Söhbət XX əsr Azərbayacan təsviri sənətinin inkişafında əvəzsiz xidmətləri olmuş, təsviri sənətin rəngkarlıq sahəsində uğurlu əsərlər yaratmış, bu il 100 illik yubileyi tamam olan Xalq rəssamı Cahangir Rüstəmovdan gedir.
O, Şəki şəhərində anadan olmuşdur. İncəsənətə olan sevgi və marağı onu Bakıya gətirir. Cahangir Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alır, Səttar Bəhlulzadə və Baba Əliyevdən sənətin sirlərini öyrənir. V.İ.Surkov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul olunan C.Rüstəmov ailə vəziyyəti ilə əlaqədar ali təhsilini başa vura bilmir. 1951-ci ildə Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilən sənətkarın əsərləri bir sıra yerli və beynəlxalq əhəmiyyətli sərgilərdə nümayiş olunur. Onun Bakı (1953, 1962, 2016) və Astara (1973) şəhərlərində fərdi sərgiləri təşkil edilir. Əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və şəxsi kolleksiyalarda saxlanılır. Rəssamın qardaşı Əməkdar rəssam Aslan Rüstəmov ölkəmizin tanınmış heykəltaraşıdır. Onun monumental heykəltaraşlıq əsərləri Bakı ilə yanaşı, rayonlarımızda da ucadılıb.
C.Rüstəmovun ilk yaradıcılıq illəri İkinci Dünya müharibəsinə təsadüf edir. O, həmin illər müharibə mövzusunda "Qəhrəmanın qarşılanması" (1946), "Sonuncu düşmən əsgəri" (1948), "Gəncədə Nizami Gəncəvinin heykəlinin açılışı" (1949) "Pambıq yığımı" (1949), "Neftçi Yusif Ağayevin portreti" (1949) və başqa əsərlər yaradır. Bu illəri rəssamın yaradıcılığında axtarış dövrü adlandırmaq olar.
Sənətkarın nisbətən sanballı işləri 1950-ci illərdə yaratmış olduğu əsərlərdə özünü büruzə verir. Artıq özünü təsdiq etmiş rəssam bir sıra maraqlı əsərlərin müəllifi kimi uğurlar qazanır. "İstisu" (1952), "Eyvanda" (1953), "Senej" (1953), "Balaca köməkçi" (1955), "Bakı mənzərəsi" (1956), "İlk şeir" (1957), "Ailə sevinci" (1958) və başqa süjetli tablo və mənzərə əsərlərini ərsəyə gətirməklə rəssam özünün peşəkar işlənilmə ustalığı ilə seçilən, yaradıcılıq dünyasında xüsusi rola malik əsərlərini yaratmağa nail olur.
Milli İncəsənət Muzeyinin ekspozisiyasında nümayiş olunan "Balaca köməkçi" adlı əsərdə rəssam adi məişət hadisəsini təsvir edib. Kompozisiyanın quruluşu, işıq-kölgə həlli, surətlərin plastikası o dərəcədə ustalıqla əks olunub ki, sanki tamaşaçı hadisənin iştirakçısına çevrilir. Ananın mətbəxdə fərəh hissi ilə balaca qızına iş prosesində duyğulu baxışları, keçirdiyi sevinc hissləri onun çöhrəsindən oxunur. Burada rəssam tərəfindən dolğun rəng çalarları və mükəmməl kolorit həlli ilə işlənilib. Rəssamın bu əsəri fəxri fərmanla təltif olunmuşdur.
Cahangir Rüstəmovun məişət janrında işlədiyi növbəti "Ailə sevinci" adlı işi də onun uğurlu əsərlərindən sayılır. Kompozisiyada ərlə-arvadın bağdakı asma beşikdə yatmış övladlarına məhəbbətlə baxdıqları təsvir olunub. Valideynlərin qəlbində dərin sevinc hissləri yaşadıqları onların sakit duruşlarından və üz cizgilərinin dərin ifadəsindən sezilir. Rəssamın belə lirik tonlu, dərin psixoloji mənaya malik əsərləri sırasında həmçinin "İlk şeir" (1957), "Gənclik" (1963) adlı əsərlərini də vurğulamaq olar.
