Hazırda dünya iqtisadiyyatında sənaye park və məhəllələrinə böyük maraq var ki, bu da səbəbsiz deyil. Bu cür zonalarda sahibkarlara edilən geniş güzəştlər investisiya təşviqində stimulverici rol oynayır.
Ölkəmizdə mövcud mexanizmlərə görə, rezidentlər mənfəət, torpaq və əmlak vergilərindən 10 il müddətinə azad edilirlər. Bununla yanaşı, rezidentlər istehsal məqsədilə idxal etdikləri texnika, texnoloji avadanlıqlar və qurğular üçün əlavə dəyər vergisi və gömrük rüsumları ödəmirlər. Bu güzəştlər investisiya xərclərini əhəmiyyətli dərəcədə azaldır, layihələrin gəlirgətirmə müddətini qısaldır və sənaye zonalarının investisiya cəlbediciliyini artırır. Beləliklə, sənaye zonaları investorlar üçün əlverişli biznes mühitlərindən birinə çevrilir.
Tətbiq olunan təşviq mexanizmlərinin effektivliyi statistik rəqəmlərlə də təsdiqlənir. Təkcə ötən il sənaye parklarında fəaliyyət göstərən rezidentlər yalnız vergi və gömrük güzəştləri hesabına 42,3 milyon manatdan artıq vəsaitə qənaət ediblər. Sənaye zonalarının fəaliyyətə başladığı gündən indiyədək isə rezidentlər tərəfindən qənaət olunan vəsaitin ümumi həcmi 567 milyon manatdan çoxdur. Bu göstəricilər sənaye zonalarında tətbiq edilən güzəşt mexanizmlərinin investorlar üçün real iqtisadi üstünlüklər yaratdığını açıq nümayiş etdirir.
Sənaye parkları və məhəllələrində müxtəlif çeşiddə məhsul istehsalı yerli tələbatın ödənilməsində və ixracın genişlənməsində mühüm rol oynayır. Onu da vurğulayaq ki, belə müəssisələr yaradılarkən beynəlxalq kommunikasiyaya çıxış, xammal bazarına yaxınlıq, ərazinin əmək resursları nəzərə alınır. Məsələn, Mingəçevir Sənaye Parkı tekstil sənayesi üzrə ixtisaslaşıb. Məlumdur ki, bu şəhər ən çox pambıq və ipək üçün xammal istehsal edən rayonların əhatəsindədir. Bu səbəbdən xammalın daşınması üçün çox xərc çəkilmir, üstəlik, fermerlər də öz məhsullarını satmaq üçün uzağa getmirlər.
Sənaye parklarında və məhəllələrində yüksək texnologiyalardan istifadə olunur. Bu, həmin müəssisələrə dünya bazarına məhsul çıxarmağa imkan verir. Çünki istehsal edilən məhsulların dünya bazarında rəqabətədavamlı olması yüksək keyfiyyəti ilə bağlıdır ki, bu da yalnız yüksək texnologiyadan istifadə hesabına mümkün olur. İldən-ilə sənaye zonalarında istehsal olunan məhsulların daha çox xarici bazara çıxarılması bunun nəticəsidir. Məsələn, 2025-ci ildə sənaye zonalarında ümumilikdə 4 milyard manatlığa yaxın məhsul satışı həyata keçirilib. Bunun isə 1,2 milyard manatlığı ixrac edilib. 2024-cü illə müqayisədə istehsal 21,1, ixrac 13,4 faiz artıb. 2026-cı ilin I rübü ərzində sənaye zonalarında ümumilikdə 900 milyon manatlığa yaxın məhsul satışı həyata keçirilib və onun 260,6 milyon manatlığı xarici ölkələrdəki bazarlara çıxarılıb. Sənaye zonalarımızda istehsal olunan məhsullar bu gün dünyanın 70-dən çox ölkəsinə ixrac olunur. Əsas ixrac istiqamətləri Avropa ölkələri, MDB məkanı, Türkiyə və Yaxın Şərq regionudur. Bu bazarlara metallurgiya və kimya sənayesi məhsulları, tikinti materialları və s. ixrac olunur.
Məlumdur ki, hər bir sektorun inkişafı investisiya qoyuluşundan birbaşa asılıdır. Ölkəmizdə də xarici investisiyaların cəlb edilməsi üçün bir çox təşviqedici vasitədən istifadə olunur. Yaradılmış əlverişli investisiya mühiti, təqdim olunan güzəştlər və infrastruktur təminatı nəticəsində xarici investorların ölkəmizin sənaye zonalarına marağı əhəmiyyətli dərəcədə artıb. İndiyədək müxtəlif ölkələrin şirkətləri tərəfindən sənaye zonalarında həyata keçirilən layihələr üzrə ümumilikdə 520 milyon manat investisiya yatırılıb. Onun 288,3 milyon manatından artıq istifadə edilib ki, bu da layihələrin real icra mərhələsində olduğunu göstərir.
Xarici investisiyaların cəlbində mühüm amillərdən biri də müasir texnologiyaların ölkəyə gətirilməsi və insan kapitalının bu texnologiyalara uyğunlaşdırılmasıdır. Bu, sənaye zonalarının uzunmüddətli inkişafına əlavə dayanıqlılıq qazandırır.
Əsas investor ölkələr sırasında Çin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Almaniya, İsveçrə, Pakistan, Rusiya, Bolqarıstan və Litva yer alır. Coğrafiyanın genişliyi Azərbaycanın sənaye zonalarının beynəlxalq səviyyədə cəlbediciliyinin artdığını nümayiş etdirir.
Eyni zamanda xarici investisiyaların artım dinamikası da diqqətəlayiqdir. Belə ki, illər üzrə götürsək, məsələn, 2016-cı ildə sənaye zonalarına 10,4 milyon manat xarici investisiya cəlb olunduğu halda 2025-ci il ərzində bu göstərici 87,9 milyon manata yüksəlib. Bu, aparılan islahatların və investisiyayönümlü siyasətin real nəticəsidir. Görülən işlərin davamı olaraq, cari ildə də sənaye zonalarına xarici sərmayələrin cəlbi istiqamətində müsbət nəticələr əldə olunmaqdadır. Ümumilikdə sənaye zonalarına yatırılan investisiyaların dinamikası da müsbət olaraq qalır. 2026-cı ilin birinci rübündə sənaye zonalarına sahibkarlar tərəfindən 158,7 milyon manat investisiya yatırılıb. Halbuki ötən ilin eyni dövründə bu göstərici 30,6 milyon manat təşkil etmişdi. Bu, sənaye zonalarına investor marağının artdığını və yaradılmış biznes mühitinin effektivliyini bir daha təsdiq edir.
Rüstəm KAMAL,
"Azərbaycan"