Avqustun 25-də Laçın şəhərində Beynəlxalq Film Festivalının (Lachin International Film Festival – LIFF) açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, “Where Film Meets LIFE” şüarı ilə keçirilən festival Qarabağın və Şərqi Zəngəzurun ilk beynəlxalq film festivalıdır. Tədbir regionun mədəni həyatında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.
Festivalda nümayiş olunmaq üçün 47 ölkədən 300-ə yaxın film təqdim edilib. Onlardan 38-i festivalın əsas proqramına daxil edilib. Festival çərçivəsində, həmçinin 18 yerli film də nümayiş olunub. Tədbirdə əvvəlcə filmlərin təqdimat çarxları göstərilib.
Açılış mərasimində çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov festivalın keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, tədbirin 26 Avqust – Laçın Şəhəri Günü ərəfəsində keçirilməsi də rəmzi məna daşıyır. “Yenidən bərpa olunan Laçında həyatın və mədəni həyatın canlanması göz önündədir. Həyat qayıdan torpağa bayram gəlir. Kino sənətinə maraq şəhərin bərpası dövründə Laçın Kino Mərkəzinin yenidən qurulması ilə daha da artıb. Kino Laçının təbiətini və gözəlliklərini tərənnüm edən əsas sənət növlərindən biridir. İnanıram ki, Laçının gözəlliklərindən ilham alan yeni filmlər yaranacaq və bu festival ənənəyə çevriləcək”, – deyə M.Məmmədov əlavə edib.
Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev Laçının kino və vizual sənət üçün əlverişli məkan olduğunu deyib: “Festival öz potensialını nümayiş etdirmək istəyən yaradıcı insanlar üçün yeni imkanlar yaradır. Biz müxtəlif iqtisadi fəallığın stimullaşdırılmasına dəstək göstəririk. Bu festival həm də Laçının mədəni potensialının mühüm nümunəsidir”.
Kinorejissor Ayaz Salayev festival iştirakçılarını birləşdirən əsas amilin kinoya məhəbbət olduğunu söyləyib.
“HochazFilm Creative Studio”nun həmtəsisçisi və direktoru Amil Amal festivalın əsas məqsədlərindən söhbət açıb. Məqsəd “Azərbaycan kinematoqrafçılarının beynəlxalq kino ictimaiyyəti ilə əlaqələrini genişləndirmək, müxtəlif ölkələrdən olan kino peşəkarlarını bir araya gətirmək, yeni yaradıcı əməkdaşlıqlar üçün imkan yaratmaq, Laçının beynəlxalq kino və yaradıcı sənaye məkanı kimi potensialını nümayiş etdirməkdir”, - deyə o bildirib.
Daha sonra festivalın münsiflər heyətinin üzvləri çıxış ediblər.
Münsiflər heyətinin sədri Müşfiq Hətəmov 2014-cü ildə çəkdikləri “Qarabağ” filmini xatırladıb. O bildirib ki, film Laçına qayıtmağı yuxusunda görən yaşlı bir insanın həyatından bəhs edir. İndi həmin xəyallar reallaşıb.
Kinorejissor Elçin Musaoğlu bildirib ki, böyük yol kiçik addımlardan başlayır. O, festivalın hər il inkişaf edəcəyinə və regionda belə bir tədbirin keçirilməsinin vacib olduğuna diqqət çəkib.
İranlı rejissor Rza Siami Qarabağa səfər etməyin onun ən böyük arzularından biri olduğunu deyib. O, festivalın münsiflər heyətində yer aldığı üçün xoşbəxt olduğunu bildirib.
Əməkdar artist Gülzar Qurbanova festivalın Laçında keçirilməsinin onun üçün xüsusi məna daşıdığını bildirib. “Bu məkanda ayrılıq, həsrət və yenidən qovuşmaq hissləri bir aradadır. Kinonun da qayəsi budur – yaşadıqlarımızı ekrana köçürmək. Filmlərə yalnız texniki meyarlarla deyil, qəlbimdə və ruhumda hansı hissləri oyatması baxımından yanaşıram”, – deyə G.Qurbanova əlavə edib.
Münsiflər heyətinin digər üzvləri Laçın Film Festivalının region üçün mühüm hadisə olduğunu qeyd ediblər və “film işığının heç zaman sönməməsini” arzulayıblar.
Tədbir çərçivəsində Xəzər Universitetinin tələbələri musiqi nömrələri ilə çıxış ediblər. Daha sonra festival proqramına daxil olan filmlərin nümayişi keçirilib.
Qeyd edək ki, müsabiqənin nəticələrinə əsasən 7 film Laçın Beynəlxalq Film Festivalının rəsmi mükafatı olan “Qızıl Palıd Budağı”na layiq görüləcək.
Tədbirin keçirilməsinə Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyi, Mədəniyyət Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən Kino Agentliyi, Qarabağ Dirçəliş Fondu, Bakı Abadlıq Xidməti, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Azərbaycan Prodüserlər Gildiyası və Laçın Abadlıq Xidməti dəstək verirlər.