09 Aprel 2025 08:55
528
İQTİSADİYYAT
A- A+
Quba baharda daha füsunkar olur

Quba baharda daha füsunkar olur


Ölkəmizdə qeyri-neft sektorunun inkişafı prioritet elan ediləndən sonra qiqqət mərkəzində dayanan sahələrdən biri də turizmdir. Turizm həm də bir çox digər sahələrin inkişafını təmin edir. İndi Azərbaycanda bu sektorun gəzinti turizmindən sağlamlıq turizminədək az qala bütün növləri fəaliyyət göstərir. Turistlər onlardan ilin bütün fəsillərində yararlanıb istirahət və müalicə oluna bilirlər.

Səyahət sevənlərin ən çox seçdikləri turizm məkanlarından biri də Qubadır. Qubada ölkəmizin şəhər və rayonlarından, eləcə də xaricdən gələnlərə hər gün rast gəlmək mümkündür. Onlar bu bölgəni yayda da, qışda da bəyənirlər. Yazda səyahətin isə öz yeri var. Zəngin flora və faunası ilə seçilən Quba yazda xüsusi bir görkəm alır. O üzdən bahar girəndən bəri rayona istirahətə gələn turistlərin sayı xeyli artıb. Quba Olimpiya İdman Kompleksi, SPA mərkəzləri, Xınalıq kəndi, Qonaqkənd, Afurca və digər ərazilərdəki turizm məkanlarında xüsusən həftəsonu canlanma müşahidə olunur. Yeri gəlmişkən, deyək ki, turizm obyeklərində şərait fəsillər nəzərə alınmaqla dəyişir. Turistlərin yerləşdikləri binaların havalandırılması, ətrafın infrastrukturu fəslə uyğun qurulur. 

Quba rayonunda dağ, kənd, çadır turizmi geniş yayılıb. Yazda hotellərə müraciət edənlər daha çox olur. Görünür, qonaqlar yaz yağışından sığortalanmaq üçün qapalı yerlər seçirlər.  Bununla belə, turistlərin sevdiyi marşrutlardan biri dağ kəndlərinə, o cümlədən Xınalıq istiqamətinədir. Xınalığın tarixi, onun qədim yaşayış məskəni kimi indiyədək qalması bu məkana turist axınını şərtləndirir. Şəraitə uyğun olaraq burada turizmin kənd və çadır növləri daha çox yayılıb. Odur ki, kənd evlərində, təbiətin qoynunda qurulmuş çadırda istirahət edən qonaqlarla hər zaman rastlaşmaq mümkündür. Haput, Qrız, Cek, Afurca, Gültəpə və digər kəndlərə yol alan turistlərin də sayı azalmır. Havalar bir az isinən kimi iri qayaların, daş parçalarının yaxınlığında dincələn çox sayda romantik duyğulu insanlara rast gəlinir. Onlar baş gicəlləndirən dərin dərələrə, keçilməz yarğanlara baxmaqdan heyran qalanlardır. 

Ümumiyyətlə, hazırda dünyada ən çox yayılmaqda olan turizm növlərindən biri kənd turizmidir. Bu, turizm bölgəsi olan Qubada da belədir. İlin bütün fəsillərində minlərlə turist yolunu rayonun kəndlərinə, xüsusən Nügədi, Təngaltı, Afurca, Qəçrəşə salır. Azərbaycanın elə bir rayonu yoxdur ki, oradan Qubanın kəndlərinə turist marşrutları təşkil edilməsin. Yerli turistlərlə yanaşı, müxtəlif ölkələrdən yüzlərlə qonaq Qubanın səfalı kəndlərinə üz tutur. Özü də ildən-ilə onların sayı artmaqdadır. 

Bu səbəbdən Qubadakı istirahət mərkəzlərinin sayı da ilbəil çoxalır. Bunun digər səbəbi dağ kəndlərinin yollarının təmiridir. Məsələn, Qonaqkənd istiqamətində yolların təmiri əraziyə turist axını ilə müşahidə edilir. Səfalı Möhüc, Tülər, Gültəpə, Yenikənd kimi dağ kəndləri də tezliklə yeni turist marşrutları olacaq. Artıq həmin kəndlərdə turizm infrastrukturu yaradılır. 

Həmsöhbətim Ruslan Hüseynov Qubada turizm sahəsində çalışır. O da təsdiqləyir ki, bahar girəndən Qubaya gələn qonaqların sayı çoxalıb. Onlar təbiətin oyanışından həzz almaq istəyənlərdir. Ruslan həm də bildirdi ki, yaz-yay mövsümü ilə bağlı turizm obyektlərində təmizlik və hazırlıq işləri başa çatıb. 

Yeri gəlmişkən, onu da qeyd edək ki, son illərədək istirahət mərkəzlərində çalışanlar arasında mütəxəssislərin sayı az idi. Bu da turistlərin qəbulunda, eləcə də, onlara göstərilən xidmətdə özünü göstərirdi. Hətta bəzən turist bir istirahət yerində qəbuldan, xidmətdən məmnun qalmayıb digər məkana üz tuturdu. Artıq bu problem də aradan qaldırılır. Rayonda bu sahədə çalışanlar vaxtaşırı xüsusi kurslarda iştirak edir, təcrübələrini artırırlar. Çünki bu gün turist üçün istirahət mərkəzlərinin təkcə təbiəti deyil, həm də orada işin necə təşkil olunduğu da önəmlidir. 

Qubanın dağətəyi kəndlərində isə çadır turizmi geniş yayılıb. Çadır turizmini daha çox avropalılar sevirlər. Şəxsi maşınlarında səyahətə çıxanlar bəyəndikləri yerlərdə gecələməyə üstünlük verirlər. Belə ərazilərdə olan turistlər həm də yaxınlıqda yaşayan insanlarla təmasda olurlar. Məlumdur ki, Qubada bir sıra azsaylı xalqların nümayəndələri yaşayırlar. Onların tarixi kökləri ilə maraqlanan turistlər, daha doğrusu, həmin xalqların tarixini və mədəniyyətini öyrənən mütəxəssislər ilk növbədə Qubaya üz tuturlar. Bu o deməkdir ki, tat, yəhudi, ləzgi, ahıska türklərinin mədəniyyəti turizm sektorunun inkişafı üçün yeni imkanlar açıb.

Təbiət getdikcə min rəngə boyanır. Bahar yerini bərkitdikcə çal-çağırı da artır. Sonra isə yay gəlir. Deməli, Quba hələ uzun müddət qonaq-qara sarıdan korluq çəkməyəcək. 


Akif ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!