03 Mart 2026 09:15
145
Mədəniyyət
A- A+
Poeziyanın intibah günəşi

Poeziyanın intibah günəşi


Bu il böyük Azərbaycan şairi Xaqani Şirvaninin anadan olmasının 900-cü ildönümü tamam olur. Bununla bağlı Prezident İlham Əliyev 28 yanvar 2026-cı il tarixli sərəncam imzalamış, sənəddə Xaqani Şirvani Azərbaycan ədəbiyyatı və mədəniyyətinin qızıl dövrünün ümumbəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi nəhəng simalardan biri kimi öz layiqli qiymətini almışdır. 

Xaqani həqiqətən Azərbaycanda İntibah dövrü ədəbiyyatının ilk ən qüdrətli nümayəndəsi sayılır. O, Nizamiyə qədərki ədəbiyyatımıza çox güclü ictimai-siyasi məzmun, yüksək sənətkarlıq xüsusiyyətləri gətirmişdir. Qüdrətli söz ustadı Azərbaycan ədəbiyyatı tarixində ilk poemanın müəllifi olmuş, klassik ədəbiyyatımızda xüsusi yer tutan qəsidə janrını əlçatmaz bir yüksəkliyə qaldırmışdır. 

Şairin əsərləri yüksək humanist məzmuna əsaslanır. Əsərlərində şər kəskinliklə inkar edilir, xeyir, gözəllik, insanı xoşbəxt edən dəyərlər tərənnüm olunur. Özünün bədii-humanist məziyyətləri ilə şairin əsərləri dünya ədəbiyyatının, xüsusilə İntibah dövründə yazıb-yaratmış sənətkarların yaradıcılıq irsi ilə eyni mənzilədə qərarlaşır. Təsadüfi deyil ki, Şərq ədəbiyyatının parlaq simaları olan Əmir Xosrov Dəhləvi, Əbdürrəhman Cami, Füzuli kimi dahilər Xaqani sözündən təsirlənmiş, ondan öyrənmiş, bəzi əsərlərinə cavablar yazmışlar. 


“Nə qədər məskənim xoş bir məkandır”


Xaqani Şirvani əsərlərində dəfələrlə Şamaxıda, hörmətli bir ailədə doğulduğunu qeyd etmiş, bu torpağa - Şirvana sevgisini dilə gətirmişdir: 


Nə qədər məskənim bu xoş məkandır,

O Şərvan deyildir, bir Xeyrəvandır.


Babası toxucu, atası dülgər idi. Şairin əmisi və əmisi oğlu isə həkim və alim kimi tanınırdılar. Şairin anası Rabiə müsəlmanlığı qəbul etmiş xristian qızı idi. O, sərkərdə ailəsində doğulmuşdu. Xaqaninin ana babası Toqat şəhərində möbid kimi tanınmışdı. 

Şairin atası Əli Nəccar oğluna öz sənətini - dülgərliyi öyrətmək istəyirdi. Amma əmisi Kafiəddin Ömər ibn Osmanın körpəlikdən onu himayəsinə götürməsi gələcəyin məşhur şairinin taleyini dəyişmişdi. Əmisi ona Quranı, fəlsəfə və riyaziyyat elmlərini öyrətmişdi. Xaqani artıq 15-16 yaşlarından şeirlər yazmışdır. Əmisi ona “Həssanül-Əcəm” (Əcəm Həssanı) təxəllüsünü vermişdi.

25 yaşında o, Şirvanşahlar sarayının “Məlik üş-şüara”sı Əbül-üla Gəncəvinin dəvəti ilə saraya gəlir. Şair saraya gəlişini sevinclə qarşılayır, mədhiyyələr yazmağa, sarayda keçirilən şeir məclislərində fəal iştirak etməyə başlayır. Burada Əbül-üla ona “Xaqani” təxəllüsünü verir və bu təxəllüs Şirvanşah Mənuçöhrün fərmanı ilə təsdiqlənir.  

Sarayda xidmət etdiyi dövrdə Xaqani Şirvanşah Mənuçöhrə, onun oğluna, Axsitana, Qızıl Arslana və digər hökmdarlara, əsilzadələrə çoxsaylı mədhiyyələr yazır. Bu mədhiyyələrin çoxu əhəmiyyətli hadisələrə həsr edilmişdi. Baqlani bəndinin tikilməsi, Axsitanın düşmənə qarşı qazandığı qələbə ilə bağlı mədhiyyələr buna misaldır. 


