Qəhrəmanlıq anlayışı zaman keçdikcə yeni məzmun qazanır. Bir vaxtlar bu anlayış daha çox döyüş meydanlarında göstərilən igidliklə əlaqələndirilirdisə, bu gün onun sərhədləri xeyli genişlənib. Müasir dövrdə Vətənə sədaqətlə xidmət etmək, öz dövlətinin maraqlarını beynəlxalq platformalarda qorumaq, öz xalqını layiqincə təmsil etmək, əldə olunan bilik və bacarığı ölkənin inkişafına yönəltmək də qəhrəmanlıq nümunələridir.
Azərbaycan gəncliyi bu sahədə üzərinə düşən missiyanı uğurla yerinə yetirir. Gənclərimiz beynəlxalq forumlarda, konfranslarda və müxtəlif əməkdaşlıq platformalarında ölkəmizin milli maraqlarını inamla təmin edir, Azərbaycanın müasir simasını dünyaya uğurla tanıdırlar. Gənclərimizin qazandığı hər uğur həm də dövlətimizin nailiyyətidir.
Bu gün Azərbaycan gənclərinin fəaliyyəti ölkə sərhədlərini çoxdan aşıb. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbirlər savadlı, təşəbbüskar və milli dəyərlərə bağlı gənclərimizin öz potensialını nümayiş etdirməsi üçün geniş imkanlar yaradır. Həmin platformalarda səslənən hər fikir, qurulan hər yeni əlaqə və irəli sürülən hər təşəbbüs Azərbaycanın gələcəyinə xidmət edən mühüm addımdır. Məhz bu baxımdan redaksiyamızın qonaqları - Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri, Prezident mükafatı laureatı Ülviyyə Axundova və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının İdarə Heyətinin üzvü, "CareerPlus" inkişaf proqramının rəhbəri Nicat Əliyevlə söhbətimiz maraqlı oldu.
Həmsöhbətlərimiz bir neçə gün əvvəl Daşkənddən qayıdıblar. İyunun 30-da Gənclər Gününə həsr olunmuş Yüksəksəviyyəli Dialoqda Azərbaycan nümayəndə heyətinin üzvləri kimi iştirak edən gənclərimizin təəssüratlarından aydın olur ki, bu səfər onlar üçün təkcə növbəti beynəlxalq tədbir olmayıb. Daşkənd görüşləri yeni dostluqların, ortaq layihələrin və gələcək əməkdaşlıqların əsasını qoymaqla yanaşı, Azərbaycanın uğurlu dövlət gənclər siyasətinin beynəlxalq müstəvidə təqdimatı baxımından da mühüm əhəmiyyət daşıyıb.
Müxtəlif ölkələrdən gəlmiş gənclər, dövlət qurumlarının nümayəndələri və gənclər təşkilatlarının təmsilçiləri bir araya gələrək müasir dövrün çağırışlarını müzakirə edir, təcrübələrini bölüşür, yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirirdilər. Azərbaycan nümayəndə heyəti isə bu mötəbər platformada ölkəmizin uğurlu gənclər siyasətini, əldə etdiyi təcrübəni və inkişaf modelini inamla təqdim edə biliblər.
Söhbət zamanı diqqətimizi cəlb edən məqamlardan biri də qonaqlarımızın qazandıqları uğurları şəxsi nailiyyət kimi deyil, Azərbaycanın uğuru kimi dəyərləndirmələri oldu. Onların fikirlərində bir düşüncə qırmızı xətt kimi keçirdi: beynəlxalq platformalarda qurulan hər yeni əlaqə, hər uğurlu təqdimat və səmimi dialoq nəticə etibarilə Azərbaycanın nüfuzuna xidmət edir. Bu tədbir bir daha nümayiş etdirdi ki, müasir dünyada gənclər artıq yalnız gələcəyin qurucuları deyil, bu gün də quruculuğumuzun ən fəal iştirakçılarıdır. Dövlət idarəçiliyindən innovasiyalara, təhsildən beynəlxalq əməkdaşlığa qədər müxtəlif sahələrdə onların təşəbbüsləri dəstəklənir, ideyaları inkişafın mühüm istiqamətlərindən birinə çevrilir.
Təmsilçilərimiz yalnız tədbirin iştirakçıları kimi deyil, həm də öz təcrübəsini bölüşən, yeni əməkdaşlıq təşəbbüsləri irəli sürən və Azərbaycanın müasir inkişaf modelini təqdim edən gənclər kimi diqqətəlayiqdirlər. Nicat Əliyevin sözlərindən də hiss olunurdu ki, Daşkənd səfəri onun üçün növbəti xarici ezamiyyətdən daha böyük məna daşıyır: "Tədbir mənim üçün yalnız beynəlxalq forum deyildi. Orada müxtəlif ölkələrdən olan gənclərlə tanış olduq, onların həyata keçirdikləri layihələrlə yaxından tanışlıq imkanı qazandıq, gələcək əməkdaşlıqlar barədə fikir mübadiləsi apardıq. Xüsusilə türk dünyasını təmsil edən gənclərlə qurduğumuz əlaqələr ortaq layihələrin həyata keçirilməsi və yeni əməkdaşlıq imkanlarının yaranması baxımından böyük əhəmiyyət daşıyır".
Nicatın sözlərinə görə, müxtəlif ölkələrdən olan gənclərin eyni masa arxasında toplaşaraq problemləri müzakirə etməsi, təcrübələrini bölüşməsi və ortaq baxış formalaşdırması beynəlxalq əməkdaşlığın ən səmərəli yollarından biridir. Bu baxımdan tədbir yeni ideyaların formalaşdığı, əməkdaşlıq perspektivlərinin müəyyənləşdirildiyi mühüm intellektual platforma kimi yadda qalıb.