1960-1970-ci illərdə rəssamın yaradıcılıq diapazonu genişlənir, müşahidələri və peşəkar yaradıcılıq məharəti qüvvətlənir. C.Rüstəmov bu illərdə ölkəmizin müxtəlif guşələrinə yaradıcılıq ezamiyyətinə yollanır. Onun ölkəmizin cənub rayonlarına - Cəlilabad, Masallı, Lənkəran, Astaraya həsr etdiyi əsərləri ayrıca bir mövzudur. Burada o zəhmət adamlarının ayrıca portretlərini, onların iş zamanı surətlərini kətana köçürmüş, həmçinin iri ölçülü tematik tablolar ərsəyə gətirmiş, bir sıra mənzərə nümunələri yaratmışdır. C.Rüstəmovun bu işlərinə nümunə olaraq "İstirahət edən kolxozçu qadın" (1960), "Kolxozçu qız" (1960), "Pambıqçı qadının portreti" (1962), "Çay yığımı" (1965), "Kolxozçu qadınlar" (1967), "Çaybecərənlər" (1971), "Tarla zəhmətkeşləri" (1972), "Narlar" (1973), "Komsomol briqadası" (1973), "Sosializm yarışının qalibləri" (1974), "Dağlarda" (1978), "Üzümçülər" (1982) və digərlərini qeyd edə bilərik.
Rəssamın uğurlu portret əsərləri sırasında "Mixaylo (Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə)" (1956) "Sosialist əməyi qəhrəmanı Zəki Şükürovun portreti" (1958), "Güləş üzrə dünya çempionu Aydın İbrahimovun portreti" (1962), "İdmançı qız" (1962), "Fransa müqavimət hərəkatının iştirakçısı Əhmədiyyə Cəbrayılovun portreti" (1979), "Qız portreti" (1980) və başqa əsərlərini göstərmək olar.
C.Rüstəmov 1961-ci ildə Fransa və Tunisə yaradıcılıq ezamiyyəti nəticəsində bir sıra maraqlı əsərlər qalereyası ərsəyə gətirmişdir. O, həmin ölkələrdə olarkən apardığı yaradıcı müşahidələri nəticəsində bir sıra yaddaqalan tablolar yaratmışdır. Fransaya aid "Tələbə qızlar" (1961), "Luvr" (1961), Tunis ölkəsinə aid "Çəkməsilən" (1961), "Oyanma" (1961), "Karfagen yaxınlığında" (1961), "Kayruanlı qız" (1961) adlı əsərlərini qeyd edə bilərik. Bundan başqa, rəssam həmçinin 1968-ci ildə ABŞ-yə yaradıcılıq ezamiyyətinə getmişdir. O, Nyu York, Buffalo, Vaşinqton, San-Fransisko, Los-Angelsdə sərgi qalereyalarını və muzeylərini gəzmiş, Amerika rəssamları və təsviri sənətinin ənənələri ilə yaxından tanış olmuşdur.
Dövlətimiz tərəfindən Cahangir Rüstəmovun bədii yaradıcılıq fəaliyyəti yüksək qiymətləndirilmiş, ona Əməkdar rəssam (1982) və Xalq rəssamı (2002) fəxri adları verilmiş, Prezident təqüdünə layiq görülmüşdür. Rəssamın bədii yaradıcılıq fəaliyyəti tanınmış sənətşünas alimlər tərəfindən yüksək qiymətləndirilmişdir. Həmçinin 2016-cı ildə rəssamın 90 illik yubileyinə həsr olunmuş möhtəşəm fərdi sərgisi təşkil edilmişdir.
Əsəd QULİYEV,
sənətşünas, Rəssamlar İttifaqının üzvü