Mənəvi oyanış


Xaqani poeziyasında yeri gələndə sərtliyi, ciddi etirazları ilə başqa saray şairlərindən seçilirdi. Üstəlik, şairin özü də çılğın təbiətli insan idi. Onun şeirləri, davranışları çoxlarını təşvişə salırdı. 

Sarayda keçirdiyi illərdə həyatında böyük bir mənəvi oyanış baş verdi. Saray həyatının onun fərdi azadlıqlarını necə məhdudlaşdırdığını anladı və bu mühit gənc şairi sıxmağa başladı. O özünü “qanadı qırılmış quş kimi dəmir qəfəsdə” hiss edir, Şırvanşahlar sarayından qaçmaq üçün müxtəlif yollar axtarırdı. Bu niyyətlə ziyarətə yollanır, Məkkəni, Mədinəni, Bağdadı və digər şəhərləri gəzib dolaşır. Yazdığı əsərlərində Xaqani güzarının düşdüyü yad ellərdə ona olan diqqət və ehtiramdan geniş söhbət açırdı. Səyahətinin nəticəsi kimi o, “Mədain xərabələri” adlı məşhur fəlsəfi qəsidəsini qələmə alır. Bu əsərində şair Sasani şahlarının xaraba qalmış saraylarının timsalında müasirlərini ibrət dərsi almağa çağırırdı. “Mədain xərabələri” əsəri dövrün sosial-siyasi şəraitini öyrənmək baxımından çox əhəmiyyətlidir. Burada o, şeirin tərbiyəvi gücünə inamı haqqında da çox maraqlı fikirlər irəli sürür, şairlik sənəti haqqında deyirdi: “Hər tərbiyəçi şairliyi bacarmaya bilər. Fəqət hər şair tərbiyə verməyi bacarmalıdır!”

Xaqani Şamaxıya qayıtdıqdan bir müddət sonra əmisi Kafiəddin Ömər 1151-ci ildə vəfat edir. 1152-ci ildə şair bir kəndli qızı ilə evlənir və onların Əbdülməcid və Rəşid adlı iki oğulları, bir neçə qızları dünyaya gəlir. Bu dövrdə şair müəyyən müddət Dərbənd və Gəncədə bir növ sürgün həyatı yaşayır. Orada özünə çoxlu dostlar qazanır, 1159-cu ildə Gəncədə olarkən qızdırma xəstəliyinə tutulur və Gəncəli Şəmsəddin Təbib adlı həkim onu müalicə edir. Tədqiqatçıların ehtimallarına görə, Xaqani Gəncədə yaşayarkən, onda hələ 18-19 yaşlarında olan Nizami Gəncəvi ilə də görüşmüş, aralarında ünsiyyət qurulmuşdu. 

Klassik Şərq poeziyasının müxtəlif janrlarında mükəmməl əsərlər yaradan Xaqani Şirvaninin adı, şeirləri artıq Yaxın və Orta Şərq ölkələrində məşhur idi. Xüsusən Yaxın Şərq ədəbiyyatında epik poeziyanın ilkin mühüm nümunəsi sayılan “Töhfət ül-İraqeyn” adlı məsnəvisi ilə o, sənətkarlığının zirvəsinə çatmışdı. Xaqani bu əsərini 1157-ci ildə yazmış, burada səfərlərini, ayrı-ayrı xalqların həyatından topladığı təəssüratları qələmə almışdı. Məsnəvinin xüsusilə “Düşmənləri tənqid”, “Günəşə xitab”, “Qızıla məzəmmət” kimi bölmələri böyük maraq doğurur. Şair burada saflığın, işığın, hərarətin və ucalığın simvolu olan Günəşi dostu kimi qəbul edir, ondan yardım diləyir. “Töhfət-ül-İraqeyn” əsərinin əsas qəhrəmanı şairin özüdür, poema boyunca o düşünür, nələrəsə sevinir, nələrləsə qəzəblənir, nələrləsə fəxr edir.