Prezident mükafatı laureatı Ülviyyə Axundova isə tədbirin əhəmiyyətini daha geniş prizmadan qiymətləndirir. Onun fikrincə, Özbəkistanda yaradılan açıq dialoq mühiti dövlətin gənclərə göstərdiyi yüksək etimadın və diqqətin ən yaxşı nümunəsidir: "Dialoq zamanı gənclərin qərarqəbuletmə prosesində iştirakının genişləndirilməsi, innovativ yanaşmaların tətbiqi, beynəlxalq əməkdaşlığın inkişafı və yeni təşəbbüslərin dəstəklənməsi ətrafında maraqlı müzakirələr aparıldı. Azərbaycan nümayəndə heyəti olaraq bu platforma bizim üçün ölkəmizin uğurlu təcrübəsini təqdim etmək, eyni zamanda digər dövlətlərin müsbət təcrübəsini öyrənmək baxımından mühüm əhəmiyyət kəsb etdi".
Ülviyyə Axundova xüsusi vurğuladı ki, son illər Azərbaycanda həyata keçirilən gənclər siyasəti gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradıb. Bu siyasət onların yalnız keyfiyyətli təhsil almasına deyil, həm də idarəetmədə, ictimai həyatda və beynəlxalq əməkdaşlıq platformalarında fəal iştirakına əlverişli şərait formalaşdırıb.
Söhbət zamanı hər iki həmsöhbətimizin fikirlərində ortaq bir məqam xüsusi diqqət çəkdi. Onlar beynəlxalq tədbirlərdə yalnız özlərini deyil, bütöv bir ölkəni təmsil etdiklərinin məsuliyyətini dərindən dərk ediblər. Söylənilən hər fikir, qurulan hər yeni əlaqə və nümayiş etdirilən hər davranış Azərbaycanın beynəlxalq nüfuzunun formalaşmasına xidmət edib.
Yüksəksəviyyəli Dialoqun yaddaqalan məqamlarından biri də tədbirin sonunda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakçılarla görüşü olub. Müxtəlif ölkələrdən gəlmiş nümayəndələrlə səmimi söhbət edən dövlət başçısının Azərbaycan nümayəndə heyətinə göstərdiyi xüsusi diqqət iştirakçılarda xoş təəssürat yaradıb. Həmin anları Nicat Əliyev bizimlə belə bölüşdü: "Tədbirin sonunda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşmək mənim üçün unudulmaz anlardan biri oldu. Azərbaycan nümayəndə heyətinə göstərilən səmimiyyət bir daha təsdiqlədi ki, ölkələrimiz arasında münasibətlər təkcə siyasi və iqtisadi sahələri deyil, gənclər sahəsində əməkdaşlığı da əhatə edir. İnanıram ki, belə platformalarda Azərbaycanın fəal iştirakı dövlətimizin gənclər siyasətinin beynəlxalq səviyyədə daha yaxından tanınmasına və yeni əməkdaşlıq imkanlarının yaranmasına mühüm töhfə verir".
Ülviyyə Axundova da hesab edir ki, son illər Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin dinamik inkişafı gənclər sahəsində əməkdaşlığa da yeni məzmun qazandırıb: "Bu gün Azərbaycan və Özbəkistan arasında gənclər siyasəti sahəsində əməkdaşlıq keyfiyyətcə yeni mərhələyə yüksəlib. Qarşılıqlı səfərlər, forumlar və mübadilə proqramları gənclərin bir-birini daha yaxından tanımasına, ortaq layihələrin həyata keçirilməsinə geniş imkan yaradır. Daşkənddə keçirdiyimiz görüşlər də göstərdi ki, gələcək əməkdaşlıq üçün kifayət qədər böyük potensial mövcuddur".
Tarix sübut edib ki, dövlətlərin ən böyük sərvəti təbii ehtiyatlar deyil, insan kapitalıdır. Bu gün Azərbaycanın əsas üstünlüklərindən biri milli dəyərlərə sadiq, müasir dünyagörüşünə malik, savadlı və təşəbbüskar gənclər nəslinin formalaşmasıdır.
Əsl liderlik diplomların, sertifikatların və ya mükafatların sayı ilə ölçülmür. Həqiqi lider qazandığı bilik və təcrübəni cəmiyyətin inkişafına yönəldə bilən, ətrafındakı insanları faydalı fəaliyyətə ruhlandıra bilən insandır. Nicat Əliyevin tələbə hərəkatındakı fəaliyyəti və beynəlxalq proqramlarda qazandığı təcrübə, Ülviyyə Axundovanın isə dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakı bu baxımdan müasir Azərbaycan gəncliyinin formalaşan liderlik modelini aydın şəkildə nümayiş etdirir.
Gənclər redaksiyamızdan ayrılarkən bir daha əmin olduq ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir. Bu gənclər yaxşı anlayırlar ki, Vətənə xidmət yalnız müəyyən bir peşə və ya vəzifə ilə məhdudlaşmır. Vətənə xidmət harada yaşamağından və fəaliyyət göstərməyindən asılı olmayaraq öz xalqını layiqincə təmsil etmək, dövlətinin maraqlarını qorumaq, qazandığın bilik və bacarığı cəmiyyətin inkişafına yönəltməkdir.
Elşən QƏNİYEV,
"Azərbaycan"