18 Mart 2026 09:05
125
İQTİSADİYYAT
A- A+
Biznesdə davamlı qazancın tək yolu - halallıq 

Biznesdə davamlı qazancın tək yolu - halallıq 


İndiki zamanda qlobal iqtisadiyyatın inkişafı ilə yanaşı, etik və dini prinsiplərə əsaslanan biznes modellərinə də maraq  artmaqdadır. Xüsusilə müsəlman cəmiyyətlərində halal prinsiplərə uyğun fəaliyyət göstərən biznes sahələri sürətlə inkişaf edir. Halal biznes  məhsul və xidmətlərin dini qaydalara uyğun olmasından başqa, dürüstlük, ədalət, şəffaflıq və sosial məsuliyyət kimi dəyərlərin qorunmasını nəzərdə tutur. Bu baxımdan, halal biznesə  iqtisadi fəaliyyətin etik çərçivədə həyata keçirilməsini təmin edən  model də demək olar.

Halal biznes islamın iqtisadi prinsiplərinə uyğun şəkildə həyata keçirilən sahibkarlıq fəaliyyətidir. Bu biznesdə qazancın mənbəyi və əldə olunma üsulu böyük əhəmiyyət daşıyır. Ona görə də ticarətdə şəffaflıq, alıcı və satıcı arasında qarşılıqlı etimad, sosial məsuliyyət - əsas prinsiplər kimi qəbul edilir. İslam dininin iqtisadi prinsiplərinə görə, biznes fəaliyyəti zamanı haram hesab olunan məhsulların istehsalı və satışı qadağandır. Spirtli içkilər, donuz mənşəli məhsullar və digər haram sayılan malların ticarəti halal biznes çərçivəsinə daxil edilmir. Üstəlik, aldatma, ölçü və çəkiyə müdaxilə etmək, haqsız qazanc götürmək kimi hallar da qadağan olunur. Bu qaydalar iqtisadi münasibətlərdə ədalətin və dürüstlüyün qorunmasına xidmət edir.

Son illər  halal məhsul və xidmətlərə tələbatın artması bir çox ölkədə olduğu kimi, Azərbaycanda da halal biznesin inkişafına təkan verib. Əhalinin böyük hissəsinin müsəlman olması halal məhsullara marağı artırır və bu sahədə fəaliyyət göstərən müəssisələrin sayının artmasına səbəb olur. Azərbaycanda halal biznes, əsasən, qida sənayesi sahəsində daha geniş yayılıb. Halal qaydalara uyğun kəsilmiş ət, müxtəlif qida məhsulları, restoran və kafe xidmətləri bu sahənin əsas istiqamətlərini təşkil edir. Bundan əlavə, son illər halal turizm və halal kosmetika kimi yeni sahələr də inkişaf etməyə başlayıb.

Halal biznesin inkişafında standartların və sertifikatlaşdırmanın tətbiqi də mühüm rol oynayır. Bu sahədə fəaliyyət göstərən müəssisələr üçün halal sertifikatının alınması məhsulların və xidmətlərin islam qaydalarına uyğun olduğunu təsdiqləyir və istehlakçıların inamını artırır. Azərbaycanda bu istiqamətdə standartlaşdırma və keyfiyyətə nəzarət sahəsində fəaliyyət göstərən qurumlardan biri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu hesab edilir. 

Halal biznesin inkişafı üçün halal investisiyanın olması vacibdir. Bu investisiya haram (qanunsuz) sahələrə və ya mallara, məsələn, donuz ətindən olan məhsullara, spirtli içkilərə, eləcə də hərbi ləvazimatlara qoyulmamalıdır. Belə yanaşma həm biznesin dini uyğunluğunu təmin edir, həm də investorlar üçün etibarlı və şəffaf maliyyə mühiti yaradır. Dünyada bu prinsiplərə uyğun investisiyaların təşviqi və dəstəyi ilə məşğul olan nəhəng maliyyə qurumlarından biri İslam İnkişaf  Bankıdır. O, islam maliyyəsi prinsiplərinə uyğun layihələrə investisiya qoyaraq halal bizneslərin genişlənməsinə yol açır. Bu yerdə əlavə edək ki, hazırda  dünyada halal biznes və islam maliyyəsi prinsiplərinə uyğun investisiyaların dəstəklənməsi sahəsində 500 nəhəng islam maliyyə institutu fəaliyyət göstərir. Onların ümumi vəsaiti 800 milyard dollara çatır. İslam bankçılığı sahəsində liderlər Kuala-Lumpur, Bəhreyn və Londondur. Avropada ilk islam bankı olan "Islamic bank of Britain" hələ 2002-ci ildə Londonda açılıb. Hətta "Sitibank" (ABŞ) və "Sosete Æeneral" (Fransa) kimi nəhəng maliyyə strukturları da bu cür xidmətlər təklif edirlər. İsveçrənin məşhur "UBS" və "Credit Suisse" banklarında isə islam bankçılığına aid böyük bir şöbə var.

