siyasi iradəni ifadə edir, qanunlar isə həmin siyasi iradəni hüquqi normaya çevirir.
İnnovativ iqtisadiyyat platformasında yeni maliyyələşdirmə mexanizmləri, investorların hüquqlarının etibarlı müdafiəsi, intellektual mülkiyyətin qorunması, startapların təşviqi, heç şübhəsiz, qanunla təmin olunmalıdır.
Müzakirəyə çıxarılan qanun layihələri ölkə rəhbərliyi tərəfindən elan olunmuş strateji kursun məntiqi davamıdır və mahiyyət etibarilə innovativ iqtisadiyyatın hüquqi əsaslarının yaradılmasına xidmət edir. Eyni zamanda bu layihələr innovasiyalar sahəsində özəl sektorun genişlənməsini, bu sahəyə investisiyaların cəlb edilməsini və Azərbaycanın regional innovasiya mərkəzlərindən birinə çevrilməsini dəstəkləyən mühüm qanunvericilik təşəbbüsü kimi dəyərləndirilməlidir.
Davamlı innovativ inkişafa yalnız hüquqi təminatlar zəmanət verə bilər
Təqdim edilən qanun layihələrinin müddəalarını sadəcə olaraq yeni tənzimləyici hüquqi normaların təsbiti, qanunlara ənənəvi dəyişikliklər kimi qəbul etməməliyik. Bu təşəbbüslər innovasiya iqtisadiyyatının təşəkkülü istiqamətində atılan sistemli addımlardır və onun əsas missiyası Azərbaycan iqtisadiyyatını daha texnologiyayönümlü və dayanıqlı etməkdir. Tarixi təcrübə göstərir ki, texnologiyalar iqtisadiyyatı dəyişir, amma qanunlar həmin dəyişiklikləri davamlı və dayanıqlı inkişaf modelinə çevirir. Təqdim edilən innovativ qanun layihələri həm də "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı"nın icrasından irəli gəlir.
Hazırda ölkəmizdə startapların inkişafını təmin edən müasir maliyyələşdirmə mexanizmlərinin hüquqi bazası kifayət qədər formalaşmayıb. Təklif olunan qanun layihələri bu boşluğu aradan qaldırmaqla yerli və xarici investorların texnoloji sektora cəlb edilməsinə, innovasiya ekosisteminin genişlənməsinə təkan verəcək. Layihələrin məqsədi vençur, kraudfandinq və "mələk investor" kimi maliyyələşmə alətlərinin milli qanunvericilikdə tanınmasını təmin etmək, innovasiya, rəqəmsal texnologiyalar və süni intellekt sahəsində çoxşaxəli güzəştlər və təşviqlər üçün hüquqi əsaslar yaratmaqdır. Həmçinin bu layihələr rəqəmsal cəmiyyətin çoxsaylı anlayışlardan ibarət müasir, innovativ leksikonunu formalaşdırır. Heç bir innovasiya ekosistemi, heç bir rəqəmsal iqtisadiyyat yalnız inzibati qərarlarla və ya dövlət proqramları ilə inkişaf edə bilməz. İnnovasiyanın davamlı inkişafı yalnız hüquqi təminatlar mövcud olduqda mümkündür.
Vahid rəqəmsal inkişaf arxitekturası və innovasiyalara aparan yol xəritəsi
Təbii ki, öncə ölkəmizdə qurulmaqda olan vahid rəqəmsal inkişaf arxitekturasını vurğulamalıyıq. O, bir tərəfdən rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik üzrə fəaliyyət istiqamətlərini əhatə edir. Digər tərəfdən də bütöv bir sistem kimi rəqəmsal dövlət idarəçiliyini, rəqəmsal iqtisadiyyatı və rəqəmsal cəmiyyəti özündə birləşdirir. Əsas məqsəd ölkənin texnoloji potensialını gücləndirmək, innovasiyaya əsaslanan iqtisadi modelə keçidi sürətləndirmək və bu sahədə vahid dövlət siyasətini koordinasiyalı şəkildə həyata keçirməkdir.
İnnovasiyaların dövlət siyasətinin əsas istiqaməti olaraq elan edilməsi və müəyyənləşdirilməsi düşünülmüş, müasir çağırışları nəzərə alan uzunmüddətli strategiyadır. Strategiya dövlət siyasətini müəyyən edir, dövlət siyasəti innovativ iqtisadi modeli formalaşdırır, qanunvericilik isə həmin modeli dayanıqlı hüquqi sistemə çevirir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev rəqəmsal inkişafı dövlətimizin gələcəyini müəyyən edən mühüm amil kimi xüsusi vurğulamışdır. Təqdim olunan qanun layihələri də məhz həmin strateji baxışın qanunvericilik müstəvisində həyata keçirilməsinə xidmət edir.
