Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə regionda yeni inkişaf və əməkdaşlıq mərhələsinin əsasını qoydu. Bu istiqamətdə xüsusilə Türkiyə ilə Azərbaycanın strateji tərəfdaşlığı regionun geosiyasi xəritəsini dəyişən, Avrasiya məkanında yeni iqtisadi və nəqliyyat reallıqları yaradan konkret layihələrlə möhkəmlənir.
Belə layihələrdən biri də Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsidir. Bu dəmir yolu həm iqtisadi, həm də geosiyasi əlaqələr baxımından olduqca əhəmiyyətlidir. Layihə yerli sahibkarların ixrac imkanlarını artırmaqla yanaşı, kənd təsərrüfatı məhsulları üçün yeni bazarlar açacaq, həmçinin logistik mərkəzlərin yaradılmasında da zəmin rolu oynayacaq. Bu layihənin turizmin inkişafına da böyük təsiri olacaq. Ən əsası isə Qars-İğdır-Naxçıvan dəmir yolu bölgədə davamlı sülh və təhlükəsiz mühitə zəmin yaradacaq.
223,9 kilometrlik Qars-İğdır-Naxçıvan dəmir yolu ilə qatarların sürəti saatda 150-160 kilometr olacaq. Layihə çərçivəsində uzunluğu 638 metr olan 10 körpü, 5 tunel, 18 kilometr uzunluğunda 465 suötürücü, ümumilikdə 5,5 kilometr uzunluğunda 144 yeraltı keçid, 20 yerüstü keçid inşa ediləcək. Xətt boyunca Diqor, Tuzluca, İğdır, Aralıq və Dilucu stansiyalarının yaradılması nəzərdə tutulur. Elektrik təchizatı üçün 6 böyük transformator məntəqəsi qurulacaq. İldə 5,5 milyon sərnişin və 15 milyon ton yük daşınması planlaşdırılır. Layihənin 5 il müddətində, təxminən 2029-cu ildə başa çatdırılması nəzərdə tutulsa da, iki qardaş ölkə işləri sürətləndirərək bu nəhəng kommunikasiya xəttini daha tez istifadəyə verməyə çalışır. Qars-İğdır-Naxçıvan xəttinin əsas üstünlüklərindən biri onun Bakı-Tbilisi-Qars dəmir yolu ilə inteqrasiyasıdır. Bu inteqrasiya nəticəsində Qars ilə Bakı arasında iki alternativ dəmir yolu marşrutu formalaşacaq.
Bu layihə reallaşdıqdan sonra Türkiyə ilə Azərbaycan arasında fasiləsiz dəmir yolu əlaqəsi qurulacaq. Bu həm də türk dünyası ilə əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Lakin Qars-İğdır-Naxçıvan dəmir yolunun rolu, sadəcə, Türkiyə ilə Azərbaycanı birləşdirməkdən ibarət deyil. Bu xətt gələcəkdə Avropa ilə Asiyanı birləşdirən əsas beynəlxalq nəqliyyat və ticarət arteriyalarından birinə çevrilə bilər. Beləliklə, region qlobal yükdaşımalar sistemində daha aktiv mövqe tutacaq və Orta Dəhlizin əhəmiyyəti daha da artacaq.
Qars-İğdır-Naxçıvan xətti Naxçıvan Muxtar Respublikası üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycandan gələn yüklər Qarsdan Naxçıvana yönləndirilə biləcək, Naxçıvanla Bakı arasında yükdaşımalar ucuzlaşacaq, Naxçıvandan Bakıya sərnişin daşınması asanlaşacaq, ticarət və turizm canlanacaq. Həmçinin Gürcüstan marşrutunda mümkün problemlər alternativ xətt vasitəsilə kompensasiya ediləcək. Bu xətlər bir-birini tamamlayır və Orta dəhlizin dayanıqlığını artırmaq gücündədir.
Bu dəmir yolunun açılması Zəngəzur dəhlizinin (TRIPP) funksionallığını gücləndirəcək, Cənubi Qafqazda iqtisadi əməkdaşlıq üçün yeni mərhələ yaradacaq. Dəhliz tam fəaliyyətə başladıqdan sonra Qafqaz regionunda, xüsusilə sərhəd bölgələrində yerləşən ərazilərin nəqliyyat və enerji infrastrukturu daha sürətlə inkişaf edəcək. Bu isə həmin ərazilərin iqtisadi baxımdan möhkəmlənməsinə, investisiya imkanlarının artmasına və yeni iş yerlərinin açılmasına səbəb olacaq.
Dəmir yolu həmişə inkişafın simvolu olub. Bu gün Qars-İğdır-Naxçıvan layihəsinin Orta dəhlizə inteqrasiyası Azərbaycanın tranzit gəlirlərini artıracaq. Eyni zamanda bu xətt Türk Dövlətləri Təşkilatına üzv ölkələrin də iqtisadi əlaqələrinə müsbət təsir göstərəcək. Qars-İğdır-Naxçıvan dəmir yolu Avropa ilə Asiyanı birləşdirən yeni iqtisadi körpü, regionda sabitlik və əməkdaşlıq üçün strateji platformadır. Azərbaycanın Qarabağ zəfərindən sonra formalaşan yeni reallıqlar əsnasında bu layihə uzaqgörən siyasi qərarın və regional inteqrasiyanın real təcəssümüdür.
Təhminə VERDİYEVA,
"Azərbaycan"