Dünyaya sığmayan hikmət


Xaqani Şirvaninin çılğın təbiəti, etiraz ruhu qədər kamil sənətkarlığı da çoxlarında narahatlıq yaradırdı. O, Şamaxıda yaşayarkən saray şairlərinin qəzəbinə tuş gəlir. 1170-ci ildə həbs edilərək Şabran qalasına göndərilir, 7 ay davam edən həbsindən sonra azad edilir. Ümumən şair 2 dəfə zindana düşmüşdü. Həbsdə keçirdiyi günləri “Həbsiyyə” adlanan məşhur şeirlərində ifadə etmişdi. 

Doğulduğu torpaqlarda şairin həyatı ağır keçirdi. Həyatının ağrı-acılarını bu misralarında belə dilə gətirmişdir: 


Çox zəhmət çəkdim mən arzu yolunda

Taleyim üzümə gülmədi bir an

Dünyaya sığmayan hikmətim vardı

Ona dar gəlirdi hər iki cahan

Mənə verilənlər olmadı layiq

Layiq olanı da vermədi dövran


Şamaxıda yaşayarkən onun 20 yaşlı oğlu, qızı və həyat yoldaşı bir-birinin ardınca vəfat edir. Daha burada yaşamağın mümkün olmadığını görən şair 1173-cü ildə ailəsinin qalan üzvləri ilə birgə Şirvanı tərk edib Təbrizə gəlir. 1176-cı ildə ikinci dəfə Kəbə ziyarətində olur, oradan Təbrizə qayıdıb burada daimi məskunlaşır, ömrünün sonuna qədər Təbrizdə yaşayır. Şirvanşah hökmdarı Axsitan, Atabəylər hökmdarı Qızıl Arslan və başqaları onu saraylarına dəvət etsələr də, Xaqani bu dəvətlərin heç birini qəbul etmir, müxtəlif bəhanələrlə saraya getməkdən boyun qaçırır. Saraydan üz döndərən şair xalqa arxalanaraq, özünü Xaqani deyil, Xəlqani adlandırır:


İstəmirəm adımı çağırsınlar Xaqani, 

Mən yoxsullar şairi Xəlqaniyəm, Xəlqani...


Şair dərvişi sultandan daha ləyaqətli sayır, qəlbin saflığını, könül toxluğunu, dürüstlüyü, təmiz eşq və məhəbbəti tərənnüm edir. 

O, 1199-cu ildə dünyadan köçür, Təbriz şəhəri yaxınlığındakı Surxab qəbiristanında dəfn olunur. Şairin məzarı bu gün Təbrizin məşhur Məqbərətüş-Şüəra (Şairlər məqbərəsi) adlanan tarixi məkanında yerləşir. 

Maraqlı bir faktı da qeyd edək ki, Xaqani vəfat etdikdən sonra Nizami Gəncəvi ona mərsiyə yazmışdı və bu mərsiyədən bir beyt günümüzə qədər gəlib çatmışdır:


Hey deyirdim ki, mənə mərsiyə Xaqani yazar, 

Heyif, Xaqaniyə mən mərsiyə yazdım axır.


Şərq ədəbiyyatında yeni hadisə 


Xaqani Azərbaycan ədəbiyyatında ən böyük lirik şairlərdəndir. Bir-birindən gözəl qəzəl və rübailəri ilə o, Azərbaycan poeziyasında zəngin ənənələr yaradıb. Xaqani Şirvani yaradıcılığı üçün mürəkkəb və orijinal bədii ifadə tərzi xarakterikdir. Azərbaycan klassikləri arasında, demək olar, yeganə şairdir ki, əruz vəzninin bütün bəhrlərində şeir yazıb.  

Xaqani Şirvaninin zəngin poetik irsi 17 min beytlik lirik şeirlər divanından, “Töhfətül-İraqeyn” poemasından, epistolyar nəsrin maraqlı nümunələri olan 60 məktubdan ibarətdir. Amma bütün bunlar da Xaqani irsinin hamısı deyil. Özünün də dönə-dönə vurğuladığı kimi, şairin yaradıcılığı bütün Şərq ədəbiyyatı üçün yeni hadisə idi. 

Yenilikçilik, yüksək humanizm böyük sənətkar olan Xaqaninin yaradıcılığının əsasını təşkil edir. Misralarının birindən gələn bu fikir onun əbədi həyat amalı idi: “Uşaqlıqdan adətim bu olmuşdur ki, inciyim, ancaq incitməyim”. Buna rəğmən şair şərə qarşı da sərt mübariz idi. O, həmişə insanların haqlarının, həqiqətin, ədalətin tərəfini tuturdu. 