Xatırlatmaq istərdik ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in 3-cü strateji istiqaməti "Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı" adlandırılmışdır. Azərbaycanda həmçinin rəqəmsal inkişaf sahəsində həm strateji baxışı müəyyən edən "Rəqəmsal İnkişaf Konsepsiyası", "Süni İntellekt Strategiyası", həm də icranı təmin edən "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı" təsdiq olunmuşdur. Bunun məntiqi davamı kimi 2026-cı il fevral ayının 11-də dövlət başçısının sədrliyi ilə "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilmişdir. Bu tədbir rəqəmsal inkişafla bağlı siyasi iradəni bir daha nümayiş etdirdi.
İlham ƏLİYEV: "Qarşıdakı dövr daha çox innovasiya, intellektual inkişaf dövrü olacaq"
Bir məqamı da nəzərə almalıyıq ki, innovativ inkişaf məsələləri son illər strateji sənədlərdə əksini tapsa da, o, heç də yeni dövrün prioriteti deyil. Hələ 2016-cı ildə Prezident İlham Əliyev qeyd edirdi ki, qarşıdakı dövr daha çox innovasiya, intellektual inkişaf dövrü olacaq... İnnovasiyalara üstünlük verilməlidir... Biz Azərbaycana qabaqcıl texnologiyaları gətirməliyik və kadr potensialı da hazırlanmalıdır ki, gələcəkdə texnoloji tərəqqidən kənarda qalmayaq. Dövlət başçısının bu fikirləri onu göstərir ki, rəqəmsal transformasiya artıq uzun illərdir ki, ölkənin ümumi inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi nəzərdə tutulub.
Son 10 il ərzində Azərbaycanda rəqəmsal keçidə hazırlıq istiqamətində dövlət tərəfindən çox mühüm işlər görülmüşdür. Dövlətimiz innovativ inkişafa nail olmaq üçün zəruri infrastruktur, institusional baza və rəqəmsal ekosistemi mərhələli şəkildə formalaşdırmışdır. Bu gün qəbul olunan strategiyalar və qanunvericilik paketi həmin uzunmüddətli hazırlıq mərhələsinin məntiqi yekunudur.
Fikrimizi əsaslandırmaq üçün indiyə kimi görülmüş işləri ardıcıllıqla təqdim etmək yetərlidir.
1. Rəqəmsal infrastrukturun yaradılması
* ölkə üzrə genişzolaqlı internet şəbəkəsi genişləndirildi;
* "Onlayn Azərbaycan" layihəsi həyata keçirildi;
* fiber-optik şəbəkələr genişləndirildi;
* yüksəksürətli internetin əhatə dairəsi əhəmiyyətli dərəcədə artırıldı.
2. Rəqəmsal dövlət idarəçiliyi sisteminin formalaşdırılması
* elektron hökumət xidmətləri inkişaf etdirildi;
* daha sonra "mygov" vahid rəqəmsal platforması istifadəyə verildi;
* dövlət xidmətlərinin rəqəmsallaşdırılması sürətləndirildi;
* vətəndaş-dövlət münasibətlərində rəqəmsal yanaşma geniş tətbiq olunmağa başladı.
3. Texnoloji infrastrukturun qurulması
* məlumat emalı mərkəzləri yaradıldı;
* dövlət məlumat sistemlərinin inteqrasiyası gücləndirildi;
* "Hökumət buludu" (G-Cloud) layihəsinə başlanıldı və dövlət qurumlarının informasiya sistemləri mərhələli şəkildə bu platformaya köçürüldü.
Rəqəmsal keçidin institusional aspektləri
Rəqəmsal keçid üçün zəruri infrastruktur yaradıldıqdan sonra nəzərdə tutulan tədbirlərin sürətlə və səmərəli icrası bu prosesin institusional aspektlərinə xüsusi diqqət yetirilməsini şərtləndirir. Rəqəmsal transformasiya sistemli xarakter daşıdığına görə bu sahədə dövlət orqanlarının birgə fəaliyyəti və müvafiq təşkilati mexanizmin yaradılması tələb olunur.
