30 Mart 2024 08:25
233
SİYASƏT
A- A+

Rasmussen Ermənistandan rüşvət alıb

 

Danimarkanın keçmiş baş naziri, NATO-nun keçmiş baş katibi korrupsioner  Anders Foq Rasmussen növbəti dəfə daimi müştərisi Ermənistandan külli miqdarda rüşvət alıb və bunun müqabilində Azərbaycana qarşı qərəzli hesabat hazırlayıb. 
Belə ki, rüşvətxor Rasmussenin rəhbərlik etdiyi "Ermənistanın Dostları Şəbəkəsi" adlı qrup tərəfindən hazırlanmış 21 mart 2024-cü il tarixli "Aİ-Ermənistan münasibətlərinin dərinləşməsi: Ermənistanda daha çox Avropa, Avropada daha çox Ermənistan" adlı hesabatda Azərbaycan əleyhinə əsassız iddialar yer alıb. 
Pulgir Rasmussenin rəhbərliyi altında hazırlanan və bütün faktların təhrif olunduğu, böhtan xarakterli müddəalardan ibarət qərəzli hesabatın Azərbaycan əleyhinə aparılan qarayaxma kampaniyasının tərkib hissəsi olduğu ilk baxışdan görünür. Sözügedən çirkin hesabatın aprelin 5-də Ermənistanın baş naziri, ABŞ dövlət katibi və Avropa Komissiyasının prezidenti arasında Ermənistan üçün təhlükəsizlik zəmanətinə dair sənədin imzalanmasının da planlaşdırıldığı Aİ-Ermənistan-ABŞ müştərək konfransının keçirilməsinin nəzərdə tutulduğu vaxt ərəfəsində açıqlanması isə bir başqa sual doğuran məqamdır və bu, işin içində başqa mətləblərin olduğundan xəbər verir. 

 

Pullar danışır

 

İkinci Qarabağ müharibəsinə qədər pərdə arxasından Azərbaycana qarşı qərəzli siyasət yürüdən Qərb siyasi dairələri suverenliyimizin bərpasından sonra maskalarını çıxararaq ölkəmizə qarşı açıq hücuma keçiblər. Müxtəlif siyasi platformalar vasitəsilə ölkəmizə təzyiq göstərməyə çalışan ABŞ və Avropanın hazırda qarşısına qoyduğu vəzifə Azərbaycan ilə Ermənistan arasında normallaşmaya mane olmaq, Cənubi Qafqazda yenidən müharibə ocağı yaratmaqdır. Aprelin 5-də Brüsseldə keçirilməsi planlaşdırılan Aİ-Ermənistan-ABŞ müştərək konfransı da bu məkrli məqsədə xidmət edir. 
2020-ci ildə kapitulyasiya aktını imzalayan Ermənistana Qərb təsisatları tərəfindən siyasi hərbi dəstək göstərilməsi İrəvanı sülhdən yayınmağa və müharibəyə qızışdırır. Buna görə də Qərbin maşası Ermənistan fürsətdən istifadə edərək vəziyyəti xeyrinə dəyişmək üçün hər zaman olduğu kimi, hazırda da Qərb korrupsionerlərinin ciblərini doldurmaqla məşğuldur ki, bunların da başında rüşvətxor Rasmussen dayanır. Hər kəsə məlum olduğu kimi, NATO-nun keçmiş baş katibinin gəlir deklarasiyasına əsasən, onun müştəriləri arasında Ermənistan da var.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi ilə bağlı "X"də etdiyi paylaşımında da məhz bu məqama toxunub: "NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin və onun ətrafının Ermənistan hökuməti və erməni lobbisi tərəfindən sifariş edilmiş və ödənişli qondarma hesabat və ya "möhürlü" təbliğat materialı mənə 4 sentyabr 2023-cü il tarixli Ermənistan Respublikasının ödəniş sənədinin də paylaşıldığı yer haqqında postumu yenidən dərc etməyimi xatırlatdı. Anders Foq Rasmussen hesabatına ödənişi əlavə etməyi unudub. Pullar danışır!"

 

Bahalı və mənasız böhtan kampaniyaları

 

Anders Foq Rasmussenin ölkəmizə qarşı qərəzli fəaliyyətinə bundan əvvəl də şahidlik etmişik. Danimarkanın sabiq baş naziri 2023-cü ilin martında Ermənistana səfər etmiş, Azərbaycana qarşı yalan və əsassız iddialar səsləndirmiş, Avropa İttifaqının ölkəmizə  qarşı sanksiyalar tətbiq etməsinin vacibliyindən dəm vurmuşdu. Amma çox keçmədən məlum oldu ki, Rasmussenin Ermənistana sözügedən səfəri də İrəvanın verdiyi  pul müqabilində baş tutub. 
Budur, yenə NATO-nun keçmiş baş katibi rüşvət qoxusu gələn eyni çirkin ssenarini davam etdirərək Azərbaycana qarşı qərəzli hesabat hazırlayıb. Bu hesabatın ictimaiyyətə açıqlandığı zamanın özü də xüsusi diqqət çəkir. Hansı ki hazırda Azərbaycan ilə Ermənistan arasında normallaşma üçün tarixi fürsət yaranıb. Digər tərəfdən isə qərəzli Qərb təsisatları təşkilatlanaraq Azərbaycana qarşı qarayaxma, təzyiq kampaniyasına start veriblər ki, bütün bunlar birbaşa regionda sülhə zərbə vurmaq məqsədi güdür. Eyni zamanda da başda Fransa olmaqla bəzi Qərb ölkələrinin Ermənistanı silahlandırması, ona hərbi dəstək verməsi bölgədə barışa yox, müharibənin alovlanmasına xidmət edir.  Belə bir həssas dönəmdə Rasmussenin rəhbərliyi altında qərəzli hesabatın hazırlanması və açıqlanması təsadüfi deyil. Bunlar Azərbaycana qarşı ABŞ, Fransa, Aİ, AŞPA, AP kimi ölkə və qurumlar tərəfindən həyata keçirilən eyni çirkin planın tərkib hissələridir. 
Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən adıçəkilən hesabatla bağlı şərhdə də vurğulanır ki, Ermənistan hökumətinin maliyyələşdirdiyi təbliğat kampaniyaları bir daha bu ölkənin regional sülh gündəmi ilə bağlı səmimi olmadığını nümayiş etdirir: "Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi Avropa təsisatları da daxil olmaqla, müəyyən dar düşüncəli siyasətçilər vasitəsilə bahalı və mənasız böhtan kampaniyalarının aparılması regional sabitliyə və sülh quruculuğu səylərinə xidmət etmir. Bunun əvəzinə, Ermənistan hökuməti və erməni lobbi qrupları regionda əsl sülh gündəminin təşviqinə diqqət yetirməlidirlər".
Göründüyü kimi, qərəzli Qərb təsisatlarının qızışdırması ilə Ermənistan sülhdən yayınır və müharibəyə hazırlaşır. Lakin nə adıçəkilən riyakar ölkə və qurumların hərtərəfli dəstəyi, eləcə də rüşvətxor rasmussenlərin qərəzli hesabatları Bakını haqlı və qəti mövqeyindən bir addım belə geri çəkindirə bilməz. Azərbaycan sülh gündəliyinə sadiqdir və bunun əksini istəyənlərin də layiqli dərsini verməyə hər an hazırdır. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video