Dünyagörüşü etibarilə Xaqani Şirvani ömrünün müəyyən bir dövründə Ərəstü- İbn Sina fəlsəfəsinə rəğbət bəsləmiş, hikməti-məşşanini qəbul etmiş, lakin sonradan bu düşüncədən uzaqlaşaraq əxilik (islamda sufi təriqətlərindən biridir) mövqeyinə keçmişdir. Onun yaradıcılığındakı humanizm, yunan fəlsəfəsinə tənqidi münasibəti də məhz əxilik dünyagörüşündən irəli gəlirdi. O, sufızmə, məlamiliyə, qələndəriyyəyə rəğbət göstərirdi. 


Fəlsəfi qəsidənin banisi


Tədqiqatçılar Xaqani Şirvanini ədəbiyyatımızda fəlsəfi qəsidənin banisi, ilk və ən güclü məsnəvilərin, incə ruhlu qəzəllərin və müdrik rübailərin, həmçinin mükəmməl mənzum səyahətnamənin yaradıcısı kimi yüksək qiymətləndirirlər. 

Əsərlərinin tədqiqi onun dövrünün əsas elmlərinə necə dərindən bələd olduğunu göstərir. Şair hikmət, nücum, musiqi və s. kimi elmlərə vaqif idi. Əsərlərində bu elmlərə çoxlu istinadlar görürük. Tarixi də yaxşı bilirdi. Qəsidələrindən birində müxtəlif elmləri bilməyi ilə fəxr edərək yazırdı: “O hansı elmdir ki, mən onu bilmirəm? - məni sınamaq istəyirsən, əsərlərimə diqqət et.” Bu fikri, ərəb dilində yazdığı bir əsərində də təkrarlayaraq belə deyir: “Mən elmlə şərafətlənib, onun sayəsində şöhrət tapıram”. 

Xaqani klassik ədəbiyyatın bir çox janrında kamil əsərlər yaratmışdır. Bununla belə onun yaradıcılığında əsas yer tutan janr məhz qəsidə janrıdır. Yaxın və Orta Şərqin İntibah dövrü ədəbiyyatında bu janrın ən görkəmli nümayəndəsi istisnasız olaraq məhz Xaqani sayılır. Firdovsi və Nizaminin poemada, Hafiz və Füzulinin qəzəldə, Ömər Xəyyamın rübaidə nümayiş etdirdiyi misilsiz ustalığı Xaqani də qəsidə janrında eyni dərəcədə nümayiş etdirmişdir. Onun qəsidələri dərin mənası, çoxcəhətli məzmunu, yüksək sənətkarlıq keyfiyyətləri ilə seçilir. Şairin qəsidələri üçün seçdiyi mövzular, onların yazılma məqsədləri, həcm və səviyyələri də fərqlidir. 

Şair xüsusilə “Mədain xərabələri”, “Qəsideyi-şiniyyə” kimi qəsidələri ilə hər cəhətdən söz mülkünün sultanı zirvəsinə çatır, ustadlıq mənziləsinə yüksəlir:  


Görün Xaqaniyə hümmət necə imkan yaratmış ki, 

Bu gün yüz fəlsəfə ustadını saymaz da Xaqani.


O, “Qəsideyi-şiniyyə” əsərini qafiyəli misraları “şin” hərfi ilə bitdiyinə görə məhz bu cür adlandırmışdır. Qəsidədə Xaqani kamil insan problemi və onun həlli yolunu göstərir, eləcə də insan və dünya münasibətlərinə aydınlıq gətirir. Buna şair ona görə müvəffəq ola bilir ki, o özü dərin bilikləri, zəngin həyat təcrübəsi, nəfsi üzərində qələbəsi ilə kamillik məqamına çatmışdı.

“Qəsideyi-şiniyyə” məzmun və ideyaca artıq oyanmış, haqqın və ədalətin nə olduğunu bilən, dünyadan üstün mənəvi ucalığa və kamilliyə çatmış, “peyğəmbəri tanıyan və Tanrını axtaran” bir həqiqət yolçusunun düçüncə, tövsiyə və qənaətidir.


O “əbcəd” ki mənə ustad təlim etdi təcridi,

Saralmış çöhrəmə yazdı qızıl xətlə gözüm qanı.

O gün ki sirri yoxluqdan ibarət əbcədi bildim,

Unutdum varlığa bağlı olan hər bir müəmmanı.


Ədəbiyyatımızda Xaqani ənənələrini davam etdirən ən böyük şairlərdən biri məhz Mirzə Ələkbər Sabirdir. Sabir öz şeirlərində Nizami ənənələrini qorumaqla yanaşı, Xaqaninin üsyankar və mübariz ruhunu da yaşatmağa çalışmış, onun əsərləri və həyatı ilə yaxından maraqlandığını bildirmişdir.

Xaqani əsərlərini fars və ərəb dillərində yazsa da, şeirə gətirdiyi bir sıra yeniliklərinə və ədəbi-bədii xüsusiyyətlərinə görə büsbütün Azərbaycan şairidir. Şairin bədii irsi Azərbaycanda, İranda, Rusiyada, Hindistanda, Pakistanda, bir çox Qərbi Avropa ölkəsində geniş tədqiq olunub və bu gün də tədqiqatçıların maraq dairəsindədir. Xaqaninin poetik əsərlərinin müəyyən hissəsini Azərbaycan dilinə Məmməd Rahim, Əliağa Vahid, Məmmədmübariz Əlizadə tərcümə ediblər.

Əfzələddin Xaqani Şirvani xalqımızın və bəşəriyyətin böyük bir dəyəridir. Bu dəyər daim uca tutulmalı, gələcək nəsillərə düzgün təqdim olunmalıdır. Belə şəxsiyyətlərimizi uca tutduqca xalq olaraq əzəmətimiz daha aydın görünəcək. 


İradə ƏLİYEVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl və gümüşün bahalaşması davam edir

10:19
03 Mart

Azərbaycan neftinin qiyməti 80 dollara yaxınlaşır

10:15
03 Mart

Şanxay Əməkdaşlıq Təşkilatı BMT-ni beynəlxalq sülhün pozulmasına qarşı təcili tədbirlər görməyə çağırıb  

10:15
03 Mart

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında iştirak edir YENİLƏNƏCƏK

10:08
03 Mart

FHN Od çərşənbəsi ilə əlaqədar əhaliyə müraciət edib

09:56
03 Mart

Rəcəb Tayyib Ərdoğan: Türkiyə bölgədə davamlı sülhün tərəfdarıdır

09:34
03 Mart

Yaxın Şərqdə gərginlik fonunda Avropada qaz qiymətləri 50 faizdən çox artıb

09:33
03 Mart

Serbiyanın İrandakı səfiri və səfirlik əməkdaşları Azərbaycan vasitəsilə təxliyə olunublar

09:31
03 Mart

COVID və qripə qarşı birgə peyvənd təsdiq olunub

09:20
03 Mart

QƏZƏLLƏR

09:17
03 Mart

ABŞ vətəndaşlarını 10-dan çox ölkəni dərhal tərk etməyə çağırıb

09:15
03 Mart

Poeziyanın intibah günəşi

09:15
03 Mart

Bakı - tarixlə gələcəyin görüşdüyü məkan

09:10
03 Mart

Od çərşənbəsi işıq, yenilənmə, güc, birlik və yüksəliş rəmzidir

09:05
03 Mart

"Azərbaycan-İtaliya biznes və investisiya əlaqələri" mövzusunda tədbir keçirilib

09:00
03 Mart

İlin ilk ayında sənayenin qeyri-neft-qaz sektorunda 8,7 faiz artım qeydə alınıb

08:55
03 Mart

BP və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər

08:50
03 Mart

Azərbaycan-Efiopiya: başlanan əməkdaşlıq geniş tərəfdaşlığa yol açır

08:45
03 Mart

Qars-İğdır-Naxçıvan dəmir yolu Zəngəzur dəhlizinin funksionallığını gücləndirəcək

08:40
03 Mart

Bolqarıstan-Azərbaycan tərəfdaşlığı strateji zirvəyə yüksəlib

08:35
03 Mart

Uşaqların rəqəmsal mühitdə qorunması ilə bağlı hüquqi aktlar qəbul olunacaq

08:30
03 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!