18 Mart 2026 08:13
154
SİYASƏT
A- A+
Ermənistanın taleyi sülhdən asılıdır

Ermənistanın taleyi sülhdən asılıdır


Ermənistanda artıq anlayırlar ki, ölkənin Azərbaycanla sülhdən başqa alternativ yolu yoxdur. Regionda yaranmış yeni reallıqlar və güc balansı da bunu açıq şəkildə göstərir. Ermənistanın Baş naziri Nikol Paşinyanın martın 11-də Avropa Parlamentindəki (AP) çıxışı da bu reallığın İrəvan tərəfindən qəbul edilməyə başlandığının nümayişidir. 

Paşinyanın çıxışından görünür ki, Ermənistan rəhbərliyi artıq regiondakı geosiyasi vəziyyəti və Azərbaycanın yaratdığı yeni siyasi reallığı dərk edir. Dövlətimizin qətiyyətli siyasəti və regionda formalaşdırdığı yeni reallıq Ermənistanı sülhə doğru yönəldən əsas amillərdən biridir. Məhz buna görə də Paşinyanın çıxışında sülh, əməkdaşlıq və sərhədlərin müəyyənləşdirilməsi kimi məsələlər xüsusi yer tuturdu. 

Ermənistanın Baş naziri çıxışı zamanı ölkəsinin xarici siyasətində yeni dövrün başladığını bəyan edib, ölkəsinin təhlükəsizlik anlayışının dəyişdiyini, diplomatiyanın önə çıxdığını vurğuladı. Eyni zamanda o, revanşist qüvvələrin və dezinformasiya kampaniyalarının cəmiyyətdə yaratdığı təzyiqlərə baxmayaraq, Azərbaycanla sülhü qorumağa sadiqliyini bəyan edib. Bu onu göstərir ki, Nikol Paşinyan regionda yaranmış yeni reallıqları qəbul etməyin zəruri olduğunu anlayır. Beləliklə, Azərbaycanın prinsipial mövqeyi nəticəsində Ermənistan artıq konstruktiv yanaşma sərgiləmək məcburiyyətindədir. 

Nikol Paşinyan vətəndaş cəmiyyəti nümayəndələrinin Azərbaycanla sərhəddəki Kirants kəndinə səfərlərini təşkil edərək insanlara "sülh" və "real Ermənistan" anlayışlarını göstərməyə çalışıb. Bununla da Nikol Paşinyan artıq cəmiyyətə açıq şəkildə izah etməyə çalışır ki, uzun illər formalaşdırılmış miflər və qorxu üzərində qurulan yanaşmalar real nəticə vermir. O qeyd edib ki, Ermənistan və Azərbaycan arasında sülh 1991-ci il 21 dekabr tarixli Almatı Bəyannaməsi əsasında qurulub, bir-birinin ərazi bütövlüyünü tanıyır. Bu, daxildəki revanşist qüvvələrin "sərhədlər yenidən çəkilməlidir" iddialarına qarşı Paşinyanın mesajı kimi də qiymətləndirilə bilər. Paşinyan kilsə rəhbərlərinin və onlara dəstək verən qüvvələrin səylərinə baxmayaraq, yeni müharibəyə yol verməyəcəklərini vurğulayıb: "Yeni münaqişə və yeni müharibəyə imkan verməyəcəyik. Minlərlə qurban bahasına əldə olunmuş şüur, sülh və müstəqilliyin anti-xristian məqsədlər naminə qurban verilməsinə imkan verməyəcəyik". O, həmçinin kilsəni müharibə və zorakılığı təbliğ etməkdə və cəmiyyəti sülh və müharibə arasında seçim qarşısında qoymaqda günahlandırıb.

Paşinyan bildirib ki, Ermənistanın mövcudluğu yalnız beynəlxalq hüquq və qarşılıqlı tanınma müstəvisində qorunacaq. "Təhlükəsizlik anlayışı zamanla hərbi yanaşmadan siyasi-diplomatik yanaşmaya doğru dəyişir. Düşünürəm ki, bu məntiqə daha çox fokuslanmalıyıq. Təhlükəsizliyin yeganə qarantı sülhdür. Sülhdən daha etibarlı qarant yoxdur", - deyə Baş nazir vurğulayıb. Aydın görünür ki, Nikol Paşinyan artıq təhlükəsizlik məsələlərinə əvvəlki kimi hərbi prizmadan yox, siyasi və diplomatik müstəvidə yanaşır. Bu yanaşmanın formalaşmasında isə regionda yaranmış reallıqlar və Azərbaycanın mövqeyi həlledici rol oynayır. Azərbaycan qalib ölkə kimi məğlub tərəfə təzyiq etmir, əksinə, sülh və əməkdaşlıq təklif edir. Bu, beynəlxalq münasibətlər tarixində nadir rast gəlinən, yüksək siyasi mədəniyyət və humanist yanaşmanın göstəricisidir. Güc sahibi olub barışıq təklif etmək regionda sabitlik qurmağa yönəlmiş strateji baxışın nəticəsidir. Azərbaycanın bu yanaşması Cənubi Qafqazda yeni siyasi mədəniyyət formalaşdırır. 

Qeyd edək ki, N.Paşinyanın Avropa Parlamentində çıxışı Ermənistanın xarici və daxili siyasətində ən kəskin dönüş nöqtələrindən birini göstərir. O, daxildəki revanşistlərə, xarici qüvvələrin təsirinə və psixoloji travmalara baxmayaraq, ölkəni "real və sülhsevər Ermənistan" konsepsiyası üzərində formalaşdırmağa çalışır. Bu, Ermənistanın müstəqil dövlət kimi yaşamağı və regiondakı reallıqları qəbul etməsi üçün son şansdır. Baş nazirin vurğuladığı kimi, təhlükəsizlik yalnız sülh vasitəsilə qorunur və hərbi resurslar bu rolu yerinə yetirə bilmir.

Avropa Parlamenti hər zaman Azərbaycana qarşı qərəzli olub. Bu qurumun tribunasından daim respublikamıza qarşı böhtan atılıb və bütün bunlar Avropa Parlamentinin erməni təəssübkeşliyindən irəli gəlib. Bu gün isə Ermənistanın Baş naziri bu qurumun tribunasından Azərbaycanla sülhün vacibliyini bəyan edir və bu çıxış həm də AP-nin ermənipərəst deputatları üçün bir mesaj sayıla bilər.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!