Fevralın 11-də keçirilmiş müşavirədə Prezident İlham Əliyev rəqəmsal keçid sahəsində dövlət qurumları arasında sıx koordinasiyanın aparılmasını, pərakəndəliyə yol verilməməsini xüsusi olaraq tapşırmışdır. Eyni zamanda nəzərdə tutulan işlərin daha sistemli həyata keçirilməsi üçün hər bir dövlət qurumunda rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik üzrə bir rəhbər məsul şəxsin təyin edilməsi tövsiyə olunmuş və bütün qurumlarda bu sahə prioritet istiqamət olaraq elan edilmişdir. O da tapşırılmışdır ki, dövlət qurumları üzrə göstərilən xidmətlər müxtəlif platformalar və tətbiqlər vasitəsilə deyil, vahid mərkəzdən - "mygov" üzərindən həyata keçirilsin. Bunlardan əlavə, müşavirədə rəqəmsal və innovativ inkişafla bağlı məsələlər üzrə müvafiq icra hakimiyyəti orqanlarının mandatı müəyyən edilmişdir. Rəqəmsal inkişaf və innovativ iqtisadiyyat üzrə kadr hazırlığının təşkili də əsas vəzifələrdən biri kimi qeyd olunmuşdur. Çünki rəqəmsal transformasiya çoxşaxəli və uzunmüddətli proses olduğuna görə gələcəkdə bu sahədə ixtisaslaşmış kadrlara böyük ehtiyac yaranacaq. Prezidentin digər mühüm tapşırıqlarından biri süni intellektin tətbiqinin dövlət qurumlarında vüsət almasına nail olmaq, dövlət məmurlarının öz gündəlik xidməti fəaliyyətlərində süni intellektdən geniş istifadə etməsini təşviq etmək olmuşdur.
Rəqəmsal transformasiya prosesinin institusional baxımdan çevik və səmərəli təşkili məqsədilə Prezident İlham Əliyev tərəfindən Rəqəmsal İnkişaf Şurası yaradılmışdır. Şuranın ilk iclasında müvafiq proqramların icrası, innovasiya siyasətinin vahid yanaşma əsasında həyata keçirilməsi və bu sahədə qanunvericilik bazasının formalaşdırılması məsələləri geniş müzakirə edilmişdir.
Formalaşmış institusional çərçivə rəqəmsallaşma ilə bağlı hər bir qurumun fəaliyyət dairəsini və mandatını müəyyən edir. Belə ki, rəqəmsal inkişaf strategiyası Prezident tərəfindən müəyyən edildikdən sonra onun icrasını hökumət həyata keçirir, hüquqi bazasını isə parlament formalaşdırır.
Qlobal rəqəmsal iqtisadiyyatda son inkişaf meyilləri
Azərbaycan rəqəmsallaşma üzrə qlobal transformasiyanın iştirakçısı olduğuna, ciddi hədəflər qarşıya qoyduğuna görə, bu sahədə dünyada baş verən meyillərin öyrənilməsini və təhlil olunmasını vacib hesab edirik. Nəzərə almalıyıq ki, dünya iqtisadiyyatı yeni inkişaf mərhələsinə daxil olmuşdur. İndi ölkələrin iqtisadi gücü və rəqabət üstünlüyü ənənəvi istehsal amilləri, o cümlədən təbii sərvətlərlə deyil, innovasiya və yeni texnologiyalar yaratmaq, onları iqtisadi dövriyyəyə cəlb etmək və yüksək əlavə dəyər formalaşdırmaq qabiliyyəti ilə ölçülür.
Hazırda qlobal rəqəmsal iqtisadiyyatın həcmi təxminən 24 trilyon dollara çataraq dünya üzrə ÜDM-in 21 faizini təşkil edir. Bu o deməkdir ki, dünyada yaradılan hər 5 dollarlıq əlavə dəyərin təxminən 1 dolları innovativ iqtisadiyyatın payına düşür. Rəqəmsal sektor üzrə qlobal illik artım tempi 8-9 faiz olmaqla, ənənəvi iqtisadiyyatdakı 3,1 faizlik artımı təxminən 3 dəfəyədək qabaqlayır. Dünyada rəqəmsal xidmətlərin ixracı 4 trilyon dolları keçib. Bu rəqəmlər onu göstərir ki, gələcəyin iqtisadiyyatında əsas ixrac məhsulu xammal deyil, yüksək əlavə dəyər yaradan texnoloji xidmətlər olacaq.
İdeya necə innovasiyaya çevrilərək yeni dəyər yaradır?
