Azərbaycan Respublikası ilə İordaniya Haşimilər Krallığı arasındakı ikitərəfli münasibətlər, sadəcə, deklarativ xarakterli bəyanatlarla məhdudlaşmayaraq, beynəlxalq hüququn ümumi tanınmış prinsip və normaları, xüsusilə dövlətlərin suveren bərabərliyi, ərazi bütövlüyünün toxunulmazlığı və "pacta sunt servanda" - beynəlxalq öhdəliklərin vicdanla yerinə yetirilməsi imperativləri üzərində bərqərar olub.
İki suveren subyekt arasında formalaşan bu hüquqi dialoq həm ikitərəfli müqavilə-hüquq bazasının təkmilləşdirilməsi, həm də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi çoxtərəfli institutlar çərçivəsində beynəlxalq hüquq qaydalarının müdafiəsi naminə strateji koordinasiya ilə xarakterizə olunur. Bu müstəvidə tərəflər arasında ümumi mülki pasportlara malik vətəndaşlar üçün viza tələbinin qarşılıqlı olaraq ləğv edilməsi haqqında hökumətlərarası sazişin və onunla sinxronlaşdırılan digər sahəvi memorandumların imzalanması rəsmi Bakının qlobal arenada müstəqil xarici siyasət yürüdən legitim xüsusi çəkili hüquqi aktor kimi mövqeyini daha da möhkəmləndirir.
Milli Məclisin deputatı Bəhruz MƏHƏRRƏMOV qəzetimizə açıqlamasında deyib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu xarici siyasi doktrina ölkəmizi regional güc mərkəzi statusundan qlobal arenada beynəlxalq hüququn müdafiəçisi və qlobal təşəbbüslərin müəllifi səviyyəsinə yüksəldib: "Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsində təsbit olunmuş fərdi özünümüdafiə hüququna istinad edərək öz güc və imkanları hesabına, milli iradənin yeganə təmsilçisi İlham Əliyevin qətiyyəti ilə suveren ərazilərində işğala son qoyaraq ərazi və sərhəd bütövlüyünün bərpasına nail olan Azərbaycan beynəlxalq hüququn məcburi icra mexanizmlərinin effektivliyini nümayiş etdirib. Həmçinin iriməsafəli transkontinental enerji və logistika magistrallarının hüquqi və fiziki təhlükəsizliyinin təminatçısı rolunda çıxış edən rəsmi Bakı Qoşulmama Hərəkatında həyata keçirdiyi səmərəli sədrlik missiyası və COP29 kimi universal iqlim konvensiyalarının tətbiqi platformalarına, BMT-nin dayanıqlı inkişaf məqsədinin ehtiva olunduğu WUF kimi nüfuzlu tədbirə evsahibliyi etmək hüququ qazanması ilə qlobal idarəetmə arxitekturasında öz hüquqi və siyasi çəkisini sarsılmaz edib. Bu xarici siyasi nailiyyətlərin təməl hərəkətverici qüvvəsi qismində isə, heç şübhəsiz ki, Azərbaycan dövlətinin beynəlxalq hüquq sisteminin bütövlüyünə, xüsusən BMT Nizamnaməsinin 1-ci və 2-ci maddələrində bəyan edilən "dövlətlərin qarşılıqlı əməkdaşlığı" və sülhün qorunması prinsiplərinə nümayiş etdirdiyi mütləq sadiqlik çıxış edir. Azərbaycanın qlobal hüquq qaydasının deqradasiyaya uğradığı və beynəlxalq konvensiyaların selektiv tətbiq edildiyi müasir geosiyasi şəraitdə dövlətlərarası münasibətlərin dinc və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində tənzimlənməsi üçün həm universal, həm də regional müstəvilərdə ardıcıl normativ töhfələr verməsi heç bir beynəlxalq subyektdə şübhə doğurmur. Cənab İlham Əliyevin dəfələrlə əməli formada da nümayiş etdirdiyi kimi, ölkəmiz konfrontasiya və birtərəfli sanksiyalar praktikasına qarşı çıxaraq, fərqli hüquqi və siyasi sistemlər, sivilizasiyalar arasında dialoq platformaları formalaşdırır".
Deputat qeyd edib ki, İordaniya Haşimilər Krallığı ilə ikitərəfli əlaqələrin keyfiyyətcə daha yüksək hüquqi müstəviyə keçməsi də məhz Azərbaycanın sivilizasiyalararası konvensiyaların implementasiyasına və dövlətlərin suveren hüquqlarına hörmət prinsiplərinə əsaslanan dinc yanaşı yaşama fəlsəfəsinin əməli təzahürüdür: "Eyni zamanda Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dövr rəsmi Bakının qlobal məsuliyyət hissini və bəşəri dəyərlərə sadiqliyini bütün dünyaya nümayiş etdirməsi, bəşəriyyətin ağır sınaqdan keçdiyi COVID-19 pandemiyası dövründə Prezident İlham Əliyevin qlobal liderlik missiyasını üzərinə götürərək "vaksin millətçiliyi"nə qarşı kəskin etiraz etməsi, inkişaf etməkdə olan və azgəlirli ölkələrin vaksindən bərabər istifadə hüququnu müdafiə etməsi beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilməklə Bakının qlobal arenada lokomotiv rolunu daha da möhkəmlədirdi. Xüsusən Azərbaycanın təşəbbüsü ilə QH-nin Təmas Qrupunun Zirvə görüşlərinin təşkili, BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması və Ümumdünya Səhiyyə Təşkilatına, eləcə də onlarca ehtiyaclı ölkəyə birbaşa humanitar və maliyyə yardımlarının göstərilməsi kimi böyük məsuliyyətli addımlar ölkəmizin Yaxın Şərqdə, xüsusən də İordaniyada nüfuzuna çox ciddi və müsbət təsir göstərib. Onsuz da qarşılıqlı hörmət və beynəlxalq hüquqa sədaqət üzərində qurulmuş əvvəlki dövr əlaqələrimizdə bu bəşəri nüfuz faktoru bugünkü ikitərəfli yaxınlaşmanın mənəvi və siyasi əsasını təşkil edir".
B.Məhərrəmov bildirib ki, Bakıya çox aydın münasibət direktivləri olan İordaniya Krallığı Azərbaycanın bu humanitar diplomatiyasını, qlobal həmrəylik səylərini və çətin məqamlarda beynəlxalq əməkdaşlığa verdiyi real töhfələri yaxından izləyərək rəsmi Bakının etibarlı, prinsipial və ədalətli tərəfdaş kimi rolunu daha əhatəli qəbul edib. Onun sözlərinə görə, məhz bu kontekstdə rəsmi Bakı İordaniya ilə ikitərəfli təmasların normativ-hüquqi əsaslarının təkmilləşdirilməsinə xüsusi önəm verir və cari strateji xətt təkcə Xarici İşlər nazirlikləri səviyyəsində qurulan intensiv hüquqi-siyasi məsləhətləşmələrlə məhdudlaşmır, həm də dövlətlərarası münasibətlərin institusional sütunlarından birini təşkil edən parlament diplomatiyası vasitəsilə reallaşdırılır: "Hər iki ölkənin qanunverici orqanları arasında fəaliyyət göstərən parlamentlərarası işçi qrupları qanunvericilik texnikası və beynəlxalq hüquqi sənədlərin ratifikasiyası proseslərində təcrübə mübadiləsini təmin edir. Parlament müstəvisində qurulan bu səmərəli dialoq Parlamentlərarası İttifaq və digər beynəlxalq parlament assambleyalarında tərəflərin qlobal hüquq qaydasının qorunması və milli mənafelərin müdafiəsi istiqamətində konsolidasiya olunmuş mövqedən çıxış etməsinə hüquqi zəmin yaradır. Sözügedən çoxşaxəli inteqrasiya prosesinin mərkəzində isə heç şübhəsiz ki, bilavasitə Prezident İlham Əliyevin şəxsi beynəlxalq nüfuzu, beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan qətiyyətli mövqeyi və yüksək diplomatik uzaqgörənliyi dayanır. Prezidentin həm regional, həm də transregional müstəvidə hüququn aliliyinə və suveren bərabərliyə əsaslanan xarici siyasət kursu ərəb-müsəlman dünyasında, xüsusilə İordaniya Haşimilər Krallığının rəhbərliyi və Kral II Abdulla tərəfindən yüksək ehtiram və tam etimadla qarşılanır. Dövlət başçıları səviyyəsində formalaşmış səmimi və etibarlı dialoq ikitərəfli hüquqi bazanın genişləndirilməsində və strateji əməkdaşlıq müqavilələrinin praktiki implementasiyasında həlledici katalizator rolunu oynayır. Məhz bu təməllər üzərində davam etdirilən əməkdaşlığa əsasən, Bakıda rəsmi prosedurlara uyğun şəkildə imzalanmış sənədlər paketi xüsusilə ümumi mülki pasportlara malik vətəndaşlar üçün viza tələbinin qarşılıqlı olaraq ləğv edilməsi haqqında saziş, dövlətlərin iqtisadi və humanitar suverenliyi çərçivəsində tətbiq edilən xüsusi hüquqi rejim dəyişikliyidir. Bu saziş tərəflərin iqtisadiyyatlarına multiplikativ hüquqi və maliyyə effektləri verir. Səyahət sənədlərinin rəsmiləşdirilməsi zamanı qarşılıqlı olaraq inzibati və maliyyə maneələrinin ləğv edilməsi fərdlərin hərəkət sərbəstliyini təmin etməklə yanaşı, turizm sənayesinin hüquqi tənzimlənməsini sadələşdirir. Bu qərar BMT-nin Ümumdünya Turizm Təşkilatının qlobal etik kodeksinin prinsiplərinə müvafiq olaraq, qarşılıqlı turizm potensialının diversifikasiyasına yol açır".
