Onların sırasında akademiklər, nazirlər, Dövlət mükafatı laureatları, əmək qəhrəmanları var
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin, iqtisadi inkişafının və milli intellektual potensialının formalaşmasında ali təhsil müəssisələrinin müstəsna rolu olmuşdur. Bu baxımdan Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) təkcə kənd təsərrüfatı üçün yüksəkixtisaslı kadrlar hazırlayan elm ocağı deyil, həm də milli elmin, dövlətçilik ənənələrinin və ziyalı təfəkkürünün inkişafına mühüm töhfələr verən qüdrətli məktəb kimi ölkəmizin tarixində xüsusi yer tutur.
Bir əsrə yaxın fəaliyyəti ərzində universitetin yetirmələri Azərbaycan elminin müxtəlif istiqamətlərində fundamental məktəblər yaratmış, dövlət idarəçiliyində məsul vəzifələr daşımış, kənd təsərrüfatının inkişafına və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə əvəzsiz töhfələr vermişlər. Bu mənada Azərbaycan Dövlət Aqrar Universitetinin tarixi, əslində, Azərbaycanın aqrar elminin, milli ziyalı təbəqəsinin və dövlətçilik ənənələrinin inkişaf tarixinin ayrılmaz tərkib hissəsidir.
Universitetin ilk azərbaycanlı məzunları olan Mirzə Sadıqov, Ağaxan Ağabəyli və Firuz Məlikov sonralar ölkəmizdə aqrar elmin və müasir heyvandarlıq məktəbinin əsasını qoyan görkəmli alimlər kimi tanınmışlar. Onların fəaliyyəti nəticəsində Azərbaycanda damazlıq işinin elmi əsasları formalaşmış, yüksək məhsuldarlığa malik zərifyunlu "Azərbaycan dağ merinosu" cinsi yaradılmışdır. Bu böyük elmi nailiyyətin SSRİ Dövlət mükafatına layiq görülməsi Azərbaycan aqrar elminin beynəlxalq səviyyədə tanınmasının parlaq nümunələrindən biri olmuşdur. Mirzə Sadıqovun təşəbbüsü ilə Gədəbəydə Dövlət Damazlıq Ocağının yaradılması, Firuz Məlikovun Azərbaycan Kənd Təsərrüfatı Elmlər Akademiyasına rəhbərlik etməsi, Lenin adına Ümumittifaq Kənd Təsərrüfatı Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi, Ağaxan Ağabəylinin elmi-pedaqoji fəaliyyəti və ölkənin heyvandarlıq elminin inkişafına verdiyi töhfələr ADAU-nun hələ ilk illərdən böyük elm məktəbi formalaşdırdığını sübut edir. Sonrakı dövrlərdə universitetin yetirmələri arasında Azərbaycan elminin və dövlət idarəçiliyinin yeni görkəmli simaları da yetişmişdir. Həsən Əliyev, İmam Mustafayev, Müzəffər Abutalıbov, Ələkbər Quliyev, İlyas Abdullayev, Validə Tutayuq, uzun illər meşə təsərrüfatı naziri işləyən Sosialist Əməyi Qəhrəmanı Mehdi Mustafayev, Musa Musayev, Siddiqə Məmmədova, Məmmədtağı Cəfərov, Vahid Hacıyev və digər görkəmli şəxsiyyətlər öz fəaliyyətləri ilə Azərbaycan elminin "qızıl fondu"nu yaratmışlar.
Akademik Həsən Əliyevin adı Azərbaycan ekologiya və torpaqşünaslıq elminin inkişafı ilə ayrılmaz şəkildə bağlıdır. O, yalnız böyük alim deyil, həm də təbiətin mühafizəsi ideyasını dövlət siyasəti səviyyəsinə yüksəldən ziyalılardan biri olmuşdur. Onun zəngin elmi irsi, təbiətə və torpağa münasibətdə formalaşdırdığı milli yanaşma bu gün də aktuallığını qoruyur.
ADAU-nun yetirməsi olan akademik İmam Mustafayev isə həm elm, həm də dövlət idarəçiliyi sahəsində silinməz iz qoymuş şəxsiyyətlərdəndir. O, müxtəlif dövlət vəzifələrində, o cümlədən Azərbaycan KP MK-nın birinci katibi vəzifəsində çalışmaqla yanaşı, genetika və seleksiya elminin inkişafına da mühüm töhfələr vermişdir. Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin onun xidmətlərinə verdiyi yüksək qiymət, yubileylərinin dövlət səviyyəsində qeyd olunması bu böyük şəxsiyyətin Azərbaycan tarixində tutduğu mövqenin göstəricisidir.
Universitetin yetirmələri arasında Azərbaycan Milli Elmlər Akademiyasının çoxsaylı həqiqi və müxbir üzvlərinin olması xüsusi diqqət çəkir. Müzəffər Abutalıbov genetika və seleksiya sahəsində, Validə Tutayuq botanika elmində, Musa Musayev zoologiya və parazitologiyada, Siddiqə Məmmədova bitki mühafizəsində, Vahid Hacıyev isə geobotanika istiqamətində yeni elmi məktəblər yaratmışlar. Onların fəaliyyəti nəticəsində Azərbaycan elmi beynəlxalq elmi ictimaiyyətdə daha geniş tanınmağa başlamışdır. Xüsusilə Validə Tutayuqun biologiya elmləri doktoru elmi dərəcəsini alan ilk azərbaycanlı qadınlardan biri olması milli elm tariximizin mühüm hadisələrindən hesab olunur. Onun uzun illər ərzində yetişdirdiyi elmi kadrlar və yaratdığı məktəb bu gün də öz ənənələrini yaşadır. Siddiqə Məmmədovanın bitki mühafizəsi sahəsində apardığı tədqiqatlar isə kənd təsərrüfatının məhsuldarlığının artırılmasına mühüm təsir göstərmişdir.
Azərbaycan Dövlət Aqrar Universitetinin çoxəsrlik ənənələrinin ən mühüm cəhətlərindən biri onun təkcə elm adamları deyil, eyni zamanda dövlət idarəçiliyində böyük məsuliyyət daşıyan və ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan şəxsiyyətlər yetişdirməsidir. Bu mənada universitet milli dövlətçilik tariximizin formalaşmasına öz töhfəsini vermiş nadir ali təhsil müəssisələrindən biri kimi xüsusi əhəmiyyət daşıyır. ADAU-nun məzunları arasında Azərbaycan SSR və SSRİ Ali sovetlərinin deputatları, nazirlər, dövlət komitələrinin rəhbərləri, elm təşkilatçıları, Sosialist Əməyi qəhrəmanları və SSRİ Dövlət mükafatı laureatlarının olması bu elm ocağının ictimai nüfuzunu və milli inkişaf prosesindəki rolunu aydın şəkildə nümayiş etdirir. Universitetin yetirmələrindən biri olan akademik İlyas Abdullayev uzun illər Azərbaycan dövlət idarəçiliyində mühüm vəzifələrdə çalışmış, Nazirlər Soveti sədrinin birinci müavini, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri, SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin müavini kimi məsul postlarda fəaliyyət göstərmişdir. Onun həyat yolu aqrar təhsil almış mütəxəssislərin dövlət idarəçiliyində də yüksək peşəkarlıq nümayiş etdirdiklərinin parlaq nümunəsidir. Akademik Ələkbər Quliyev də həm elmi, həm də inzibati fəaliyyətində böyük uğurlara imza atmışdır. O, kənd təsərrüfatı naziri, ali məktəb rəhbəri və elmi müəssisələrin təşkilatçısı kimi ölkənin aqrar siyasətinin həyata keçirilməsində mühüm rol oynamışdır.
ADAU-nun məzunları arasında dövlətçilik ənənələrinin formalaşmasında xüsusi xidmətləri olan şəxsiyyətlərdən biri də Həsən Seyidov olmuşdur. O, Azərbaycan KP Mərkəzi Komitəsinin katibi kimi fəaliyyət göstərməklə yanaşı, elmi araşdırmalarını da davam etdirmiş, aqrar sahənin inkişafına dair mühüm təşəbbüslərlə çıxış etmişdir. Bu, universitetin yetirmələrinin həm elmə, həm də dövlət quruculuğuna eyni dərəcədə xidmət etdiyini göstərən mühüm faktlardan biridir. Azərbaycan Dövlət Aqrar Universiteti akademik elmin inkişafına da mühüm töhfələr vermişdir. Məzunlar arasında onlarca həqiqi və müxbir üzvün yer alması bu ali təhsil müəssisəsinin intellektual potensialının göstəricisidir. Məmməd Emin Salayev, Rəhim Hüseynov, Aydın Məmmədov, Mahmud Abdullayev, Zeynal Əkbərov, İbrahim Cəfərov və Saleh Məhərrəmov kimi alimlərin fəaliyyəti Azərbaycan aqrar elminin müxtəlif istiqamətlərinin inkişafında mühüm mərhələlər yaratmışdır. Xüsusilə Rəhim Hüseynovun yaratdığı məhsuldar "Azərbaycan" ipəkqurdu cinsinin SSRİ Dövlət mükafatına layiq görülməsi ölkəmizin ipəkçilik tarixində əlamətdar hadisələrdən biri olmuşdur. Bu nailiyyət təkcə elmi uğur deyil, həm də kənd təsərrüfatının iqtisadi səmərəliliyinin artırılmasına xidmət edən mühüm yenilik kimi qiymətləndirilmişdir. Cəbrayıl Hüseynovun neft mənşəli tullantıların əkinçilikdə tətbiqi ilə bağlı tədqiqatları isə Azərbaycan elminin innovativ istiqamətlərə açıq olduğunu nümayiş etdirmişdir. Onun araşdırmaları yalnız keçmiş sovetlər birliyində deyil, ABŞ, Almaniya və digər ölkələrdə də maraqla qarşılanmış, müəllifinə SSRİ Dövlət mükafatı qazandırmışdır.
Universitetin dövlətçilik ənənələrinin formalaşmasında onun rəhbərlərinin də mühüm xidmətləri olmuşdur. Professor Möhsün Poladov, Soltan Mirzəyev, Bala Ağayev və akademik Məmmədtağı Cəfərov müxtəlif dövrlərdə universitetə rəhbərlik etməklə yanaşı, ölkənin ictimai-siyasi və elmi həyatında da fəal iştirak etmişlər. Onların idarəçilik təcrübəsi, elmə və təhsilə bağlılığı ADAU-nun milli kadr hazırlığı məktəbi kimi nüfuzunun daha da artmasına səbəb olmuşdur. Məzunlar arasında Sosialist Əməyi qəhrəmanlarının, görkəmli təsərrüfat rəhbərlərinin və əmək fədailərinin çoxluğu da diqqətəlayiqdir. Şamama Həsənova, Bəsti Bağırova, Qızqayıt Həsənova, Şaban Rzayev və digər əmək qəhrəmanları Azərbaycan kəndinin inkişafında, kənd təsərrüfatı istehsalının yüksəldilməsində və zəhmət ənənələrinin yaşadılmasında mühüm rol oynamışlar. Bu isə o deməkdir ki, Azərbaycan Dövlət Aqrar Universiteti təkcə elm və təhsil məbədi deyil, həm də milli dövlətçilik ənənələrinin, vətənpərvərlik ruhunun və yüksək ziyalı mədəniyyətinin formalaşdığı qüdrətli bir məktəbdir.
Azərbaycan Dövlət Aqrar Universitetinin keçdiyi şərəfli inkişaf yolunun mühüm mərhələlərindən biri Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərlə bağlıdır. Ümummilli Lider kənd təsərrüfatını Azərbaycanın iqtisadi qüdrətinin və ərzaq təhlükəsizliyinin əsas dayaqlarından biri hesab edir, bu sahənin inkişafını isə ilk növbədə yüksəkixtisaslı milli kadrların hazırlanması ilə əlaqələndirirdi. Məhz bu strateji yanaşma aqrar təhsilə, xüsusilə ölkənin yeganə ali aqrar təhsil müəssisəsi olan Azərbaycan Dövlət Aqrar Universitetinə göstərilən diqqət və qayğının əsasını təşkil edirdi. Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə aqrar sahənin elmi əsaslarla inkişaf etdirilməsini dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Onun təşəbbüsü ilə kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi genişlənmiş, elmi-tədqiqat müəssisələrinin fəaliyyəti gücləndirilmiş, aqrar sahə üçün peşəkar mütəxəssis hazırlığına xüsusi önəm verilmişdir.
Bu gün Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən də uğurla və yaradıcı şəkildə davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə aqrar sahənin modernləşdirilməsi və rəqabət qabiliyyətinin artırılması istiqamətində mühüm proqramlar həyata keçirilmişdir. Təbii ki, bu prosesdə Azərbaycan Dövlət Aqrar Universitetinin üzərinə böyük vəzifələr düşür. Dövlət başçısının dəstəyi ilə yeni tədris korpusları, tələbə evləri, laboratoriyalar və innovativ mərkəzlər istifadəyə verilmiş, təhsil mühitinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm nailiyyətlər əldə olunmuşdur. Prezident İlham Əliyevin Gəncəyə etdiyi səfərlər çərçivəsində universitetdə həyata keçirilən bir sıra layihələrin açılışında şəxsən iştirak etməsi, müəllim və tələbələrlə görüşməsi, gələcək inkişafla bağlı tövsiyə və tapşırıqlar verməsi aqrar təhsilə göstərilən yüksək dövlət qayğısının bariz nümunəsidir.
Azərbaycan Dövlət Aqrar Universiteti artıq yalnız milli səviyyədə deyil, beynəlxalq təhsil məkanında da öz mövqelərini möhkəmləndirən ali məktəblərdən biridir. Universitet dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali təhsil və elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq edir, beynəlxalq layihələrdə fəal iştirak edir, ikili diplom proqramları həyata keçirir. Hazırda universitetdə bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə minlərlə tələbə Azərbaycan, rus, ingilis və türk dillərində təhsil alır. Müasir laboratoriyalar, elmi-tədqiqat mərkəzləri, tədris-təcrübə təsərrüfatları, rəqəmsal texnologiyalar və innovativ aqrobiznes layihələri tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla birləşdirməsinə şərait yaradır. Dünyada baş verən IV Sənaye İnqilabı, rəqəmsallaşma və süni intellekt texnologiyalarının inkişafı aqrar sektorun da yeni inkişaf mərhələsinə qədəm qoymasına səbəb olmuşdur. Bu gün "ağıllı kənd təsərrüfatı", rəqəmsal fermerlik, dəqiq əkinçilik və ekoloji dayanıqlılıq məsələləri qlobal gündəliyin əsas istiqamətlərindən birinə çevrilmişdir. Azərbaycan Dövlət Aqrar Universiteti də bu çağırışlara uyğun olaraq təhsil proqramlarını yeniləyir, innovativ yanaşmaları tətbiq edir və gələcəyin mütəxəssislərini hazırlayır.
Zəngin və şərəfli tarixə malik olan Azərbaycan Dövlət Aqrar Universiteti bu gün də milli elmin, dövlətçilik ənənələrinin və yüksək ziyalı mədəniyyətinin etibarlı dayaqlarından biri olaraq fəaliyyətini uğurla davam etdirir. Onun yetişdirdiyi alimlər, dövlət xadimləri, əmək qəhrəmanları və müasir mütəxəssislər Azərbaycanın intellektual sərvətinin ayrılmaz hissəsini təşkil edir. Tam əminliklə demək olar ki, zəngin tarixi irsə, güclü elmi potensiala, müasir infrastruktura və dövlət qayğısına malik olan Azərbaycan Dövlət Aqrar Universiteti gələcəkdə də ölkəmizin aqrar inkişafına, milli elmin tərəqqisinə və dövlətçilik ənənələrinin möhkəmlənməsinə layiqli töhfələr verməyə davam edəcəkdir.
Nüsrət HÜSEYNOV,
ADAU-nun dosenti, qabaqcıl təhsil işçisi