İnnovasiya yeni ideyanın yaranması deməkdir. Lakin ideya öz-özlüyündə iqtisadi dəyər yaratmır. O yalnız maliyyələşdirildikdə, biznesə çevrildikdə, bazara çıxarıldıqda və kommersiyalaşdırıldıqda yeni iqtisadi dəyər yaradır. Əgər rəqəmsal iqtisadiyyat yeni inkişaf modelidirsə, innovasiya onun hərəkətverici qüvvəsidir. Startaplar isə innovasiyanın əsas daşıyıcılarıdır.
İnnovativ iqtisadiyyatın mahiyyətini innovasiya zənciri vasitəsilə daha aydın təsəvvür etmək mümkündür. Bu zəncir bilikdən başlayır, ideyaya, innovasiyaya və startapa çevrilir, daha sonra vençur kapitalı və digər müasir maliyyələşdirmə alətləri ilə dəstəklənir. Nəticədə innovativ məhsul və xidmətlər yaranır, ixrac genişlənir, yüksək əlavə dəyər formalaşır, dayanıqlı və keyfiyyətli iqtisadi artım təmin edilir.
İnnovasiya layihələrinin həyata keçirilməsində özəl sektor ciddi şəkildə təşviq olunmalıdır. Nəzərə almalıyıq ki, dövlət innovasiyanı yaratmır, dövlət innovasiyanın yaranması üçün hüquqi, institusional və maliyyə mühitini formalaşdırır. İnnovasiyanın əsas daşıyıcısı özəl sektor, startaplar, investorlar və təhsil-tədqiqat müəssisələridir. Təklif olunan qanunvericilik paketi də məhz bu innovasiya zəncirinin ayrı-ayrı halqalarının hüquqi əsaslarını formalaşdırır.
Azərbaycanda rəqəmsal və innovativ iqtisadiyyata keçidin strateji əhəmiyyəti
Sual oluna bilər ki, Azərbaycanda rəqəmsal iqtisadiyyatın qurulması niyə bu qədər strateji və həyati əhəmiyyət kəsb edir? Hansı səbəbdən dövlət özünün bütün inzibati və iqtisadi resurslarını bu məqsəd naminə səfərbər edir? İnnovasiya təşəbbüslərinin dəstəklənməsi nə üçün bu qədər vacibdir?
Bu, son illər dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər fonunda ölkələrarası rəqabətin daha da artması ilə bağlıdır. Perspektiv dövr dərin rəqəmsallaşma, yeni texnologiyaların aktiv tətbiqi ilə səciyyəvi olacaqdır. Məhz buna görə də innovativ inkişaf bizim üçün artıq seçim deyil, zərurətdir. Azərbaycan dünyada artan rəqabətə hazır olmaq məqsədilə yüksək rəqabətqabiliyyətli insan kapitalını formalaşdırmalıdır. İnnovativ iqtisadiyyat da elə insan kapitalından başlayır. Bunun üçün maarifləndirilmiş rəqəmsal cəmiyyət, müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait ən vacib şərtlərdən biridir.
Rəqəmsallaşma strategiyası, əslində, innovasiyaya əsaslanan yeni iqtisadi artım konsepsiyasına keçidi nəzərdə tutur. Onun real nəticələri rəqəmsal sektorun milli iqtisadiyyatda, o cümlədən ixracın strukturunda payının artması ilə xarakterizə olunacaq. Hazırda bu göstəricilər ölkəmizin potensialını əks etdirmir. Belə ki, innovasiya sektorunun gəlirləri təxminən 1 milyard manat, ixrac həcmi isə 100 milyon dollar təşkil edir. Müvafiq strategiya çərçivəsində bu rəqəmlərin azı 10 dəfəyədək artırılması hədəflənir. Buna nail olmaq üçün yeni dəyər yarada bilən innovasiya ekosisteminə xüsusi əlverişli şərait yaratmalıyıq. Müzakirə etdiyimiz qanunvericilik paketi məhz bu məqsədə xidmət edir.
Əminik ki, rəqəmsal keçid istiqamətində görülən fundamental və sistemli tədbirlər, institusional tənzimləmə innovasiya əsaslı inkişaf modelini formalaşdıraraq milli iqtisadiyyatımızda ciddi keyfiyyət dəyişikliklərinə təkan verəcək və Azərbaycanı regionda innovativ lider ölkəyə çevirəcək.
Azər ƏMİRASLANOV,
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri