Güclü reputasiyaya və yüksək nüfuza malik Azərbaycanın orta güc statusu dünya tərəfindən birmənalı qəbul edilir
Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin nüfuzu təkcə onların coğrafi miqyası və ya hərbi gücü ilə deyil, qlobal proseslərə təsir göstərmək və sivilizasiyalararası dialoqda oynadığı vasitəçilik rolu ilə ölçülür. Bu gün Azərbaycan öz iqtisadi, diplomatik, hərbi və mədəni resurslarını maksimum dərəcədə səfərbər edərək Cənubi Qafqazın həlledici gücünə, Avrasiya coğrafiyasının yeni və nüfuzlu orta gücünə çevrilib.
Ölkəmiz müstəqil xarici siyasət yürüdən, milli maraqlarını qətiyyətlə qoruyan, tərəfdaşları ilə birlikdə qitənin enerji və logistika xəritəsini yenidən formalaşdıran bir dövlətdir. Eyni zamanda Azərbaycanın COP29 və WUF13 (Ümumdünya Şəhərsalma Forumu) kimi irimiqyaslı mötəbər qlobal sammitlərə uğurla evsahibliyi etməsi rəsmi Bakının beynəlxalq problemlərin həllində çəkisini və dünya birliyindəki ali yüksək nüfuzunu bariz şəkildə nümayiş etdirir.
Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında bu məqama xüsusi toxunub. Dövlətimizin başçısı bildirib ki, bu gün ölkəmizin beynəlxalq əlaqələri çox genişdir: "Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır. Bizim dünya miqyasında çox yüksək reputasiyamız var, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər".
Dövlətimizin başçısının sözləri ölkəmizin geoiqtisadi strategiyasının dərin anatomiyasını ortaya qoyur. Prezident İlham Əliyev xarici siyasətdə qazanılmış siyasi mövqenin və beynəlxalq nüfuzun daxili iqtisadiyyata necə transfer edildiyini bəyan edir. Çünki müasir dünyada siyasi nüfuz və güvən amili birbaşa iqtisadi dividendlərə çevrilir.
Prezident İlham Əliyevin vurğuladığı orta güc statusu isə politologiyada çox mühüm kateqoriyadır. Bu status o deməkdir ki, Azərbaycan artıq, sadəcə, regional miqyasda deyil, qlobal proseslərə təsir göstərə bilən, müstəqil qərarlar qəbul edən və beynəlxalq koalisiyalarda ciddi çəkisi olan bir aktora çevrilmişdir. Beynəlxalq münasibətlər sistemində orta güc statusuna malik dövlətlər proseslərin gedişatını müəyyən edir, diplomatiyada və qlobal iqtisadiyyatda həlledici və balanslaşdırıcı rol oynayırlar.
Müasir dünya siyasətində inkişaf etməkdə olan orta güclərin ən klassik və bariz nümunələri olaraq Braziliya və İndoneziya kimi dövlətlər göstərilir. Bu dövlətlərin orta güc statusu qazanmaları və qlobal idarəçilikdə söz sahibinə çevrilmələri onların ərazi, əhali, təbii resurslar və strateji nəqliyyat potensialı kimi fundamental parametrlərinə əsaslanır. Məsələn, Braziliya nəhəng coğrafiyası və BRICS daxilindəki çəkisi, İndoneziya isə mühüm dəniz boğazlarına nəzarəti ilə iqtisadi platformalarda fərqlənirlər. Lakin orta güc olmağın tək şərti fiziki kütlə deyil, burada üçüncü və ən həlledici parametr dövlətlərin çoxtərəflilik və vasitəçilik diplomatiyasına, yəni yumşaq gücə əsaslanmasıdır. Fövqəldövlətlərdən fərqli olaraq, orta güclər qlobal problemlərin həllində hərbi təzyiqə və diktəyə deyil, beynəlxalq hüquqa, dialoqa və konsensusa arxalanırlar.
Politologiyada və beynəlxalq münasibətlərdə orta güc statusu alan dövlətlər, sadəcə, öz daxili coğrafiyaları ilə məhdudlaşmır, həm də qlobal və regional proseslərin gedişatına birbaşa təsir göstərmək rıçaqlarına sahib olurlar. Bu fonda Azərbaycanın da müasir dünya siyasətində məhz orta güc statusu ilə xarakterizə edilməsi tamamilə qanunauyğundur. Azərbaycan yuxarıda qeyd olunan parametrlərin bir çoxunu, xüsusilə "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri üzərindəki əvəzedilməz geostrateji logistik mövqeyini, Avropanın enerji təhlükəsizliyində oynadığı rolu, Qoşulmama Hərəkatına uğurlu sədrlik təcrübəsini və qlobal platformalarda nümayiş etdirdiyi vasitəçilik diplomatiyasını birləşdirərək, öz coğrafi miqyasından qat-qat böyük siyasi və iqtisadi çəkiyə malik bir dövlətə çevrilib.
Azərbaycan uzun illərdir ki, qlobal enerji təhlükəsizliyinin təmin olunmasında, Avropanın qaz təchizatının şaxələndirilməsində və beynəlxalq nəqliyyat layihələrinin formalaşmasında əvəzedilməz tərəfdaş olduğunu beynəlxalq birliyə sübut edib. Bu strateji mövqe və nümayiş etdirilən etibarlılıq ölkəmizin qlobal miqyasda güclü və toxunulmaz bir reputasiya qazanmasını şərtləndirib. Rəsmi Bakı artıq, sadəcə, enerji resursları nəql edən tərəf deyil, qlobal "yaşıl enerji"yə keçid prosesində Avropa ilə Asiya arasında körpü quran strateji beyin mərkəzidir.
Dünya miqyasında fəaliyyət göstərən iri xarici şirkətlər və investisiya fondları əməkdaşlıq edəcəkləri ölkələri seçərkən ilk növbədə daxili siyasi sabitliyə, hüquqi mühitin şəffaflığına və dövlətin bəyan etdiyi öhdəliklərə sadiqliyinə diqqət yetirirlər. Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrlik təcrübəsi, irimiqyaslı qlobal tədbirlərə evsahibliyi etməsi və regionda öz gücü ilə yaratdığı yeni geosiyasi reallıqlar ölkəmizin beynəlxalq nüfuzunu ən yüksək pilləyə qaldırıb.
Ölkəmizdə siyasi sabitlik, şəffaf və proqnozlaşdırıla bilən biznes mühit mövcud olduğuna görə, xarici kapitalın və investisiyaların təhlükəsizliyinə tam təminat verilir. Bu isə o deməkdir ki, Azərbaycanın qazandığı beynəlxalq siyasi çəki birbaşa olaraq onun daxili iqtisadi potensialının güclənməsinə xidmət edir. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yenidən qurulması, işğaldan azad edilmiş torpaqlarda həyata keçirilən irimiqyaslı aqrar və ekoloji layihələr məhz bu xarici investisiya cəlbediciliyinin canlı nümunəsidir.
Nəticə etibarilə, Azərbaycanın regional liderlikdən qlobal səviyyəli orta güc statusuna yüksəlməsi təsadüfi tendensiya deyil, düşünülmüş xarici siyasi kursun və daxili sabitliyin məntiqi yekunudur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu uğurlu siyasət ölkəni beynəlxalq münasibətlər sistemində, sadəcə, prosesləri izləyən deyil, qlobal oyun qaydalarını formalaşdıran və gələcəyin enerji, nəqliyyat, ekologiya xəritələrini cızan həlledici mərkəzə çevirib.
İsmayıl QOCAYEV,
"Azərbaycan"