"İslam bankçılığı" dedikdə bank əməliyyatlarının şəriət qanunları əsasında tənzimləndiyi sistem başa düşülür. Onu klassik, ənənəvi kommersiya banklarından fərqləndirən əsas xüsusiyyət faizin qəti qadağan edilməsidir. Söz düşmüşkən xatırladaq ki, faizsiz bankçılığın tarixi hələ eramızdan əvvəlki dövrlərə - Hammurapi hakimiyyəti illərinə qədər gedib çıxır. İslam iqtisadiyyatı anlayışının elmə gətirilməsi hindli alim M.A.Gilanin adı ilə bağlıdır. O özünün "İslam iqtisadiyyatı" adlı kitabında bu modeli ideal iqtisadi sistem kimi qiymətləndirib. Məhz bu kitabın nəşrindən bir neçə il sonra ilk islam maliyyə qurumları, strukturları yaranmağa başlayıb. İslam bankçılığının başlıca məqsədi odur ki, ədalətli iqtisadi münasibətlər qurulsun, heç kimin haqqı tapdalanmadan halal yolla gəlir əldə etmək mümkün olsun. 

İslam bankçılığı sərmayələrin yalnız real sektora yönəldilməsini tələb edir. Burada əsas məsələ odur ki, əmanətlərin real sektora deyil, veksel və repo kimi sahələrə yönəldilməsi, eləcə də faizlə qiymətləndirilməsi əmanətçilərdə tədricən ətalət yaradır. Digər tərəfdən isə bu hal sahibkarların istehsala olan marağını və istəyini azaldır. İslam bankları kommersiya banklarından fərqli olaraq borc verən tərəf kimi deyil, əksinə, fəaliyyət ortağı kimi çıxış edirlər.

Halal maliyyə prinsipləri islamın müqəddəs kitabı olan Qurani-Kərimdə yer alan qaydalara əsaslanır. Quranda faiz qadağan edilərək müsəlmanlara ədalətli və halal ticarət münasibətləri qurmaq tövsiyə olunur. Bəqərə surəsinin 275-ci ayəsində  deyilir: "Allah alış-verişi halal, faizi isə haram etmişdir". İslam İnkişaf  Bankı məhz bu prinsiplər əsasında formalaşan beynəlxalq qurumdur. Bank faizsiz maliyyələşdirmə modellərindən istifadə edərək üzv ölkələrdə sosial-iqtisadi inkişaf layihələrini dəstəkləyir və halal maliyyə mexanizmlərinin yayılmasına töhfə verir.

Azərbaycan ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq uzun illərə dayanır. Ölkəmiz  bu banka 1992-ci ildə üzv olub. O zamandan etibarən ölkəmizdə müxtəlif sosial-iqtisadi layihələrin maliyyələşdirilməsində  bu bank mühüm rol oynayır. Bankın dəstəyi ilə indiyə kimi Azərbaycanda kənd təsərrüfatı, enerji, infrastruktur və su təsərrüfatı kimi sahələrdə çoxsaylı layihələr həyata keçirilib. Ümumilikdə İslam İnkişaf Bankı  tərəfindən Azərbaycanda 80-dən çox layihəyə təxminən 1,3 milyard  dollar həcmində maliyyə ayrılıb. Bu layihələr ölkənin iqtisadi inkişafına, regionların sosial rifahının yüksəldilməsinə və dayanıqlı iqtisadi artımın təmin olunmasına töhfə verir.

Halal məhsulların istehsalında xammalın əldə edilməsindən satışa qədər bütün mərhələlər müəyyən qaydalara uyğun həyata keçirilməlidir. Bu baxımdan, standartların tətbiqi və nəzarətin gücləndirilməsi böyük əhəmiyyət daşıyır. Məhz bu kimi məsələlər 2025-ci il oktyabrın 7-8-də  Bakıda keçirilən II Azərbaycan Halal Biznes Forumunda (AZHAB Forum)  geniş müzakirə olunub. Forumda halal biznesin inkişaf perspektivləri, sertifikatlaşdırma mexanizmləri, beynəlxalq təcrübə və halal məhsulların qlobal bazara çıxarılması imkanları diqqət mərkəzində olub. Tədbirdə yerli və xarici ekspertlər, sahibkarlar və dövlət qurumlarının nümayəndələri iştirak edərək halal biznes mühitinin inkişafı üçün vacib istiqamətlər barədə fikir mübadiləsi aparıblar. Bundan başqa, Kiçik və Orta Biznesin (KOB) dəstəklənməsi, islam maliyyəsi, halal biznesin idarə olunması, KOB-ların "yaşıl keçid"i, halal turizm və halal sənayenin inkişafında qadınların roluna dair panel müzakirələr də tədbirn gündəliyində yer alıb.

Belə  qlobal tədbirlər onu göstərir ki,  halal biznesin inkişafı üçün böyük perspektivlər mövcuddur. Qlobal bazarda halal məhsullara olan tələbatın artması bu sahədə yeni imkanlar yaradır. Halal qida sənayesi, halal turizm, halal kosmetika və digər istiqamətlərdə fəaliyyət göstərən müəssisələr üçün həm yerli, həm də beynəlxalq bazarlara çıxış imkanları genişlənir. Belə tendensiya xüsusən müsəlman əhalinin çoxluq təşkil etdiyi ölkələr üçün mühüm iqtisadi imkanlar verir. 

Bu proses Azərbaycan üçün də aktualdır və ölkəmizdə halal biznesin genişlənməsi iqtisadi inkişaf baxımından yeni fürsətlər yaradır. Halal qida sənayesi, turizm və digər sahələrdə yaranan imkanlar həm daxili bazarın inkişafına, həm də beynəlxalq ticarətin genişlənməsinə müsbət təsir göstərə bilər.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!