Deputatın dediklərinə onu da əlavə edək ki, Azərbaycan vətəndaşları üçün İordaniyanın Petra antik şəhəri, Vadi Ram ekosistemi və Ölü dəniz regionu hüquqi və logistik baxımdan daha əlçatan olur. Eyni zamanda İordaniya vətəndaşları üçün Azərbaycanın ekoloji turizm zonaları və modern paytaxt infrastrukturu yeni hüquqi-iqtisadi cazibə mərkəzinə çevrilir ki, bu da ikitərəfli aviaəlaqələrə dair hava nəqliyyatı haqqında konvensiyaların tətbiqini və birbaşa reyslərin intensivləşməsini stimullaşdırır. Turizm sahəsində hüquqi rejimin liberallaşdırılması, birbaşa olaraq transsərhəd iqtisadi müqavilələrinin və "B2B" - "biznesdən biznesə" formatlı investisiya fəaliyyətinin aktivləşməsinə xidmət edir. Sahibkarların sərbəst hərəkəti, 1965-ci il İndisilah Mübahisələrinin Həlli üzrə Vaşinqton Konvensiyası və digər investisiyaların qarşılıqlı qorunması haqqında ikitərəfli müqavilələrin ruhuna uyğun olaraq, daşınmaz əmlak, hotelçilik və xidmət sektorlarında investisiya risklərinin yerindəcə minimallaşdırılmasına şərait yaradır. İordaniyanın qabaqcıl əczaçılıq sənayesi və kənd təsərrüfatı subyektləri ilə Azərbaycanın təmin etdiyi xüsusi hüquqi imtiyazlar, o cümlədən Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının təqdim etdiyi prefensial gömrük-vergi rejimləri arasında yeni kooperasiya müqavilələrinin bağlanması labüdləşir. Müqavilə-hüquq bazasının gətirdiyi bu imkanların real iqtisadi dividendlərə çevrilməsi üçün tərəflərin icra strukturları tərəfindən müvafiq normativ və təşviqat xarakterli addımların atılması zəruridir. Bura qarşılıqlı marketinq strategiyalarının hüquqi tənzimlənməsi, milli media məkanında birgə təbliğatın təşkili və Yaxın Şərq ilə Cənubi Qafqaz regionlarını əlaqələndirən kompleks transregional turizm məhsullarının yaradılması daxildir.
B.Məhərrəmov bildirib ki, Azərbaycan-İordaniya münasibətlərində əldə olunmuş normativ-hüquqi tərəqqi iki dövlətin təkcə rəsmi-diplomatik səviyyədə deyil, həm də vətəndaş cəmiyyətləri və biznes subyektləri səviyyəsində inteqrasiyasının təmin edilməsinə ciddi təkan verəcək: "Prezident İlham Əliyevin qlobal hüquqi və humanitar nüfuzunun, onun direktivləri əsasında Xarici İşlər nazirlikləri və parlament diplomatiyasının yaratdığı möhkəm institusional zəmin müasir beynəlxalq çağırışlar fonunda hər iki dövlətin qeyri-neft iqtisadiyyatının davamlı inkişafına və beynəlxalq hüququn prinsiplərinə əsaslanan tərəfdaşlığın dərinləşməsinə fundamental töhfədir".
Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"